İdman

AFFA daha bir hakimi cəzalandırdı

7 May 2010 20:24
Baxış: 198
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AFFA cəzalandırılan hakimlərin sayını artırıb. Bu dəfə FİFA referisi Anar Salmanov "qara siyahı"ya salınıb. Onun cəzalandırılmasına səbəb oyunun nəticəsinə təsir göstərən kobud səhvə yol verməsidir. Supersport.az saytının verdiyi məlumata görə, A.Salmanov "Xəzər Lənkəran" - "İnter" qarşılaşmasında ilk hissənin sonunda Bakı klubunun qapısına onbirmetrlik cərimə zərbəsi təyin edərkən doğru qərar verməyib. Buna görə AFFA Hakim-İnspektorlar Komitəsinin sədri, oyunun hakim-inspektoru Gülağa Cabbarov hakimə qeyri-kafi, konkret olaraq 4 bal verib.

Assosiasiyanın Hakimlər Komitəsi də Salmanovun həqiqətən də kobud səhvə yol verdiyini təsdiq edib. Bu səbəbdən adıçəkilən hakim AFFA tərəfindən sərt cəzaya məruz qalıb. Hakimlər Komitəsi, FİFA referisini mövsümün sonunadək ölkədaxili yarışlarda oyunları idarə etməkdən kənarlaşdırıb.

Məsələ ilə bağlı AFFA Hakim-İnspektorlar Komitəsinin sədri, oyunun hakim-inspektoru Gülağa Cabbarov hər hansı açıqlama verməkdən imtina edib: "İntizam kodeksinə əsasən, hakim-inspektor olduğum hər hansı oyun haqda heç bir şərh verə bilmərəm. FİFA və UEFA-da da belədir. Əks halda, cəza verilir. Bu, hüquq pozuntusu deyil. Hakim-inspektor referinin idarəçiliyinə qiymət verir. Bu haqda Hakimlər Komitəsi və yarışın təşkilatçısına məlumat verilir".

Hakim-inspektorların şişirtmə qiymət yazmadığı qənaətində olan G.Cabbarov referilərin səhvə yol verdiyini qeyd edib: "Kodeksə əsasən hakim-inspektor qiymətləndirmə zamanı səhvlər buraxarsa, yəni şişirdilmiş qiymət verərsə və ya əsassız olaraq aşağı qiymət yazarsa cəza alır. Hakim-inspektorlar futbol qaydalarını mükəmməl bilirlər, təcrübəlidirlər. Demək olar ki, onlar arasında cəzalandırma halları yoxdur. Hakimlərə gəlincə, dünya futbolunda olduğu kimi, bizdə də səhvlərə yol verilir. Bunlar təhlil olunur, referilərimiz çalışırlar ki, bu təkrarlanmasın. Bizim əsas vəzifəmiz onlara kömək etməkdir".

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun fikirlərini öyrənmək cəhdi isə baş tutmayıb.

Xatırladaq ki, aprelin 23-ü keçirilən 29-cu tur çərçivəsində "Xəzər Lənkəran" - "İnter" oyununda hesab 0:1 olarkən baş hakim Anar Salmanovun matçın 44-cü dəqiqəsində təyin etdiyi penaltini İvan Svetkov dəqiq yerinə yetirməklə bərabərlik qolunu vurmuşdu. Sonda isə oyun 2:2 başa çatmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.