Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin Livan və Qəzzadan sonra hücumla üzləşə biləcəyi xəbərdarlığından sonra onun israilli həmkarı İshaq Hersoq Türkiyəyə qarşı hərbi planlarının olmadığını söyləyib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, İsrail prezidenti Türkiyə və xalqına böyük hörmətlərinin olduğunu bildirib.
"İsrailin ölkəsinə qarşı planları ilə bağlı Türkiyə liderinin bəzi şərhlərinin olduğunu gördüm. İsrailin Türkiyəyə qarşı heç bir planı olmadığını açıq şəkildə bildirmək istəyirəm.
Əksinə, Türkiyə xalqına böyük hörmətimiz var, onların da İsrail xalqına böyük hörməti var. Xalqlarımız arasında çoxillik əlaqələr mövcuddur", - Hersoq qeyd edib.
İsrail prezidenti bildirib ki, hazırda bölgədə davam edən əməliyyatlar regiona sülh və əmin-amanlıq gətirəcək:
"İsrailin hərbi əməliyyatları İbrahim övladlarının bölgədə bir yerdə yaşamaları və sülhə doğru birlikdə hərəkət etmələrinə, bölgə və öz xalqlarının rifahından bir-birlərinə və bütövlükdə bəşəriyyətə töhfə verməyə imkan verəcək tarixi dəyişikliyə səbəb olacaq. Bu, bizim baxışımızdır. Ona görə də biz şərlə mübarizə aparırıq, Qəzza xalqına, Livan xalqına, İran xalqına fərqli yol və fərqli gələcək təklif edirik".
Türkiyə lideri ötən həftə bəyan etmişdi ki, Livan və Qəzzadan sonra İsrailin növbəti hədəfi ölkəsi olacaq. Prezident Ərdoğan bölgədə baş verənlərə görə İsrail Baş naziri Benyamin Netanyahunu ittiham etmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun