Türkiyənin Karaman şəhərində metal emalatxanasında yanğın baş verib.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, yanğın nəticəsində bir tacirin vedrədə gizlətdiyi 1 milyon lirəsi yanıb. Onun Mərkəzi Banka etdiyi müraciət nəticəsində yanan pulların 363 mini xilas edilib.
Pulları yanan emalatxana sahibinin köməyinə Karaman vilayətinin qubernatoru Mehmet Fatih Çiçekli çatıb. O, hadisədən bir neçə gün sonra emalatxanaya gələrək araşdırmalar aparıb. Yanmış pulların bir hissəsinin xilas edilməsi üçün Ziraat Bankı Karaman Mərkəzi Filialının müdiri Hasan Örün ilə görüşlər keçirilib. Bank müdiri Örün ilə birlikdə Mərkəzi Banka müraciət edən Ali Ün yanan pulların qalan hissəsinin yoxlanmasından sonra 363 min lirəni geri alıb.
Yanğının baş verdiyi günü və sonrakı hadisələri danışan emalatxana sahibi Ali Ün "15 dekabr 2024-cü il bazar günü səhər iş yerimə gəldiyimdə yanğın var idi. Dərhal müdaxilə edib, yanğınsöndürəni çağırdıq. Yanğın söndükdən sonra bir vedrədə gizlətdiyim 1 milyon lirəyə yaxın nağd pulumun da yanıb getdiyini gördük. Bir neçə gün sonra Karaman vilayətinin qubernatoru Mehmet Fatih Çiçekli emalatxanamızı ziyarət etdi. Yanan pulların bir hissəsinin xilas edilməsi üçün Ziraat Bankı müdiri Hasan Örün ilə birlikdə Mərkəzi Banka göndərilməsi üçün bizə çox kömək oldu. Allah onlardan razı olsun. Yanğından sonra da qubernatorumuz Mehmet Fatih Çiçekli və vilayət polis idarəsinin müdiri Mehmet Turhan daim mənə baş çəkdilər, halımı soruşdular, dəstək oldular. Bu dövr ərzində mənə zəng edib dəstək olan bütün dostlarıma da Allah razı olsun" deyib.
Mərkəzi Bankın belə bir tətbiqinin olduğunu bilmədiyini bildirən Ali Ün "Qubernatorumuz sayəsində öyrəndik və pulun 363 min lirəlik hissəsi xilas oldu. Dükanımıza gəldiyimizdə içəri çox tüstü və alov var idi. Yanğın söndükdən sonra içəriyə baxdıq. Müshaf-ı Şərif zərər görməmişdi, plastik örtüyü belə yanmamışdı. Bu hadisə bizə hamımıza bir dərs oldu. Bu müddətdə mənə dəstək olan hər kəsə təşəkkür edirəm" deyib.
Hüseyn
Milli.Az