İdman

Bakıda aerobika gimnastikası üzrə AÇ-ın böyüklər arasında üçlük, qrup və aero dans proqramlarının qalibləri mükafatlandırılıb - FOTO

26 May 2019 20:39
Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında trio, qrup və aero dans proqramları üzrə mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, trio proqramında birinci yerə Macarıstan idmançıları, ikinci yerə Rusiya gimnastları (ikinci komanda), üçüncü yerə isə rumıniyalı idmançılar (ikinci komanda) yüksəlib.

İdmançıları Avropa Gimnastika İttifaqının (UEG) mətbuat xidmətinin rəhbəri Tina Gerets, UEG-in aerobika gimnastikası üzrə Texniki Komitəsinin üzvü Monika Vitoff və Azərbaycanın əməkdar artisti, Bakıda 16-22 sentyabr tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatının səfiri Miri Yusif mükafatlandırıblar.

Qruplar arasında qızıl medalı Rumıniya gimnastları qazanıblar, gümüş və bürünc medalların sahibləri müvafiq olaraq Bolqarıstan və Rusiya gimnastları olub.

Mükafatları idmançılara UEG-in aerobika gimanstikası üzrə Texniki Komitəsinin başçısı Mariya Kristina Kazentini, yüksək münsiflər heyətinin üzvü Dimitrina Kandeva və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim ediblər.

Aero dans proqramında qızıl medalı azərbaycanlı gimnastlar qazanıb, ikinci yerdə Rusiya, üçüncü yerdə isə Rumıniya komandası qərarlaşıb.

Qalib və mükafatçıları UEG-in vitse-prezidenti Mişel Butar, UEG-in aerobika gimnastikası üzrə Texniki Komitəsinin üzvü Alina Draqan və Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Mariana Vasileva təltif ediblər.

Həmçinin "SmartScoring Shooting Star" nominasiyasında mükafatlandırma keçirilib. Mükafata Daniel Bali (Macarıstan) və Mikela Kastoldi (İtaliya) layiq görülüblər.

Mükafatı "SmartScoring" nümayəndəsi Kamran Ramazanov təqdim edib. Bu mükafat müstəsna çıxışlara görə verilir.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Azərbaycanı Avropa Çempionatında 17 gimnast təmsil edir - Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.