Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda yerləşən Mehmet Yüzügülər Mədəniyyət Mərkəzində Nazilli Bələdiyyəsi Lütfi Selek Türk Klassik Musiqisi Xorunun təşkilatçılığı ilə "Xoş gəldin, bahar" adlı konsert keçirilib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, konsertin sonunda xor Şimali Kipr Türk Cümhuriyyətində verdiyi konsert zamanı səhnədə infarkt keçirərək vəfat edən məşhur sənətçi Volkan Konakın xatirəsinə ifa səsləndirməyə başlayıb. Elə bu anlarda xorun arxa cərgəsində dayanan 73 yaşlı xor ifaçısı Mehmet Gündoğdu qəfil yerə yıxılıb.
Verilən məlumata görə, xorun digər üzvü - daxili xəstəliklər və hematologiya üzrə mütəxəssis olan Dr. Şükrü Yenice dərhal səhnəyə gələrək Gündoğduya ilkin tibbi yardım göstərib və ürək masajı edib. Yenidən döyünən ürəklə həyata qaytarılan Gündoğdu təcili yardım vasitəsilə Nazilli Dövlət Xəstəxanasına aparılıb. Burada ona tibbi müdaxilələr edildikdən və vəziyyəti stabilləşdikdən sonra evə buraxılıb.
Məlum olub ki, Mehmet Gündoğdu uzun illərdir Nazilli Bələdiyyəsi Lütfi Selek adına Türk Klassik Musiqisi Xorunda xor ifaçısı və solist kimi, həmçinin saz qrupunun üzvü olaraq fəaliyyət göstərib. Eyni zamanda onun böyük bir Volkan Konak pərəstişkarı olduğu da bildirilib.
Fİdan
Milli.Az