İdman

Azərbaycanlı güləşçilər 8 medal qazanıblar

23 İyun 2022 07:05
0 Şərh     Baxış: 655

İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri start götürüb.

Azərbaycan Güləş Federasiyasından bildirilib ki, yarışın ilk günündə 55, 60, 63, 67, 87, 97 və 130 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Altımız kiloqram çəki üzrə yarışan idmançılar 2 qrupa bölünüb. A qrupunda yer alan güləşçilərimizdən Murad Məmmədov ilk turda türkiyəli Ekrem Öztürkə (14:1), Nihat Məmmədli isə amerikalı İldar Hafizova (9:4) qalib gəlib. İkinci turda güləşçilərimiz bir-biri ilə qarşılaşıblar. Daha təcrübəli Murad 7:1 hesablı qələbə əldə edib. Sonuncu turda Nihat Ekrem Öztürkü (11:0), Murad isə İldar Hafizovu (9:0) çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəliblər.

B qrupunda Eldəniz Əzizli startda rumıniyalı Teodor Horataunu çətinlik çəkmədən məğlub edib - 8:0. Dünya və Avropa çempionumuz növbəti görüşdə 2018-ci ildə qitə birinciliyinin finalında məğlub etdiyi Helari Maeqisaluya (Estoniya) tam üstünlüklə (10:0) qalib gəlib və adını yarımfinala yazdırıb.

M.Məmmədov yarımfinalda Helarini (9:4), E.Əzizli isə Nihatı (9:0) üstələyib. N.Məmmədli 3-cü yer uğrunda görüşdə Maeqisaluya (10:0), Məmmədov isə finalda Əzizliyə (9:1) qalib gəlib.

Altımış üç kiloqramda A qrupunda qərarlaşan Taleh Məmmədov ilk görüşdə moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuyla bacarmayıb. Məmmədov ikinci turda amerikalı Deyvid Telkeyə tam üstünlüklə qalib gəlib - 10:0. Taleh yarımfinalda rumıniyalı Razvan Arnauta gücünü göstərib - 4:1. Məmmədov finalda yenidən Çiobanuyla qarşılaşıb və bu dəfə revanş alıb - 4:2

Həsrət Cəfərov (67 kq) təsnifat mərhələsində macar Erik Torbanı vaxtından əvvəl məğlub edib - 8:0. Cəfərov 1/4 finalda isveçli Niklas Oehlenə də aman verməyib - 9:0. Həsrət yarımfinalda 23 yaşadək güləşçilər arasında dünya ikincisi Məhəmməd Cavad Rezaiyə (İran) 8:3 hesabı ilə qalib gələrək adını finala yazdırıb. Həlledici görüşdə türkiyəli Furkan Yıldıza göz açmağa imkan verməyən (9:0) Cəfərov baş mükafata yiyələnib.

İslam Abbasov (87 kq) ilk mərhələdə estoniyalı Ranet Kaljoladan güclü olub - 5:0. Abbasov 1/4 finalda macar İştvan Takaçı yolundan kənarlaşdırıb - 10:4. İslam yarımfinalda dünya ikincisi Aleks Kessidisə (İsveç) qalib gəlib - 2:0. Sumqayıt güləş məktəbinin yetirməsi finalda Macarıstanın digər təmsilçisi Erik Silvaşini sonuncu xal prinsipinə əsasən (1:1) üstələyərək, turnirin qalibi olub.

Doxsan yeddi kiloqram çəkidə təmsilçilərimiz 1/8 finalda üz-üzə gələcək. Arif Niftullayev cərimə xalları ilə Murat Lokyayevi üstələyib - 2:0. Niftullayev 1/4 finalda macar Aleks Şokeyə 1:3 hesabı ilə uduzub.

Sabah Şəriəti (130 kq) ilk görüşdə 23 yaşadək güləşçilər arasında son Avropa çempionu Dariuş Attila Vitekə (Macarıstan) heç bir şans tanımayıb - 8:0. Şəriəti 1/4 finalda amerikalı Kolton Şults üzərində də təmiz qələbə qazanıb - 10:0. Bu mərhələdən mübarizəyə qoşulan Beka Kandelaki isə litvalı Romas Fridrikasa qalib gəlib - 4:0. Yarımfinalda təmsilçilərimiz üz-üzə gəlib. Sabah sonuncu xal prinsipinə əsasən (1:1) finala vəsiqə qazanıb. Kandelaki 3-cü yer uğrunda görüşdə Şultsu 4:2 hesabı ilə məğlub edibsə, Şəriəti finalda dəfələrlə dünya və Avropa çempionu olmuş Rza Kayaalpa (0:4) uduzub - 0:4.

Beləliklə, yunan-Roma güləşçilərimiz yarışın ilk günündə 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics