Azərbaycanlı həkim Türkiyədə küçədə yaralının həyatını xilas edib.
Milli.Az xəbər verir ki, Türkiyənin Elazığ şəhərində, Qazi prospektində iki nəfər arasında baş verən mübahisə bıçaqlı insidentlə nəticələnib. Tərəflərdən biri digərinə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.
Hadisə zamanı yoldan keçən azərbaycanlı həkim soyuqqanlılıqla yaralıya dərhal müdaxilə edib. Tibbi avadanlığı olmasa da, o, təcili yardım gələnədək qanaxmanı dayandırmağa çalışıb və yaralını nəzarətdə saxlayaraq onun həyatını xilas edib. Yaralı daha sonra xəstəxanaya çatdırılıb.
Yaralıya ilkin tibbi yardım göstərən şəxsin Masallı rayonunun Köhnə Alvadı kəndindən olan Sabrina İsrafilzadə olduğu bildirilib. O, Türkiyədə ali təhsil alıb və hazırda həkim kimi fəaliyyət göstərir.
Hadisədən sonra əraziyə 112 təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub. Yaralının vəziyyəti ilə bağlı dəqiq məlumat verilməyib.
Polis qaçan şübhəlinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Fidan
Milli.Az





