İdman

15 yaşında Olimpiya çempionu olmağın hekayəsi - FOTO

4 May 2015 22:22
0 Şərh     Baxış: 2 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yuliya Lipnitskaya buz üstündə möcüzələr yaratmaqda davam edir

Cəmi 15 yaşında Olimpiya çempionu olmaq mümkündürmü? Özündən az qala iki dəfə böyüklərlə mübarizə aparıb qızıl medala sahib çıxmaq, milyonların arzusunda olduğu hədəfə hələ məktəbdə oxuya-oxuya çatmaq realdırmı? "Fantastikadır, xəyaldır" deyə bilərsiniz. Ancaq yanılarsınız. Bu gün sizə haqqında bəhs edəcəyimiz idmançı bunun əsl reallıq olduğunu bir il əvvəl sübut edib. Fiqurlu konkisürmə üzrə 2014-cü il Soçi Qış Olimpiya Oyunlarının qızıl medalçısı, rusiyalı Yuliya Lipnitskaya hələ 15 yaşı olanda çempionluğunun şərəfinə ölkəsinin himnini eşidib. Gəlin, birlikdə bu möhtəşəm uğurun memarının hələ ki qısa, ancaq şanlı həyat tarixçəsinə nəzər salaq.

Paytaxta gəliş

5 iyun 1998-ci ildə Rusiyanın Yekaterinburq şəhərində anadan olan Yuliya, dörd yaşı tamam olmamış buz üzərinə çıxır. Onu "Lokomotiv" katokuna gətirən anası Daniela Leonidovna sonradan bütün anlarında qızının yanında olur. Əvvəlcə Yuliya Yelena Levkovets və Marina Voytsexovskayanın rəhbərliyi altında çalışır. 2009-cu ilin martında isə Yekaterinburqda inkişaf üçün daha perspektiv olmaması üzündən Lipnitskayalar paytaxt Moskvaya gəlirlər. Birdəfəlik, bütün əşyalarını toplayaraq həyatın hələ naməlum qərarını öyrənmək üçün ana-bala maşınla üç gün yol gəlirlər. Həmin vaxtlarda həqiqətən gələcəkdə nə baş verəcəyi, Yuliyanın karyerasının başlayacağı, ya da ilk addımda dayanacağı məlum deyildi. Bu, bir seçim idi. Ancaq yaxşı ki, hər şey yaxşı qurtardı. Moskvada RİOEUGİM N37-nin məşqçisi Eteri Tutberidzenin qrupuna qoşulan vunderkindin yüksəlişi başladı. Mütəxəssis ondakı istedadı ilk baxışdan sezir. Məşqçi Yuliyanın ən kiçik yaşında belə "sakit, adekvat, ağıllı və istedadlı" kimi təsvir etmişdi. Məşqlərdəki çalışqanlıq Lipnitskayanın qısa müddətdə bütün üçlü tullanışları qavramasını təmin edir. "Rittberqer"də bir qədər çətinlik çəkən 11 yaşlı idmançı tezliklə yarışlara qatılır. Yeniyetmələrin Rusiya birinciliklərində əvvəlcə beçincilik, sonra dördüncülük gəlir. İlk beynəlxalq yarışı - Polşa Qran-Prisində isə qalib gəlir. Sonra isə gələcək Olimpiya çempionu müxtəlif turnirlərdə fəxri kürsünün fərqli pillələrini tutur.

Dünya, Avropa, Olimpiya...çempionu!

15 yaş 8 aylığında olarkən idman Olimpinin zirvəsinə qalxan gənc Lipnitskayanın əldə etdiyi nəticələr bununla yekunlaşmır. Hətta nəinki yekunlaşmır... Yuliya komanda yarışında Olimpiya çempionu, 2014-cü il Avropa çempionu, dünya çempionatının gümüş medalçısı, yeniyetmələr arasında 2012-ci il dünya çempionu, 2013-cü ildə eyni yarışın gümüş medalçısı, 2013-14-cü illər mövsümünün Qran-Prisinin final mərhələsinin gümüş medalçısı, yeniyetmələr arasında 2012-ci il Rusiya çempionu, böyüklər arasında 2012 və 2014-cü il Rusiya çempionatının qalibi, yeniyetmələrin 2011-12-ci illər mövsümünün Qran-Prisinin final mərhələsinin çempionudur. 8 fevral 2013-cü ildən Rusiyanın beynəlxalq dərəcəli idman ustası, 10 fevral 2014-cü ildən Rusiyanın əməkdar idman ustasıdır. Fiqurlu konkisürmə tarixinin ən gənc Olimpiya çempionlarındandır. Hazırda Beynəlxalq Konkisürmə İttifaqının reytinqində üçüncü pillədədir. İndi zəhmət olmasa, yuxarıda oxuduğunuz abzasdakı nəticələrin cəmi 16 yaşı olan qıza aid olduğunu bir daha düşünün. Fantastikadır, elə deyilmi?

