İdman

“Qarabağ” çox zəifləyib” - Elxan Abdullayev

6 Noyabr 2020 17:19
Baxış: 1 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qrupun favoriti ilk gündən "Vilyarreal"dır. "Qarabağ" ikinci yer uğrunda mübarizə apara bilərdi. Təəssüf ki, həm "Makkabi"yə, həm də "Sivasspor"a uduzdular".

Milli.Az bildirir ki, bunu apasport.az saytına açıqlamasında "Qarabağ"ın Avropa Liqasındakı çıxışına münasibət bildirən 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev deyib.

Azərbaycan çempionunun III turda "Sivasspor"a səfərdə 0:2 hesabı ilə məğlub olduğu matçı dəyərləndirən 50 yaşlı mütəxəssis Türkiyə klublarının daha güclü olmasını qabardıb: "Qarabağ"ın "Sivasspor" önündə pis oynadığını deməzdim. Amma Türkiyə klublarının daha təcrübəli və güclü olduqları hamıya məlumdur. Dünənki qarşılaşmada rəqib ilk qolu standart vəziyyətdən vurdu. İkinci topu şərh eləməyə dəyməz, çünki oyunun artıq sonları idi. "Qarabağ"ın futbolçuları çalışsalar da, alınmadı".

Abdullayevin fikrincə, Ağdam klubunun son 3 turda qrupdan çıxmaq şansı qalmayıb: "Məncə, "Qarabağ"ın qrupdan çıxmaq şansı artıq qalmadı. Təmsilçimizin bundan sonra ikinci pilləyə yüksələcəyinə inanmıram. İkinci yer uğrunda mübarizə "Sivasspor"la "Makkabi" arasında gedəcək. Proqnoz verəndə obyektiv olmaq lazımdır. "Qarabağ"ı bu gün "Vilyarreal", "Makkabi", "Sivasspor"la müqayisə edirik. Axı onlar bizdən güclüdürlər. Eyni zamanda, "Qarabağ" da ötən illərlə müqayisədə çox zəifləyib. Həmçinin çempionatımızın səviyyəsi aşağı düşüb. Bunun da müəyyən səbəbləri var. Həm koronavirus, həm də müharibə transfer proseslərinə təsirsiz ötüşmədi. Bu üzdən klubu qınamaq da olmur. Azarkeşin nəticə tələb etməsi normaldır. Lakin klubu da başa düşməliyik".

Qeyd edək ki, "Qarabağ" qrupda növbəti oyununu noyabrın 26-da "Sivasspor"a qarşı evdə keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.