Fransanın "L'Equipe" qəzeti "Real Madrid"in paltardəyişmə otağında Xabi Alonso ilə bəzi futbolçular arasında yaranmış gərginlik və daxili xaos barədə məlumat yayıb.
Milli.Az xəbər verir ki, Xabi Alonsonun idarəetmə tərzi narazılıq yaradıb.
Məlumata görə, Xabi Alonsonun tətbiq etdiyi meritokratiya (yəni bacarıq və performansa əsaslanan idarə sistemi) komandanın bir neçə ulduz futbolçusunun narazılığına səbəb olub. "L'Equipe" yazır ki, "Real Madrid" bu mövsüm yalnız bir oyun uduzsa da, kulis arxasında vəziyyət olduqca qarışıqdır.
Qəzet qeyd edir:
"Real Madrid" paltardəyişmə otağı partlamağa hazır bir bombanı xatırladır və baş məşqçi partlayış baş vermədən futbolçular üzərində nəzarəti ələ almalıdır. Karlo Ançelotti ötən mövsüm çətin vəziyyətdə olan komandanı idarə edə bilirdi, Xabi Alonso isə oyunçunun adından çox forma durumuna baxır. Bu isə bəzi oyunçularla münasibətlərdə gərginliyə gətirib çıxarıb".
18 yaşlı argentinalı futbolçu Mastantuononun qısa zamanda əsas heyətdə yer alması, xüsusilə Rodriqo və Brahim Diazın narazılığına səbəb olub. Hər iki futbolçu özlərinin daha çox şans qazanmalı olduqlarını düşünür.
Ətraflı
Rodriqo sağ cinahda oynamamaq istədiyini dəfələrlə bildirib, lakin Alonsonun təzyiqlər qarşısında bu istəyi qəbul etməyə məcbur qaldığı iddia olunur.
İngilis futbolçu Cud Bellingem son aylarda formadan uzaq düşüb. Klian Mbappenin gəlişi və zədələr vəziyyəti daha da çətinləşdirib. "L'Equipe" yazır ki, Mastantuono və Arda Gülər yüksək səviyyədə çıxış edərkən, Bellingemin oyuna daxil edilməsi komandadakı tarazlığı poza bilər.
Arda Gülərin performansı Alonsonun qərarlarını çətinləşdirir. Bellingem son dönəmlərdə az oynadığına görə narazıdır, lakin Alonsonun Arda Güləri kənarda saxlaması da mümkün görünmür.
Federiko Valverde müdafiədə oynamaq istəmədiyini dəfələrlə açıqlayıb. Alonso isə onu bəzi oyunlarda sağ cinah müdafiəçisi kimi oynatmaq məcburiyyətində qalıb. Vinisius Junior da oyundan çıxarıldığı hallarda açıq şəkildə narazılığını göstərir.
Qəzet qeyd edir ki, bu davranışlar artıq komanda daxilində idarəolunmaz eqoların yaranmasına gətirib çıxarıb. "Real Madrid" rəhbərliyi daxildəki bu gərginliyin böyüməsindən narahatdır./Qaynarinfo
Milli.Az