"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Düdelanj"la 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
Milli.Az xəbər verir ki, o, əvvəlcə matç haqda danışıb.
- Oyun gözlədiyimiz kimi başlamadı. Rəqibin həm sistemi, həm də oyun üslubu gözlənilməz oldu. Amma biz təcrübəli komandayıq. Belə şeylərə hazır olmalıyıq. Amma təəssüf ki, hazır olmadıq. İlk hissədə demək olar ki, oynamağa imkan vermədilər. Qol epizodlarımız oldu, amma öz oyunumuzu göstərə bilmədik. Birinci hissədən sonra məşqçimiz bizi sərt şəkildə tənqid etdi. İkinci hissədə daha sürətli, dəqiq oynayıb, topa daha çox sahib olmağımızı tələb etdi. İkinci hissə başlayan kimi azlıqda qaldıq. Sonra da qapımızda qol gördük. Amma qol buraxdıdan sonra komanda əzmkarlıq göstərdi. Hətta, məğlub olsaydıq belə, eyni sözləri deyərdim. Sona qədər mübarizə apardıq. Bir neçə 100 faizlik qol epizodlarımız oldu. Onlardan da istifadə edə bilmədik. Amma şükürlər olsun ki, hesabı bərabərləşdirdik və qrup mərhələsini məğlubiyyətlə başa vurmadıq.
- Bu matç qrupdan çıxmaq anlamında heç nəyi həll etmirdi. Bu, motivasiya baxımından oyununuzun alınmamasına təsir göstərə bilər?
- Həqiqətən də səbəblər çoxdur. Təkcə bu deyil. Toplasaq, komanda 30-a yaxın matça çıxıb. Heyətimizdə milli komandada çıxış edən futbolçular da çoxdur. Onların da oyunlarını nəzərə alsaq, 33-34 görüş edir. Həqiqətən də komanda çox yorğundur. Düzdür, hamı təkrarlayır. Hamı da bilir. Amma mən də deyim: komanda yorğundur. Bilirsiniz ki, motivasiya baxımından böyük zərbələr almışıq. Bu il qrupdan çıxacağımıza çox ümidli idik. Hətta, oyundan əvvəl isinmə hərəkətlərini yerinə yetirib, qayıdanda Qurban müəllim dedi ki, "xoşuma gəlmədiniz". Amma hamı bilir ki, səbəb nədir. Qol buraxandan sonra sanki komanda ayıldı. Dişini göstərdi ki, məğlub olmaq istəmir. Hər bir qarşılaşmaya ciddi yanaşmalıyıq. "Qarabağ" forması ilə çıxdığımız hər oyunda canımızı meydanda qoymalıyıq.
- Yekun olaraq, qrup mərhələsindəki bütün oyunları nəzərə alsaq, "Qarabağ"ın gücünə görə tutduğu yer uyğundur, yoxsa, bəxti gətirmədi?
- Belə deyək, qrupdakı komandaların adı bəlli olanda mənim üçün güclər bərabər idi. APOEL-lə bizim gücümüz eyni idi. Sonra oyunlar da bizim onlardan daha da qat-qat yaxşı çıxış etdiyimizi göstərdi. Fikir verirsinizsə, özlərinin də açıqlamalarında şübhə var ki, "Qarabağ" bizi keçməli idi. Daim eyni açıqlamaları verirlər. Onlardan dəfələrə üstün futbol oynadığımızı hamı gördü. Təəssüflər olsun ki, xüsusilə səfərdəki matçda çoxsaylı qol imkanlarımızı boşa verdik. Biz hesabı açandan sonra heç olmasa, 1 qol da vurub, hesabı 2:0 etsəydik, bugünkü oyun demək olar ki, formallıq daşıyacaqdı. Amma təəssüflər olsun ki, bunlardan istifadə edə bilmədik. Yenə deyirəm belə hallarla çox qarşılaşmışıq. Yadınızdadırsa, Çempionlar Liqasında 2-ci təsnifat mərhələsini keçəndə yaxşı oynayırdıq. "Viktorya", "Seltik"lə görüşləri misal gətirim. Nə isə çatışmazlıq vardı, mərhələni keçmirdik. İndi səbirli olmaq lazımdır. Uğur səbr, zəhmət tələb edir səbirli olub, qarşıdakı mövsümlərə hazırlaşmalayıq. Məncə, qrupda mübarizə aparmağı bu qədər kiçiltmək, balacalaşdırmaq lazım deyil. Mən xatırladım ki, Azərbaycan klubları 1 qrup oyununu evdə oynasın deyə arzu edirdik. Bəli, bu il çox yaxşı şansımız vardı. Oyun baxımından da yaxşı idik. Amma təəssüflər olsun ki, sonda nəticə istədiyimiz kimi olmadı.
- APOEL-in "Sevilya"ya qalib gəlməsi sizin üçün gözlənilməz oldu?
- Düzü, bu haqda xəbərim yoxdur. Yəni, APOEL zəif rəqib deyildi. Sadəcə olaraq biz onları iki qarşılaşmada da çox üstələdik. Təəssüflər olsun ki, heç olmasa, 1-də qalib gəlmədik.
- Təxminən 3 ay əvvəl - Avroliqa mövsümü başlamamış bildirmişdin ki, "Sevilya"nı çıxmaq şərt şərti ilə güclər bərabərdir. Nəhayət ki, bu mövsüm qrupdan çıxmalıyıq.
- Çıxmalıyıq?
- Bəli.
