Ukrayna Prezidenti Volodimir Zelenski və həyat yoldaşı Yelena Zelenska bazar günü Müqəddəs Pyotr Meydanında keçirilən ayinə qatıldılar və daha sonra yeni Papa Leo XIV ilə xüsusi görüş keçiriblər. Bu, yeni seçilmiş pontifikin Rusiya ilə müharibəni bitirmək arzusunu ifadə etməsindən bir neçə gün sonraya təsadüf edirdi.
Papa Leo XIV bildirib ki, Vatikan Ukrayna və Rusiya arasında danışıqlara ev sahibliyi etməyə hazırdır və sülhün bərqərar olması üçün əlindən gələni edəcək. "Müqəddəs Taxt-Tac hər zaman düşmənlərin bir araya gələrək üz-üzə danışması üçün yardım etməyə hazırdır," - deyə Papa vurğulayıb. Vatikanın Dövlət Katibi Kardinal Pietro Parolin isə bu təklifi "mövcud məkan imkanı" kimi xarakterizə edib və Vatikanın sülh danışıqları üçün "uyğun yer" olduğunu bildirib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bazar günü Müqəddəs Pyotr Bazilikasında keçirilən ayin zamanı, Papa Leo dünyanın müxtəlif yerlərində müharibələr səbəbilə əziyyət çəkən insanlardan danışaraq qətiyyətli çıxış edib.
"İşgəncə görmüş Ukrayna ədalətli və davamlı sülh danışıqlarını gözləyir," - deyə Leo çıxışının sonunda bildirib. Bu, sələfi Papa Fransiskin daha öncə istifadə etdiyi ifadələrlə səsləşir.
Zelenski sosial şəbəkə paylaşımında Papa Leo XIV-in "xüsusi sözlərinə" görə təşəkkür edib və qeyd edib ki, "hər bir xalq sülh və təhlükəsizlik içində yaşamağa layiqdir". O, Leo ilə görüşdən sonra Vatikana "Ukrayna ilə Rusiya arasında birbaşa danışıqlar üçün platforma təqdim etməyə hazır olduqları üçün" təşəkkürünü bildirib.
"Vatikan, səsi və nüfuzu sayəsində müharibənin dayandırılmasında vacib rol oynaya bilər," - deyə Zelenski qeyd edib.
ABŞ-nin dövlət katibi Marko Rubio da Vatikanda sülh danışıqlarının keçirilə biləcəyini desə də, hələlik nə Rusiya, nə də Ukrayna Papa Leo XIV-ün təklifinə rəsmi cavab verib.
Bazar günü keçirilən rəsmi ayində Marko Rubio və ABŞ-ın vitse-prezidenti JD Vans da iştirak ediblər. Prezident Zelenski, tədbirə gələn Vans ilə əl sıxaraq salamlaşıb.
Lalə Qüdrətova
Milli.Az