İdman

Hakimlər, hakimlər, yenə də hakimlər - TƏHLİL

29 Noyabr 2010 17:31
Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bakı" - "Xəzər Lənkəran": pankart savaşı...

Turun əsas qarşılaşmalarından biri ilk oyun günündə "Bakı" və "Xəzər Lənkəran" arasında baş tutdu. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma daha çox pərdəarxası məqamları ilə maraq doğururdu.
Belə ki, ötən mövsümün sonlarında yaşanan olaylar bu komandaları bir-biri üçün prinsipial rəqib halına gətirmişdi. Çünki 2009/2010 mövsümünün finişində "Bakı" "Xəzər Lənkəran"ı həm çempionluqdan etmiş, həm kuboku əlindən almışdı. Üstəlik də kubokun finalında yaşanan "Fair-Play" olayı aylarla müzakirə edilmiş, "Bakı"nın ədalətli oyun qaydalarına sığmayan qolu "Xəzər Lənkəran" azarkeşlərində rəqibə qarşı aqressiya yaratmışdı ki, bu da həm Lənkəranda keçirilən ilk, həm də Bakıda baş tutan ikinci oyuna öz təsirini göstərirdi. Oyundan bir neçə gün əvvəldən başlayan müzakirələr komandalar üzərində psixoloji təzyiq yaratmışdı.

"Bakı" - "Xəzər Lənkəran" oyununa təsir göstərən başqa bir məqam Lənkərandakı oyunda yerli fanatların qaldırdığı bir pankart idi. Belə ki, "Xəzər Lənkəran" azarkeşləri sentyabrda baş tutan oyunda xalq mahnısından götürülmüş bir misra - "Sevirəm Xəzərin qucağındakı, ey əziz, ey gözəl, mehrban Bakı" şüarı ilə "Bakı" rəhbərliyini və fanatlarını özündən çıxarmışdı. Bu səbəbdən paytaxt klubunun atacağı addım maraqla gözlənilirdi. Bu barədə bir az sonra...
Oyunun ilk yarısı "Xəzər Lənkəran"ın üstünlüyü şəraitində keçdi. Demək olar ki, rəqib qapısında oturan lənkəranlılar 17-ci dəqiqədə Uinston Parksla hesabı açdı. Qonaq komanda bundan sonra da hücumları davam etdirdi. Bu arada "Bakı" da sakit durmayaraq, hərdən təhlükəli hücumlarla yadda qalırdı. Belə epizodların ikisində Kamran Ağayev səhvə yol verərək, topu əlindən buraxsa da, "Xəzər Lənkəran"ın bəxti gətirdi.
İlk yarıda oyunu alınmayan "Bakı"nın baş məşqçisi Vinfrid Şafer ikinci hissəyə taktiki dəyişikliklərlə başladı ki, bu da komandanın oyununa öz təsirini göstərdi. İkinci hissə birinci yarının tam əksi oldu. Belə ki, bu dəfə üstünlük "Bakı"nın tərəfinə keçdi və paytaxt klubu ardıcıl hücumlarla rəqib qapısını təzyiqdə saxladı. Azarkeşlər gözlənilən qolu 56-cı dəqiqədə Emin Cəfərquliyevin ifasında izlədi. Bundan sonra meydanda daha çox hakimin qərarları həlledici oldu. Referi Vüsal Əliyev bununla da Lənkəran təmsilçisinin etirazına səbəb oldu.
Qayıdaq "Bakı"nın pankart məsələsinə. "Xəzər Lənkəran" azarkeşlərinin hərəkətini cavabsız qoymayan "Bakı"lı fanatlar gözlənilən pankartı hesab bərabərləşəndən sonra qaldırdı: "Hər şey göz qabağında! Kim kimin qucağında!" Düzdü, ilk pankart qədər yaradıcı olmadı, amma "Bakı" fanatları bununla rəqibə cavab vermiş oldu...

Rövşən Əhmədovun derbisi

Turun digər maraqlı qarşılaşması da Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi və əzəli rəqiblər "Qarabağ"la "Neftçi" üz-üzə gəldi. Azərbaycanın ən böyük tarixi olan derbisi 40-cı dəfə baş tutdu. Ölkə futbol tarixində bütün çempionatların iştirakçıları "Qarabağ" və "Neftçi" tarixlərinə, adlarına yaraşan mücadiləyə çıxdılar. Mərkəzi arenaya toplaşmış 3000-dən çox azarkeş futbol şousundan zövq almaqdan heç bir çətinlik çəkmədi.
İngilissayağı vurulmuş qol, tirdən dönən zərbə, bir sözlə hər şey futbolun estetikasına xidmət edirdi. Lakin oyunun gözəlliyinə matçın baş hakimi Rövşən Əhmədov və köməkçiləri kölgə saldı. Belə ki, referi ikinci yarıda azı iki dəfə "Qarabağ"ın penaltisini vermədi. Əvvəlcə, 52-ci dəqiqədə "Neftçi"nin futbolçuları Rauf Əliyevi yerə yıxsa da, Əhmədov 11 metrlik nöqtəni göstərmədi. 80-ci dəqiqədə Raufun zərbəsi İqor Mitreskinin əlinə dəysə də, referinin fiti yenə susdu. Son dəqiqələrdə Əhəmədov daha bir səhvə yol verdi. Belə ki, "Neftçi"nin qapısının yaxınlığında - künc bayrağının yanında "Neftçi"nin futbolçusu Denis Silva ilə "Qarabağ"ın oyunçusu Rəşad Sadiqov əlbəyaxa oldu. Futbolçuların və hakimlərin müdaxiləsi nəticəsində ara sakitləşdi və referi səbəbkar Silvanı sarı vərəqə ilə cəzalandırdı. Halbuki, bu epizodda braziliyalı futbolçu qırmızı vərəqəyə layiq idi.