İnanılmaz ağır rejim

Soçi Olimpiadasına hazırlıq zamanı Yuliyanın riayət etdiyi qida rejiminə sadəcə təəccüblənmək olar. Yaxşı, hətta normal məşq etmək üçün Lipnitskaya yeməkdən tamamilə imtina etməli idi! Bu vaxtlarda yalnız "Skvizi" tozunu - bu, sellülozadır, enerji verir - yemək icazəsi olan qızın durumunu təsəvvür etmək çətin deyil. Buna baxmayaraq, gündə cəmi 100 qram arıqlaya bilirdi. Bir mövsüm əvvəl çəkisi qalxıb-düşdüyündən çox sayda zədələri olmuşdu. Bu dəfə eyni problemi yaşamaq istəməyən gənc idmançı özünü sıxıb dözməyə çalışmışdı. İş o yerə çatmışdı ki, Lipnitskaya Yeni İl Bayramını normal keçirə bilməmişdi. Hamımız bu günlərdə müxtəlif tamları dadmağa öyrəşmişik. Xüsusilə uşaqların şirniyyatameylli olmasını da bilirik. Ancaq Yuliyaya bunlar qadağan olduğundan bayram abı-havasını hiss edə bilməmişdi. Bir sözlə, böyük çətinliklər vardı. Əvəzində isə... Əvəzində isə Olimpiya çempionluğu vardı. "Buna dəyərdimi" sualının cavabı isə birmənalıdır: əlbəttə!

Stiven Spilberqin məktubu

15 yaşlı Yuliyanın dünyaca məşhur rejissor Stiven Spilberqin çəkdiyi "Şindlerin siyahısı" filminin ağır melodiyasını ("Mələk üçün layla") öz Olimpiya sürüşmə çıxışı üçün seçməsi birmənalı qarşılanmamışdı. Ancaq o, bu mahnının sədaları altında elə gözəl çıxış etmiş, elə yaxşı rola girmişdi ki, alqışlamamaq, heyran olmamaq mümkün deyildi. Soçi-2014-dən sonra Spilberq şəxsən ona məktub yazmış, kinodakı qırmızı paltolu qızın obrazını bütün çıxışına yaymasına görə təşəkkür etmişdi. Yuliyanın məşqçisi Tutberidze Spilberqin tərifinin Olimpiya qızılı qədər böyük bir hadisə olduğunu demişdi.

Möhtəşəm çıxış

Həmin çıxış isə... Sadəcə, möhtəşəm idi. İlk saniyələrdən "faşist rejiminin ən ağır təzyiqlərini öz üzərində hiss etmiş qırmızı paltolu qız"ın bütün emosiyalarını cəmi bir baxışla təqdim edən Yuliya, buz üzərində balerina kimi süzmək, kəpənək kimi qanad çalmağın necə ola biləcəyini bütün dünyaya nümayiş etdirdi. Məhz həmin gündən dünya dəyişdi və heç vaxt əvvəlki vəziyyətinə qayıtmadı. Aləm balaca bir qızın konkiləri altında idi. Son akkordlar səslənir və... Spilberqin ailəsi televizor qarşısında ağlayır, şərəfinə Rusiya prezidenti Vladimri Putin ayağa qalxaraq alqışlayır, dünyanın dörd bir yanında insanlar ekran qarşısında özünə yer tapa bilmirlər. Durum məhz belə idi.

Real çıxış, ağır kaskadlar

Xoş sözlər eşitmək yaxşıdır, ancaq onu haqq etmək də gərəkdir. Olimpiadada hakimlər onun necə deyərlər "ala gözünə, qara qaşına aşiq" olmamışdılar. Soçidə Yuliya komanda yarışında hər iki proqramda birinci olaraq rus yığmasının qələbəsində əsas rolu oynamışdı (iki qələbəyə görə 20 xal). Qısa proqramda Lipnitskaya bütün 7 elementi - həmçinin, üçlü luts və üçlü tulup kaskadını təmiz yerinə yetirmiş, ən yüksək - 4-cü dərəcəli əyilməyə görə əlavə 3 xalı aktivinə yazdırmışdı. Sərbəst proqramda Yuliya üçlü luts- üçlü tulup, ikili aksel-üçlü tulup-ikili tulup kimi ağır kaskadlar, eləcə də 4-cü dərəcəli bütün fırlanmaları yerinə yetirərək 12 xallıq fərqlə çempion olmuşdu.

Portreti

Soçidəki "qırmızı palto"nun baxışındakı kədər az da olsa, Yuliyaya keçib. Olimpiadadan sonra ona olan həddindən artıq diqqət özü ilə paxıllıq, qısqanclıq, hətta nifrət də gətirmişdi. Onu sevməyənlər adını qalmaqallara salmağa çalışmış, hələ şəxsiyyət olaraq tam formalaşmamış qıza ciddi çətinliklər yaratmışdılar. Ardınca bəzi turnirlərdə gələn məğlubiyyətlər də öz təsirini göstərmişdi. Qısa müddət ərzində zirvənin bütün ağırlığını üzərində hiss edən Yuliya yenidən geri dönür. Kədər olsa da, qalib ruhu onu döyüşə aparır. Üzünə yavaş-yavaş təbəssüm, sevinc qayıdır. Və bu sevinc hissi ilə o öz yeni Olimpinə doğru irəliləyir.

"Qələbə"nin dostu

Yuliya Lipnitskayanın ən çox sevdiyi məşğuliyyətlərdən biri at sürməkdir. Nənəsinin yaşadığı Nijni Bardım kəndində iki sevimli atı da var. Birincinin adı "Qaranquş" idi, digərinkinin isə "Qələbə"dir. Adlar öz sözünü deyir. Yuliya belə isimli atın olduğunu eşidən kimi onu seçdi. "9 May - Qələbə günü" doğulan açıq boz rəngli atla dostlaşan Lipnitskaya, həmin gündən "Qələbə" ilə yan-yana idi. Sözün bütün mənalarında.

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.