Avropa İttifaqı (Aİ) liderləri martın 6-da Brüsseldə Ukrayna və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün fövqəladə sammit keçirəcək.
Milli.Az xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antonio Kosta açıqlama verib.
Kosta bildirib ki, bu günlər Avropa və Ukraynanın təhlükəsizliyi üçün həlledici günlərdir:
"Avropanın müdafiəsini gücləndirmək və qitəmizdə sülhü təmin etmək üçün liderlərimiz qətiyyətlidir. Ukraynanın uzunmüddətli təhlükəsizliyinə töhfə vermək məqsədilə Aİ Komissiyasının sədri Ursula fon der Leyen və üzv dövlətlərlə sıx əməkdaşlıq edəcəyik".
Martın 6-da keçiriləcək fövqəladə sammitdə bu məsələlərin daha geniş şəkildə müzakirə olunması və konkret qərarların qəbul edilməsi gözlənilir.
Qeyd edək ki, fevralın 17-də Yelisey sarayında da sammit keçirilmişdi. Toplantıda AB ölkələrinin liderləri ilə yanaşı, Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya, Polşa, Danimarka və Hollandiya nümayəndələri, həmçinin NATO-nun baş katibi Mark Rutte iştirak edib.Sammitin sonunda liderlər Ukraynaya təhlükəsizlik zəmanəti verməyə və Avropanın müdafiə qabiliyyətini gücləndirməyə hazır olduqlarını bildiriblər.
Fidan
Milli.Az