Ukrayna xüsusi xidmət orqanları "Hörümçək toru" kod adı altında həyata keçirdiyi əməliyyat nəticəsində Rusiyaya məxsus 40-dan çox strateji təyyarəni sıradan çıxarıb, onlardan 10-13 ədədi isə tamamilə məhv edilib.
Milli.Az xəbər verir ki, bu barədə DW NATO-nun yüksək vəzifəli nümayəndəsinə istinadla yazır.
Onun sözlərinə görə, sıradan çıxarılan və ya məhv edilən hava gəmiləri arasında 15 ədəd strateji bombardmançı Tu-95, 12 ədəd Tu-22M3 və ən azı bir ədəd uzaqmənzilli radiolokasiya təyyarəsi A-50 də var. Qeyd edilir ki, Rusiya ordusunun sərəncamında ümumilikdə cəmi beş A-50 təyyarəsi var.
Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2023-cü ilin əvvəlinə olan statistikaya əsasən, Rusiyanın 130 ədəd strateji təyyarəsi mövcud idi: 60 ədəd Tu-22M3 (uçuş məsafəsi - 6 500 km), 15 ədəd Tu-160 və 55 ədəd Tu-95 (hər ikisi - 10 000 km-ə qədər). Beləliklə, "Hörümçək toru" əməliyyatı Rusiyanın qanadlı raket daşıyan strateji təyyarələrinin 30%-dən çoxunu sıradan çıxarıb. NATO bu təyyarələri Rusiyanın Ukraynaya qarşı hücumlarında "işçi at" adlandırır.
NATO rəsmisi 4 iyun tarixində Brüsseldə keçirilmiş brifinqdə deyib:
"Bu, mülki əhaliyə qarşı aparılan müharibədə fəal şəkildə istifadə edilən obyektlərə endirilmiş zərbədir. Məhz bu təyyarələr müharibənin əvvəlindən bəri Ukraynanın infrastrukturuna və yaşayış məhəllələrinə qarşı 3 000-dən çox qanadlı raket buraxıblar".
"The Wall Street Journal" və "Financial Times" nəşrlərinin Ukrayna kəşfiyyatındakı mənbələrə istinadla verdiyi məlumata görə, "Hörümçək toru" əməliyyatının hazırlanması bir ildən çox çəkib. Əvvəlcə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) kiçik kvadrokopterləri gizli yollarla Rusiyaya keçirib. Sonradan həmin dronlar xüsusi taxta konteynerlərə yerləşdirilərək qeyri-qanuni kanallar vasitəsilə ön xəttə çatdırılıb.
Əməliyyat başlamazdan əvvəl bu konteynerlər yük maşınlarına yüklənərək Rusiya aerodromlarına yaxın ərazilərə gətirilib. Zərbə anında konteynerlərin qapaqları uzaqdan idarəetmə ilə açılıb və dronlar havaya qalxaraq hərbi hədəflərə hücum ediblər.
1 iyun tarixində həyata keçirilmiş "Hörümçək toru" əməliyyatı, Ukraynanın tammiqyaslı müharibə başlayandan bəri Rusiya ərazisində keçirdiyi ən böyük hərbi aksiyalardan biri hesab olunur. Zərbələr bir anda dörd regionda yerləşən aviabazalara - Murmansk, İrkutsk, Ryazan və İvanovo vilayətlərinə endirilib.
Ukrayna tərəfi əməliyyat nəticəsində Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus 41 təyyarənin sıradan çıxarıldığını bəyan etmişdi. Bu məlumat sonradan NATO-nun yüksək vəzifəli nümayəndəsi tərəfindən "The Moscow Times"a təsdiqlənib. O, həmçinin bildirib ki, Alyans Kreml tərəfindən cavab tədbirlərinin olacağını gözləyir. Əməliyyat Rusiyanın strateji imkanlarına ciddi zərbə vurub və böyük ehtimalla Vladimir Putin buna cavab verməyə çalışacaq./Qaynarinfo
Milli.Az