Baş məşqçi istefası futbolun arzuolunmaz, eyni zamanda ayrılmaz hissəsi sayılır.
Milli.Az apasport.az-a istinadən bildirir ki, son dönəmlər istər klub, istərsə də, federasiya rəsmiləri baş məşqçi seçimi zamanı onun uzun müddət qalmasını nəzərdə tuturlar.
Ancaq keçmişdə futbol funksionerləri heç də belə peşəkar düşüncə ilə çalışmayıblar. Dünya futbolunda bir oyundan sonra baş məşqçisini qovmaq hadisəsinə kifayət qədər rast gəlmək mümkündür. Ancaq elə bir mütəxəssis var ki, təyinatı ilə qovulması arasında sadəcə dəqiqələr olub.
Bu yazıda futbol tarixinin ən qısamüddətli baş məşqçisinin başına gələn hadisəni nəql edəcəyik.
2006/07 mövsümündə İngiltərə 2-ci liqasında 24-cü yeri tutan "Torkay Yunayted" baş məşqçisi Keyt Kurle ilə yollarını ayırdı. Yeni çalışdırıcı axtarışını sürətləndirən rəhbərlik tezliklə istəyinə çatdı. 2007-ci il mayın 17-də baş məşqçi postuna Leroy Rosenior gətirildi. Əvvəllər də 4 il bu klubda çalışan Rosenior dönüşündə də uzun müddət qalmağı, uğur qazanmağı ümid edirdi. Ancaq 10 dəqiqə sonra futbol tarixinə düşəcəyindən xəbərsiz idi.
"Torkay Yunayted"in prezidenti Mayk Bateson uğursuzluqdan narazılıq bildirən azarkeşlərə qoşulur, maddi böhranla üzləşdiyini görürdü. Qısa müddət ərzində aşağı liqaya yuvarlanan klubun gələcəyi parlaq görünmürdü. Leroy Roseniorla münasibətləri rəsmiləşdirmək üçün nümayəndə göndərən Bateson bir şirkətdən təklif alır. Kris Boysun rəhbərlik etdiyi bir şirkət "Torkay Yunayted"in səhmlərinin 51 faizini alaraq əsas söz sahibinə çevrildi. Bu prosesin rəsmiləşməsi çox qısa çəkdi. Roseniorun müqavilə imzaladığı vaxt klub Boysun əlinə keçdi. Rəsmi sözləşmədən cəmi 10 dəqiqə sonra Roseniorun telefonuna zəng gəlir və gənc mütəxəssis həyatının şoku ilə qarşılaşır. Yeni prezidentin rəsmilərindən biri onunla çalışmaq istəmədiklərini və müqaviləyə təktərəfli xitam verdiklərini bildirir. Beləliklə, çalışdırıcı ilə sözləşmənin rəsmən imzalanması ilə ləğv olunması cəmi 10 dəqiqə çəkir.
Bu, Roseniorun başına gələn ikinci belə hadisə olur. O, 2006-cı ilin mayında sükanı arxasına keçdiyi "Şreusberi"də cəmi 19 gün qala bildi. Bir qədər sonra "Brentford"la anlaşan məşqçiyə orada 5 ay dözə bildilər. "Torkay Yunayted"dən ayrılıqdan az sonra Sierra Leone yığması ilə anlaşan 57 yaşlı çalışdırıcı orada da 30 gün çalışdı. O, 2007-ci ildə məşqçilik karyerasını başa vuraraq futbol şərhçiliyinə keçib.
Ən qısamüddətli baş məşqçi kimi dünya futbol tarixinə düşən Leroy Roseniordan əvvəl İngiltərədə Deyv Basset 1984-cü ildə "Kristal Pelas"da cəmi 4 gün çalışıb.
Qardaş Türkiyədə də bənzər taleyi yaşayan mütəxəssis olub. 2019-cu ildə "Kasımpaşa" ilə münasibətləri rəsmiləşdirən İbrahim Üzülməz cəmi 4 saat sonra ayrılıq açıqlaması verib. 2015-ci ildə "Gənclərbirliyi" ilə anlaşan Yılmaz Vural isə komandanı bir matça çıxardıqdan sonra istefa verərək, 6 günlük fəaliyyətinə son qoyub.
Milli.Az