Bu gün Bakıda bədii gimnastika üzrə Azərbaycan çempionatı keçirilib.
Trend-in məlumatına görə, sayca 21-ci olan çempionat yeni tikilmiş Milli Gimnastika Arenasında baş tutub.
Yarışlarda 22 senior gimnast, həmçinin 1999-2001-ci il təvəllüdlü idmançılar da iştirak ediblər. Gimnastlar mütləq çoxnövçülükdə, o cümlədən ayrı-ayrı növlər üzrə medallar uğrunda yarışıblar.
Yarışlarda Respublika Kompleks İdman Məktəbi və "Baku Flames" klubunun gimnastları ilə yanaşı, "Neftçi", Bakı Gimnastika Məktəbi, "Spartak", Şağan OİK və "Ocaq Sport Klubu"-nun idmançıları da iştirak ediblər.
Turnirdə, həmçinin Bakıda təlim-məşq toplanışlarında olan Macarıstan və Qazaxıstan gimnastlarının müsabiqədənkənar çıxışları olub.
Çoxnövçülükdə Marina Durunda gürzlər, lent, halqa və topla hərəkətlərdə müvafiq olaraq 18.550, 16.600, 17.850 və 18.600 bal toplayaraq ümumilikdə 71.600 balla ikinci dəfə Azərbaycan çempionu adını qazanıb. Çempionatın gümüş medalını Lalə Yusifova əldə edib. Bürünc medala isə Gülsüm Şəfizadə sahib çıxıb.
İdmançılar çıxışlarını başa vurduqdan sonra qala-konsert və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan çempionatının nəticələri belədir:
Yuniyorlar:
Halqa ilə hərəkətlər:
1. Jalə Piriyeva
2. Züleyxa İsmayılova
3. Zöhrə Ağamirova
Topla hərəkətlər:
1. Züleyxa İsmayılova
2. Jalə Piriyeva
3. Zöhrə Ağamirova
Gürzlərlə hərəkətlər:
1. Jalə Piriyeva
2. Züleyxa İsmayılova
3. Ruqiyyə Səttarova
Lentlə hərəkətlərdə:
1. Züleyxa İsmayılova
2. Jalə Piriyeva
3. Ruqiyyə Səttarova
Çoxnövçülükdə:
1. Züleyxa İsmayılova
2. Jalə Piriyeva
3. Ruqiyyə Səttarova
Böyüklər:
Halqa ilə hərəkətlər:
1. Lalə Yusifova
2. Marina Durunda
3. Nilufər Niftəliyeva
Topla hərəkətlərdə:
1. Marina Durunda
2. Lalə Yusifova
3. Gülsüm Şəfizadə
Gürzlərlə hərəkətlərdə:
1. Marina Durunda
2. Gülsüm Şəfizadə
3. Ayşən Bayramova
Lentlə hərəkətlərdə
1. Gülsüm Şəfizadə
2. Lalə Yusifova
3. Nilufər Niftəliyeva
Çoxnövçülükdə:
1. Marina Durunda
2. Lalə Yusifova
3. Gülsüm Şəfizadə
Çempionatın Milli Gimnastika Arenasında keçirilməsi və 13-15 iyun tarixlərində təşkil olunacaq bədii gimnastika üzrə Avropa çempionatı öncəsi test-turniri xarakteri daşıması yarışlara olan marağı daha da artırıb.
21-ci Azərbaycan çempionatı yeni tikilmiş Milli Gimnastika Arenasında keçirilən ilk turnir olub. Yarışa bir neçə gün qalmış baş tutan bu möhtəşəm idman kompleksinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva iştirak ediblər.
İdman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Milli Gimnastika Arenasının tikintisi də beynəlxalq əhəmiyyətli idman yarışlarının yüksək səviyyədə təşkili üçün geniş imkanlar açır.
Kompleksin fasadı xüsusi formada işlənib. Burada maraqlı illüminasiya elementləri təqdim edən ekranlar quraşdırılıb. Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının da keçirilməsi üçün uyğunlaşdırılmasıdır.
Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda hotel də yaradılıb.
Burada idmançılar üçün hər cür şərait yaradılıb.
Milli.Az
---------
19:35