- Mən həyatım boyu belə açıqlama verməmişəm. Özümə əminəm və mentalitetimi bilirəm. Heç vaxt deyə bilmərəm ki, qrupdan çıxmalıyıq. Çalışacağıq, cəhd edəcəyik, güclər bərabərdir demişəm. Amma futbolda əvvəlcədən proqnoz vermək olmaz. Bu gün sən "Düdelanj'a da məğlub ola bilərdin. "Düdelanj" isə APOEL-lə çox yaxşı oynayıb, udmuşdu. Halbuki evdə də onlara qarşı çox yaxşı oynamışdılar. Çox epizodlar vardı ki, qırılma nöqtələri oldu. Bir epizod hər şeyi həll edə bilərdi. 1:0 hesabı ilə irəlidə olanda 50-ci dəqiqədən 57-ci dəqiqəyədək bizim 3-4 real qol epizodumuz olub. Biz vurmamışıq, 58-ci dəqiqədə onlar künc zərbəsindən qol vurublar. Təəssüflər olsun ki, o epizodlar bizim xeyirimizə olmadı. Deməli, daha çox çalışmaq lazımdır. Amma yenı deyirəm, qrupa düşməyimizi adiləşdirmək lazım deyil. Mən istəmirəm ki, gələcək illərdə qrupda oynamaq bizim üçün xəyal olsun. Bu, həqiqətən də çətin bir şeydir. 4 tur keçirsən. Avropa klublarına qarşı oynayırsan. Mən arzu edərəm ki, hər bir klubumuz qrupa düşsün. Səhv etmirəmsə, biz bir qələbənin belə arzusundaydıq.
- Bilirəm, hamı istəyirdi, biz də çox istəyirdik. Məni də, komandanı da tənqid edənləri normal qarşılayıram. Səhv, məğlubiyyət varsa, tənqid də olacaq. Bəzi şeyləri unutmaq lazım deyil ki, Azərbaycan futbolu üçün Avropa Liqasının qrup mərhələsində oynamaq mənə görə uğurdur. Bu gün də deyirəm, sabah oynamasam da, deyəcəyəm. Çempionatda başqa komanda da qrupa düşsə, eyni sözləri söyləyəcəyəm.
- Qrupdan çıxmaq üçün heyət baxımından nə dərəcədə problem vardı?
- Bilmirsən ki, heyətdən danışasan, nədən danışasan. Mənə görə ən əsas problem qol imkanlarından istifadə edə bilməmək oldu. 6 oyunu yığsaq, 20-23 100 faizlik qol epizodlarımız olub.
- Komandanın neçə faizi dəyişməlidir ki, növbəti mövsümdə Avrokubokların qrupu üçün mübarizə aparsın?
- Builki heyəti də uğurlu hesab edirəm. Əgər qrupa düşmüşüksə, yaxşı oyun nümayiş etdirmişiksə, məncə, heyət baxımından problemimiz yoxdur. Amma əsas odur ki, hər il 2-3 yenilik olsun, yeni nəfəs gəlsin. Məsələn, Qvardiolanı götürək. "Barselona"da 5 il işlədi, sonra dedi, çox olmaz. Bəzən belə dəyişikliklər hər zaman komandanın xeyirinə olur. Düşünürəm ki, imkan olsa, istər qış, istər yayda məşqçilər heyətimiz komanda ilə bağlı müəyyən dəyişiklikləri edəcəklər.
- Uzun illər milli komandada kapitan olmusunuz. Sabahkı iclasda demək olar ki, millinin gələcək taleyi müəyyənləşdiriləcək. Necə fikirləşirsiniz, millini əcnəbi çalışdırmalıdır, yoxsa azərbaycanlı?
- Mən həmişə yerli məşçilərin tərəfdarıyam. Kim ki təcrübənin olub-olmadığını deyir, mənə maraqlıdır ki, o şəxslərin özünün hansı təcrübəsi var ki? Yəni, təcrübə problem deyil. Əsas odur ki, futbolçularla dil tapa biləsən. Mentalitetin uyğun olsun. Milli komandanı yerli məşqçilərin çalışdırmasının tərəfdarıyam. Amma əgər əcnəbi mütəxəssis gətiriləcəksə, Robert Prosneçki olmasını istəyərdim. O həqiqətən də Azərbaycan mentalitetini tez qavradı, futbolçularla yaxşı dil tapırdı. İstər paltardəyişmə otağında, istər oteldə, istərə də meydançada, məşqdə.
- İctimai TV-də yayımlanan verilişdə Elxan Məmmədov sənin U-21-dən göndərilməyinlə bağlı dedi ki, Rəşad həm də futbol oynayırdı...
- Yox, o, düzgün cavab deyil ki... Düz cavab deyil. Məsələ necə olmuşdu? Mən təyin edilməmişdən əvvəl 5 dəfə dedim ki, mən futbol oynayıram. Bu söhbətlər olub. Həmişə də deyib ki, yox, aydın məsələdir, sən "Qarabağ"ın U-19 komandasını çalışdıranda da Çempionlar Liqasında mübarizə aparmısan, "Atletiko" ilə səfərdə heç-heçən olub, təcrübən var, bu uşaqları da yaxşı tanıyırsan. Mən də razılaşdım. Hətta, çıxmamışdan bir gün qabaq da mənimlə telefon danışığı olanda bildirdim ki, əgər problem mənim futbol oynamağımdırsa, karyeramı bitirərəm. Məsələni ora yönəltmək lazım deyil. U-21-dən uzaqlaşdırılmağım futbolçu karyeramla bağlı deyildi. Keçən il karyeramı bitirəcəkdim. Bu söhbət dekabr ayında olmuşdu. Ona da demişdim. Cavab vermədi.
- Əsl səbəbi deyə bilərsiniz?
- Bunu Elxan müəllim deyib. Ondan soruşsanız, daha yaxşı olar.
Milli.Az