Dünya

ABŞ analitiki: Bakının təzyiqlərə meydan oxuması...

30 Yanvar 2024 21:16
Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş verənlər çox əlamətdardır. Çünki Azərbaycan kimi Qərbə meydan oxumaq üçün böyük siyasi iradə tələb olunur. Buna görə də bu addım çoxqütblü dünyanın bütün səmimi tərəfdarları tərəfindən tərifəlayiqdir və onlar Azərbaycanın BRİKS-ə üzvlüyünü təşviq etməlidirlər.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a AŞPA-nın Azərbaycan əleyhinə atdığı son addımlar barədə danışan amerikalı siyasi ekspert Endryu Koribko deyib.

Analitik Qərbin erməni diasporunun təsiri altında yanlış addımlar atdığını qeyd edib:

"Azərbaycan nümayəndə heyəti AŞPA-nın qəbul etdiyi düşmənçilik xarakterli qətnamədən sonra bəyanat yayıb və rəsmi Bakının qeyri-müəyyən müddətə qurumla əlaqəni dayandırdığını açıqlayıb. Qurum Azərbaycanı əsassız şəkildə "etnik təmizləmə", siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar və şovinizmdə ittiham edib. Bakının Qərblə əlaqələri öz torpaqlarını işğaldan azad etdikdən və ən son ötən ilin sentyabr ayında həyata keçirdiyi uğurlu lokal antiterror əməliyyatından sonra böhran mərhələsini daxil olub. Orada mövcud olan güclü erməni diasporu dərhal özünün bütün təsir imkanlarından istifadə edərək, Qərb siyasətçilərini Azərbaycanı dəstəkləmənin Cənubi Qafqazda balansı pozduğuna inandırdı. Bu, Amerika və Avropa rəsmilərinin təxribat xarakterli bəyanatları, ötən ilin noyabrında Vaşinqtonun qismən maliyyələşdirdiyi əməliyyat çərçivəsində Azərbaycana qarşı gedən informasiya müharibəsi, Dövlət Departamentinin ölkəni 2023-cü ildə dini etiqad azadlığı üzrə "xüsusi izləmə siyahısı"na daxil etməsi və AŞPA-nın son qətnaməsi şəklində özünü göstərdi. Bütün bunlarla birlikdə Ermənistan milli təhlükəsizlik siyasətində NATO-ya üstünlük verməyə və Rusiya ilə əlaqələrini gərginləşdirməyə başladı. İrəvan eyni zamanda Dehlinin icazəsi olmadan Vaşinqtonun göstərişi ilə Hindistandan aldığı sursatları Ukraynaya göndərdi".

Koribko münasibətlərin gərginləşməsi fonunda BRİKS-lə yaxınlaşmanın Azərbaycanın milli maraqlarına uyğun olduğunu bildirib:

"Bu müddət ərzində isə Azərbaycan Rusiya ilə olan münasibətlərini hərtərəfli şəkildə gücləndirdi, Şimali İrandan keçəcək yeni dəhlizdə təşəbbüsü ələ aldı və Orta Dəhlizin mərkəzində əvəzolunmaz tranzit ölkə rolu ilə Çin-Türkiyə-Avropa xətti üzərində çoxqütblü imkanlarını daha da gücləndirdi. Fikrimcə, erməni lobbisinin zərərli cəhdlərinin təsiri altında olan Qərbin birtərəfli düşmənçiliyi səbəbindən və münasibətlər pisləşdiyi üçün Azərbaycan tezliklə BRİKS-ə üzvlük məsələsini nəzərdən keçirə bilər. Qərbin düşünülməmiş addımları nəticəsində Rusiya, Çin və İranın geoiqtisadi səviyyədə, xüsusən də yuxarıda qeyd olunan Orta Dəhliz (2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın təşəbbüsü ilə yaradılıb -red.) və Şimal-Cənub Nəqliyyat Dəhlizinin reallaşdırılması planı asanlaşdı. Bunlarla əlaqədar prosesləri daha yaxşı əlaqələndirmək məqsədilə BRİKS-ə üzvlüyün və ya tərəfdaş statusunun Azərbaycanın Avrasiyanın meqalayihələrinin kəsişməsindəki strateji mövqeyinin nəzərə alınması ilə nəzərdən keçirilməsi Bakının milli maraqlarına xidmət edir".

Ekspert Azərbaycan əleyhinə fəaliyyət göstərən bir çox yeni media nümayəndəsinin əsl məqsədi gizlətmək üçün maskalandığını deyib:

"Qlobal Alternativ Medianın (Alt-Media Community) bəzi üzvləri bu yaxınlarda həll edilmiş Qarabağ münaqişəsinə görə Azərbaycana nifrət edirlər. Onlar AŞPA ilə əlaqəni dayandırmaq qərarının təməlində dayanan suverenliyi və özünə hörməti etiraf etmək əvəzinə, buna göz yumurlar. Çünki bu, onların Azərbaycanla bağlı haqsız iddiaları ilə ziddiyyət təşkil edir.

Müşahidəçilər bu köhnə münaqişə ilə bağlı izləyicilərini mütəmadi olaraq yanıldan sözügedən media üzvlərinin dediklərinə diqqət yetirməlidir, çünki onlar analitik kimi maskalanan "aktivistlər"dir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.