Dünya

Nensi Pelosinin Tayvan ziyarəti - təxribata getməyən Çin

3 Avqust 2022 17:16
Baxış: 603

Ərazi bütövlüyü, suverenlik və beynəlxalq hüququn qorunması günümüzün əsas mövzularındandır. ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin avqustun 2-də Tayvana (Tayvan Çin Respublikası) səfər etməsi isə bu məsələlərin aktuallığını yenidən gündəmə gətirib. Onun səfəri ilə beynəlxalq siyasi arenada gərginlik bir az da artıb. Dünyanın iqtisadi, hərbi və texnoloji baxımdan iki nəhəngi arasında baş verə biləcəyi ehtimal olunan qarşıdurmanın başqa ölkələrin həyatına təsirsiz ötüşməyəcəyi istisna edilmir. Odur ki Nensi Pelosinin səfərinin nəticələri, Çinin atacağı cavab addımları bütün dövlətlər üçün əhəmiyyətli sayıla bilər.

Milli.Az report-a istinadla bildirir ki, ABŞ, Rusiya və Çin Vyetnam və Əfqanıstan hadisələrindən sonra dünyada baş verən bir sıra hadisələrdə açıq-aşkar üz-üzə gəlməməyə çalışıblar. Ancaq Ukrayna hadisəsi Rusiyanın arxa planda qalmaq cəhdini puça çıxardı. ABŞ isə bu hadisədə hərbi-texniki yardımları ilə iştirak etdiyini gizlətmir.

Tayvan məsələsi də İkinci Dünya müharibəsindən sonra həllini gözləyən münaqişəli məsələlərdəndir. 1895-ci ildən Yaponiyaya məxsus olmuş Tayvan və Penxu adalarının 1949-cu ildən Çinin tabeliyinə verildiyi elan olunub. Çində baş verən vətəndaş müharibəsindən sonra ada özünü müstəqil elan edib. Tayvan əhalisinin 97 faizinin çinli (xaan), 3 faizinin isə yerli avstroneziy dil ailəsinə aid olduğu bildirilib. Tanınmayan Tayvanın rəsmi dili çincədir. 2021-ci ilədək onun müstəqilliyini 14 dövlət - Beliz, Qvatemala, Haiti, Honduras, Marşall Adaları, Nauru, Palau, Paraqvay, Sent-Kits və Nevis, Sent-Luis, Sent-Vinsent və Qrenadina, Esvatini, Tuvalu və Müqəddəs Taxt adlı dövlətlər tanıyıb.

Çinlə Tayvan diplomatik münasibətlərini iqtisadi və mədəni nümayəndəlikləri vasitəsilə həyata keçirirlər. Tayvan 2004-cü ildə üzv olmaq üçün BMT-yə 12-ci dəfə müraciət, Çin Xalq Məclisi isə 2005-ci il martın 14-də ölkənin ərazi bütövlüyünün qorunması haqqında qanun qəbul edib. Tayvanla Çin arasında üç böhran, münaqişə olub. 1954-cü ildə ilboyu davam edən bu hadisə zamanı Çin ordusu Tszinmen adasını atəşə tutub. Tayvanla müttəfiq olan ABŞ Çinin nüvə silahı tətbiq edib-etməməsinə dair məsələni araşdırmağa başladı. 1955-ci ilin fevralında ABŞ Çini ələ keçirdiyi Daçen adasından çıxarmağa nail oldu. Bu böhranda keçmiş SSRİ-nin də iştirak etdiyinə dair məlumatlar var. Stalinin Tayvana qarşı irimiqyaslı hərbi əməliyyatın keçirilməsinə tərəfsiz qalmağa üstünlük verdiyi deyilir. Tayvanın o vaxtkı lideri Çan Kayşi isə özünü Stalin tərəfindən aldadılmış sayıb. Tərəfsiz qaldığı elan olunsa da, 1950-ci illərdə SSRİ Çinə, Şanxaya 115 hərbi təyyarə, 3 400 Hərbi Hava Qüvvələri üzrə hərbi mütəxəssis göndərib. İkinci münaqişə 1958-ci il avqustun 23-də başlayıb. Onda Çin və Tayvan arasında boğazdakı Tszinmen və Matszu adaları uğrunda qarşılıqlı artilleriya atəşi açılıb. Sonra tərəflər arasında hava döyüşü olub. Üçüncü böhran isə 1995-1996-cı illərdə başlayıb. Bunun səbəblərindən biri Tayvanda prezident seçkisinin keçirilməsi olub. Onda da ABŞ qismən tanınan bu dövləti müdafiə edib.

