UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında Portuqaliyanın "Sportinq" klubu Norveç təmsilçisi "Budyo-Qlimt" üzərində inamlı qələbə qazanaraq adını 1/4 finala yazdırıb.
Milli.Az xəbər verir ki, Lissabonda keçirilən matçda meydan sahibləri rəqib qapısından 5 cavabsız top keçiriblər (5:0).
İlk oyunda səfərdə 0:3 hesabı ilə məğlub olan portuqallar öz azarkeşləri önündə bu hesabı nəinki kompensasiya edib, həm də ümumi hesabda (5:3) üstünlük qazanaraq növbəti mərhələyə yüksəlməyi bacarıblar.
Matçın gedişatında "Sportinq"in heyətində Qonsalo İnasio, Pote Qonsalves və Maksi Araujo kimi futbolçular fərqləniblər. Xüsusilə ikinci hissədə artırılan təzyiq norveçlilərin müdafiə səddini tamamilə dağıdıb. Bu nəticə ilə "Budyo-Qlimt"in cari mövsümdəki nağılvari gedişi başa çatıb.
Xatırladaq ki, "Budyo-Qlimt" bu mərhələyə qədər Avropanın bir neçə nəhəngini turnirdən kənarlaşdıraraq əsl sensasiyaya imza atmışdı. Norveç klubu pley-off mərhələsində İtaliya nəhəngi və ÇL-in son finalçısı "İnter"i (ümumi hesab: 5:2) mübarizədən kənarlaşdırmış, liqa mərhələsində isə "Mançester Siti" və "Atletiko Madrid" üzərində qazandığı qələbələrlə gündəmə gəlmişdi.
Milli.Az





