İdman

Marina Nekrasova Olimpiadaya böyük yarış təcrübəsi ilə qatılır - qadın idman gimnastikası üzrə yığmanın Baş məşqçisi

21 İyul 2021 23:20
Baxış: 435

Olimpiya Oyunlarına artıq sayılı günlər qalır. Yaponiya paytaxtı Tokionun ev sahibliyi etdiyi sayca 32-ci olan bu Olimpiadada ilk dəfə çıxış edəcək təmsilçimiz Marina Nekrasova da çoxdan gözlədiyi bu yarışa tam hazır olmaq üçün səylə çalışır.

Trend-in Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən məlumatına görə, qadın idman gimnastikası üzrə yığmanın Baş məşqçisi Olqa Barkalava bildirib ki, ilk növbədə gimnastın fiziki formasının qorunub saxlanmasına və psixoloji cəhətdən hazırlığına diqqət yetirilir.

"Məşq prosesində həm də proqramların çətinliyi və hərəkətlərin icrasının sabitliyinə diqqət edirik. Bərpa prosedurlarına, orqanizmin funksional dözümlülüyünün dəstəklənməsinə və eləcə də, gündəlik rejimin qorunub saxlanmasına da kifayət qədər vaxt ayırılır. Olimpiya Oyunlarının keçiriləcəyi şəhərlə vaxt fərqimiz (5 saat) olduğu üçün biz məşq və istirahət vaxtına düzəlişlər etmişik", - deyə məşqçi vurğulayıb.

Marinanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində qazanılmış ilk Olimpiya lisenziyasıdır. "Bu çox yaxşı bir nəticədir və bir idmançı üçün karyerasının ən böyük yarışı olan Olimpiadaya Marina böyük yarış təcrübəsi ilə qatılır. Əlbəttə ki, həyəcan var və bu yaxşı haldır. Çünki, bu öz işinə məsuliyyətlə yanaşmanın göstəricisidir. Düşünürəm ki, onun bu yolda əsas keyfiyyətləri işinə vicdanla yanaşması və məqsədyönlü olmasıdır."

O. Barkalava qeyd edib ki, hazırlıq planının tərtib edilməsi, proqramların icrasında daha zəif məqamlara düzəliş edilməsinə çox vaxt sərf olunub.

"Biz həmişə icra olunmuş hərəkətləri müzakirə edirik. Marina fikrini söyləyir, mən isə öz tərəfimdən ona səhvlərini görməyə kömək edirəm. Çünki, məqsədə çatmağın ən vacib yollarından biri "məşçi-idmançı" dialoqudur. Əlbəttə ki, biz psixoloqla da çalışırıq. Mühüm yarışlara hazırlıq müddətində idmançının emosional vəziyyəti haqqında məlumata malik olmaq çox vacibdir", - deyə məşqçi bildirib.

Baş məşqçi Marinanın Olimpiya Oyunlarında layiqli çıxış nümayiş etdirəcəyinə ümidvar olduğunu qeyd edib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.