1954-cü ildə SSRİ-nin adı Tayvan məsələsi ilə bağlı başqa bir hadisədə də hallanıb. Sovetin "Tuapse" adlı kerosin dolu tankeri Tayvan boğazından keçərkən ada hakimiyyəti tərəfindən saxlanılıb. Tankerdə 49 nəfər olub. Deyilənə görə, onlar SSRİ-yə qaytımaqdan imtina etməyə məcbur ediliblər. 13 aydan sonra heyətin 29 üzvü bu tələbi yerinə yetirməkdən qəti olaraq imtina etdikləri üçün sərbəst buraxılıb. Qalan 20 nəfər isə müxtəlif şərtlər daxilində razılaşıblar. 1958-ci ildə onların bir neçəsi SSRİ-yə qayıtdıqdan sonra 8 il azadlıqdan məhrum olunublar, 3-ü isə 34 il qürbətdə yaşadıqdan sonra 1988-ci ildə qayıdb. 1994-cü ildə isə "Tuapse" Rusiyaya verilib, 4 matros Tayvanda qalıb, onlardan biri, Lopotyuk soyadlı matros "vətəndaşlığı" qəbul edib. Biri qocalaraq ölüb, digəri isə intihar edib.

Əslində, Nensi Pelosinin səfəri dördüncü böhrana yol aça bilərdi. Hadisənin iştirakçıları dəyişməyib. Bir tərəfdə Tayvanın müstəqilliyini tanımayan, ancaq onu bütün sahələrdə müdafiə edən ABŞ, digər tərəfdə isə Çin durub. Palata sədrinin səfərini Rusiyann xarici işlər naziri Sergey Lavrov və Dəməşqdəki rejimin başçısı Bəşşar Əsəd pisləyib. Avropa İttifaqı Pelosinin səfərinə hələ ki münasibət bildirməsə də, Tayvana qarşı hərbi əməliyyatlar keçirəcəyi halda Çinə sanksiya tətbiqinə dair açıqlama verib.

Yeri gəlmişkən, Nensi xanımın Çinə ilk səfəri deyil. 35 ildir konqres üzvü olan Pelosi Çini insan hüquqlarını pozmaqda davamlı olaraq ittiham edir. O, 1991-ci ildə Pekinə səfəri zamanı 1989-cu ildə baş vermiş hadisələrin qurbanlarının xatirəsini anmaq üçün Tyananmen meydanını ziyarət etmişdi. Ağ Ev Pelosinin səfərinə aidiyyəti olmadığını, vahid Çini müdafiə etdiyini birldirib. Çin isə ikinci böhranda olduğu kimi, Tayvan istiqamətində atəş açır, adanın yaxınlığına 30 hərbi təyyarə göndərib. Ada yaxınlığında yeni təlimlər keçirməyə hazırlaşır. Pelosi avqustun 3-də adanı tərk edib. Ancaq problem qalıb. Palata sədri bildirib ki, o, bu səfəri ilə bütün dünyaya problemləri demokratik yolla həll etməyin mümkünlüyünü çatdırmaq istəyir. O, səfər zamanı üç əsas məsələni qabardıb: təhlükəsizlik, rifah və idarəetmə. ABŞ-ın hakimiyyət irerarxiyasında prezident və vitse-prezidentdən sonra üçüncü şəxs olan Nensi Pelosinin səfərinin nə kimi ismarışları ola bilər? ABŞ region dövlətlərinə müttəfiqlərini dəstəklədiyini, bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini çatdırır.

