Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenskinin 9 May Qələbə Günü münasibətilə Moskvada keçiriləcək paradda iştirak etməyi planlaşdıran dünya liderləri ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Milli.Az bu barədə yerli mətbuata istinadən xəbər verir.
Zaxarova bildirib ki, Zelenskinin bəyanatı "klassik beynəlxalq terror təhlükəsi ilə bağlı xəbərdarlıq" kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, Ukrayna lideri yalnız dünya liderlərinin deyil, paradda iştirak edəcək veteranların təhlükəsizliyini də sual altına alıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də məsələyə münasibət bildirərək Zelenskinin Moskvada iştirak edəcək xarici nümayəndələrin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini xatırladıb:
"Əgər Qələbə Günü təxribat baş versə, mayın 10-da Kiyevin vəziyyəti çox fərqli ola bilər", - deyə o qeyd edib.
Zelenski isə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Ukrayna yalnız hərbi hədəfləri vurur və mülki şəxsləri məqsəd seçmir. Lakin onun sözlərinə görə, Rusiya ərazisində keçirilən hərbi tədbirlər zamanı təhlükəsizlik təminatı verilməsi mümkün deyil.
Kənan
Milli.Az