Oyuna gəlincə, "Qarabağ"ın heyətindəki itkilər və psixoloji gərginlik komandanın oyununa təsirsiz ötüşmədi. Bir müddətdi zədəli olan Emin İmaməliyev sağalsa da, start heyətində meydana çıxmadı və matçın gedişində mübarizəyə qoşuldu. Maksim Medvedevin Adı 18-liyə salınsa da, oynamadı. Digər zədəlilər - Andreys Rubins, Samir Abbasov, Ayxan Abbasov, Əfran İsmayılov hələ sağalmadığından kənarda qaldı. Bu oyunda "Qarabağ" daha bir itkinin acısını çəkdi. Belə ki, oyundan əvvəl zədə alan komandanın əsas silahı Georgi Adamiiya ilk dəqiqələrdən oyuna qoşula bilmədi və bu da hücumların kəsərsizliyi ilə nəticələndi. Son iki oyundakı məğlubiyyətin yaratdığı psixoloji gərginlik bu dəfə də özünü göstərdi və "Qarabağ" ardıcıl üçüncə məğlubiyyətini aldı.
"Neftçi"nin oyununa gəlincə, deyəsən, baş məşqçi Arif Əsədov Flavinyonun zədələnməsindən sonra komandanın yeni oyun sxemini tapa bilmir. Hər halda, ilk yarıda sərgilənən bərbad oyun, hücumun dişsizliyi bunu deməyə əsas verir. Yaxşı ki, Əsədov tez ayıldı və oyunu alınmayan Amit Quluzadəni Emil Mpenza ilə əvəzləyərək, komandanın hücum xəttini gücləndirdi.

"Muğan"ın intiqamı ağır oldu

Turun sürpriz nəticəsi Salyanda qeydə alındı. Turnir cədvəlinin autsaydarlər sırasında yer alan "Muğan" son çempion "İnter"i məğlub etməklə hamını təəccübləndirdi.
Əslində bu komandalar arasında Bakıda baş tutan ilk oyunda da "Muğan"ın qələbə, ən azından isə bir xal qazanmaq imkanı var idi. Lakin həmin qarşılaşmada baş hakimi Elnur Muradovun "Muğan"ın əleyhinə oyunun nəticəsinə birbaşa təsir edən qərarları Salyan təmsilçisini xalsız qoymuşdu. Bu dəfə isə "Muğan" istəyinə çatdı. Baş məşqçi Almir Hurtiçin istefasından sonra komandaya başçılıq edən Bəhmən Həsənov ikinci oyununda çempion komandanı məğlub etməklə, "Muğan"ı siyahıdan silməyin tez olduğunu göstərdi. Bu oyun bir daha sübut etdi ki, "İnter"də problemlər var və komanda qış fasiləsində heyətinə əl gəzdirməlidi.

"Qəbələ" uçuşa davam edir

Mövsümə ardıcıl məğlubiyyətlərlə başlayan və bu səbəbdən tənqid hədəfinə çevirilən "Qəbələ" uğurlu oyunlar seriyasını davam etdirir. Toni Adamsın komandası bu turda "Simurq"a divan tutdu - 4:0. Bununla da "Qəbələ" məğlubiyyətsiz oyunlar seriyasını 9-a çatdırdı. Bu həmçinin bölgə klubunun qapısında qol görmədiyi 8-ci ardıcıl oyun oldu.
Bu tur "Gəncə" üçün əlamətdar oldu. Autsayder MOİK üzərində çətin qələbə qazanan bölgə klubu 5 oyundan sonra üç xala sevindi. Çünki Fuad İsmayılovun komandası "Neftçi"yə məğlubiyyətdən sonra 5 tur idi ki, qələbəyə həsrət qalmışdı.
Tovuzda baş tutan oyunda da gözlənilən nəticə qeydə alındı. Mövsümün sürpriz komandası AZAL "Turan" üzərində minimal hesablı qələbə qazanıb, "İnter"in məğlubiyyətindən yararlanaraq, üçüncü pillədəki yerini möhkəmləndirdi və "Xəzər Lənkəran"la xal hesabını müəyyənləşdirdi.

Premyer Liqa
XV tur

Bakı - Xəzər Lənkəran 1:1
Qollar: Emin Cəfərquliyev, 56 - Uinston Parks, 17.

Qarabağ - Neftçi 0:1
Qol: Ruslan Abışov, 56.

Muğan - İnter 1:0
Qol: Anxel Qutiyerres, 77.

Qəbələ - Simurq 4:0
Qollar: Deon Barton, 30-pen. 61-pen. Kristian Torres, 55. Arif İsayev, 90.

Gəncə - MOİK 1:0
Qol: Junivan Suares, 86.

Turan - AZAL 1:2
Qolar: Muammer Erdoğdu, 58 - Zohair Benouahi, 12; 53.

Pərvin Kazımoğlu
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.