Honkonq tabeliyinə keçdikdən sonra rəsmi Pekinin azadlıq və demokratiya ilə bağlı verdiyi vədlərin bir çoxuna əməl etmədiyi iddia olunur. Ehtimal etmək olar ki, Qərb, o cümlədən ABŞ Tayvanla bağlı oxşar yanlışlığa yol vermək istəmədiyini bildirir. Başqa sözlə, bu səfərlə Çinə Tayvanı öz tərkibinə yalnız demokratik yolla qata biləcəyi ismarışı verilir. Çünki bütün çıxışlarda Çinin Tayvana hərbi müdaxiləsinin yolverilməz olduğu bildirilir. ABŞ bu ziyarətlə yeni qütb yaratmaq istəyənlərə və ya bu iddiada olanlara da xəbərdarlıq edir. Dünyada diktatura və totalitar rejimlərin axırının olmayacağına dair ismarış verilir. Vaşinqton bu səfərlə hələ də tək güc olduğunu nümayiş etdirir. Onunla müharibə daha çox rəsmi Pekinə sərfəli sayılmır. Çünki 33 il öncə Tyananmendəki hadisələr sübut edib ki, ölkədəki kommunistlərin hakimiyyətindən xalq heç də birmənalı şəkildə razı deyil. Bundan başqa, beynəlxalq ictimaiyyət həmin hadisələrə görə rəsmi Pekinə qarşı kəskin sanksiya tətbiq etməyib.

Bu ziyarət rəsmi Pekinin dünyanın başqa bölgələrindəki münaqişələrə müdaxiləsinin qarşısını almaq üçün də bir siqnal idi. Tayvan məsələsi Çinin bir dövlət olaraq mövcudluğunun göstəricisidir. Tayvanın müstəqilliyinin güclər tərəfindən tanınması ÇXR parçalanması üçün domino effekti ola bilər. Çünki Tibet, Daxili Monqolustan və Sincan Uyğur muxtar bölgələri də 70 ildən artıqdır müstəqillik uğrunda mübarizə aparır. Nensi Pelosinin səfəri həm də Çinin Qərbin regionda müdafiə etdiyi Tayvanla müharibəyə hazırlığının vəziyyətini yoxlamaq üçün lakmus sayıla bilər. Bu hadisə sübut edir ki, rəsmi Pekin Qərb ittifaqına qarşı müharibə etmək gücündə deyil. Tayvan olayı Çin hakimiyyətinin əsəblərini də yoxladı. Rəsmi Pekin hikkəsini və nifrətini adaya doğru atışlar etməklə yatırır, yeni hərbi təlimlər keçirir. O həm də bununla Tayvana və regionda ona qarşı olanlara güc göstərir.

Ukrayna ilə Tayvan məsələsi eyni olmasa da, bəzi oxşarlıqlar var. İlk növbədə, burada qarşıdurmada iştirak edənlər eyni etnik qrupun təmsilçiləridir. Ukrayna məsələsində Rusiya müharibəyə təhrik edilsə də, Nensi Pelosinin səfəri ilə bağlı Pekin dözüm göstərə bilir.

Bir haşiyə. SSRİ-də yenidənqurmadan ən çox nəticəni ÇXR çıxardı. Nəticədə ölkə parçalanmaqdan xilas oldu. Ehtimal etmək olar ki, rəsmi Pekin Rusiyanın Ukraynadakı müharibəsindən də bir sıra nəticələri çıxarıb...

Beləliklə, xanım Pelosinn ziyarəti dördüncü Tayvan böhranını yaratmadı. Ancaq çox ciddi dərslər verdi. Bir daha ərazi bütövlüyü, suverenlik, beynəlxalq hüquqla yanaşı, demokratik dəyərlərin də üstün olduğu təsdiqləndi.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics