Dünya

Dünyanı qarışdıran amerikalı qadın - Nensi Pelosi kimdir?

3 Avqust 2022 18:04
0 Şərh     Baxış: 969

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri dünyanı həyəcanlandırıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu səfər 25 ildir ki, ABŞ-ın regionda ən yüksək səviyyəli təması olub, Çin isə buna çox kəskin reaksiya verib.

Bəs bu səfəri edən və vitse-prezidentdən sonra protokolda 3-cü şəxs olan Nensi Pelosi kimdir?

Rusiya-Ukrayna müharibəsi, epidemiya, tədarük böhranı, inflyasiya, yüksək enerji qiymətləri az imiş kimi, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi dünyanın fərqli bir sinir ucuna toxunaraq Tayvana səfər edib. Dünən canlı yayımda Çinin tanımadığı bu bölgəyə gedən Pelosinin təyyarəsinin səyahətini 300 mindən çox insan izlədiyi üçün "Flight Radar" adlı internet saytı çöküb. Pelosinin təyyarəsi müasir dövrün ən çox izlənən təyyarəsi olub.

Tayvanda fövqəladə təhlükəsizlik tədbirləri ilə qarşılanan ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri "Dünya avtokratiya və demokratiya arasında seçim qarşısında qaldığı bir vaxtda Birləşmiş Ştatların 23 milyon Tayvanlı ilə həmrəyliyi bu gün hər zamankindən daha vacibdir", - deyə bildirib.

82 yaşlı Pelosinin aprel ayında Tayvana planlaşdırılan səfəri Covid-19-a yoluxması səbəbiylə ləğv edilmişdi. Pelosi son 25 ildə adaya səfər edən ABŞ Nümayəndələr Palatasının ilk sədri olub. 1997-ci ilin əvvəlində Nyut Qinqriç bu missiyada olarkən Tayvana səfər etmişdi. Qeyd edək ki, Pelosi həmçinin ötən ilin aprelində Kiyevdə idi.

Tarixi əlaqələrə görə Çin Tayvanı öz ərazisi hesab edir və oradakı hökuməti tanımır. Türkiyə Tayvanı rəsmi ölkə kimi görməsə də, dünyada 59 ölkə Tayvanı tanıyır və bir çoxunun diplomatik əlaqələri var. Tayvanı ilk dəfə Qvatemala 1933-cü ildə tanıyıb.

Bəs bütün dünyanın danışdığı qadın, Nensi Pelosi kimdir?

Yaşı 80-dən yuxarı olan siyasətçi niyə məhz indi belə bir addım atmağa ehtiyac duydu?

DünənTayvanda səfərdə olan ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi tviterdə bunları yazıb:

"Bura ziyarətimiz Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiya da daxil olmaqla Hind-Sakit Okean hövzəsinə səfərimizin bir hissəsidir - əsas diqqət qarşılıqlı təhlükəsizlik, iqtisadi tərəfdaşlıq və demokratik idarəçilikdir. Tayvan rəhbərliyi ilə müzakirələrimiz tərəfdaşımıza dəstəyimizi bir daha təsdiqləmək və azad və açıq Hind-Sakit Okean regionunu inkişaf etdirmək də daxil olmaqla, ortaq maraqlarımızı təşviq etmək üzərində qurulacaq. Amerikanın Tayvanın 23 milyon əhalisi ilə həmrəyliyi bu gün həmişəkindən daha vacibdir, çünki dünya avtokratiya və demokratiya arasında seçim qarşısındadır.

Bizim səfərimiz Tayvana Konqresin bir neçə nümayəndə heyətlərindən gəlişindən biridir və bu, 1979-cu ildə Tayvan Münasibətləri Aktı, ABŞ-Çin Birgə Kommunikələri və Altı Təminat əsasında rəhbər tutulan Birləşmiş Ştatların uzunmüddətli siyasətinə heç bir şəkildə zidd deyil. Birləşmiş Ştatlar status-kvonu dəyişdirmək üçün birtərəfli səylərə qarşı çıxmaqda davam edir".

Qeyd edək ki, Pelosi Çinə qarşı sərt mövqeyi ilə tanınan bir siyasətçidir. O, 1991-ci ildə Tiananmen meydanına gedib və orada olarkən polis tərəfindən dindirilib.

Nensi Pelosi ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri vəzifəsini icra edən ilk qadındır. Çətin vaxtlarda ikipartiyalı parlamenti birləşdirə bilmək gücü və Donald Tramp rejiminə kəskin müxalifəti onu son illərdə daha çox tanınmağa məcbur edib. Trampın sözlərinə görə, o, "ultra sol gündəliyə malik radikaldır".

Pelosi ailədən siyasətçidir, atası bələdiyyə sədri olub. Beləliklə, Merilend ştatının Baltimor şəhərindən olan Pelosi üçün siyasət atasının peşəsidir. Vaşinqtonda kollec təhsili aldıqdan sonra əri Paulla evlənir. Əvvəlcə Mahnattana, sonra isə San Fransiskoya köçürlər. Evləndikdən sonra onların beş övladı olub. 1976-cı ildə siyasətə qayıdan Pelosi qubernatorluğa namizəd Cerri Braunun Kaliforniya seçki kampaniyası komandasına qoşulur. Pelosi 1988-ci ildə Kaliforniyada Demokratlar Partiyasının prezidentliyinə yüksəlir.

2001-ci ildə Demokratlar Partiyasının Qrup sədrinin müavini olub. Pelosi 2003-cü ildə ABŞ-ın 11 Sentyabr hadisəsindən sonra o dövr üçün çox cəsarətli bir mövqe olan İraqı işğalına qarşı çıxan siyasətçilərdən biri idi.

Pelosi ilə Trampın fikir ayrılığı olduğu heç kimə sirr deyil. Prezident Tramp 2018-ci ildə Konqresə ümummilli müraciətlə çıxış edərkən, Pelosi kameralar qarşısında prezidentin çıxışı olan kağızları cırıb. Daha sonra bu davranışına görə üzr istəməyib və kağızda yazılanları "yalanların manifestosu" kimi qələmə verib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi 2020-ci ildə Türkiyə ilə bağlı söylədiyi bəzi təkəbbürlü ifadələrə görə xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən tənqid edilib. Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyədə demokratik dəyərləri hədəf alan Pelosiyə cavab olaraq, "Pelosinin nümunəvi məlumatsızlığına görə ABŞ parlamentinin sədrliyinə yüksəlməsi Amerika demokratiyası naminə narahatlıq doğurur",-deyə bildirib.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics