Cəmiyyət

Azərbaycanın Xınalı kəndi: Xınalıqdakı dağ evlər, ulduzlu qayalar - FOTO

26 Noyabr 2021 23:29
0 Şərh     Baxış: 843

Xınalıq Qubanın mərkəzindən 65 kilometr məsafədə yerləşən qədim dağ kəndidir. Milli.Az aviatravel.az-a istinadən bildirir ki, qışda Xınalığa qalxmaq ayrı bir zövqdür. Kənd ərazisi dövlət tarix-memarlıq və etnoqrafik qoruq elan edilib və onu açıq səma altında muzey adlandırmaq olar. Burada ənənəvi həyat tərzi və özünəməxsus memarlıq qorunub saxlanılır. Yerli əhali isə dünyanın hər yerindən etnoloq-alimlərin diqqətini cəlb edən özünəməxsus dildə danışır. Turistləri isə Xınalığa cəlb edən yerli əhalinin qonaqpərvərliyi və ulduzlu səma altında dağ mənzərələridir.

"İncildəki Nuhun" həyatda olan törəmələri

Arxeoloji və tarixi araşdırmalar göstərir ki, Xınalıq əhalisinin əcdadları buraya təqribən 2000 il bundan əvvəl köçüblər.

Ancaq bu regionu araşdıran bir sıra jurnalistlər yerli əhalinin öz köklərini 5000 il əvvələ, Qafqaz Albaniyası dövrünə aid etdiyini yazırlar.

Yerli əhali arasında dolaşan rəvayətə görə, Xınalıq sakinləri "İncildəki Nuhun" həyatda olan törəmələridir.

Qafqaz dağlarının zirvələrindən birində

Xınalıq kəndi Qafqaz dağlarının zirvələrindən birində, Qızıl Qaya, Şahdağ, Tufandağ və Xınalıq dağlarının əhatəsində, Qudyalçayın sol sahilində, dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir. Tufandağın Xınalıqla üzbəüz olmasının kənd sakinləri üçün xüsusi mənası var. Rəvayətlərdən birinə görə, bu dağda 1000 il əvvəl güclü zəlzələ nəticəsində dağılmış qədim kəndin xarabalıqları yerləşir. Hesab edilir ki, Xınalığın əsasını qoyanlar elə həmin kəndin sakinləri olub.

Buranın iqlimində ağac bitmir, yalnız otlar və kollar, habelə kənd təsərrüfatı bitkiləri yetişir. Payızın əvvəlindən bu yerlərdə soyuqlar başlayır. Qış soyuq və qarlı keçir, şaxta mənfi 30 dərəcəyədək enə bilər.

Terras formasında (bir evin damı ondan hündürdə tikilmiş digər ev üçün həyət rolu oynayır) tikilən daş evlər Xınalığın bənzərsiz görünüşünü formalaşdırır. Belə ki, burada qayalar çox sıldırımlıdır, evlər isə sıx tikilib. Həyətlərdə kiçik bostan salınıb. Evlər 200-300 il əvvələ aiddir. Kənddə daha qədim tikililər var. Qoruq olan Xınalıqda yeni tikinti aparmaq qadağan edildiyi üçün kənd ilkin memarlıq simasını qoruyub saxlayıb.

İndiyə qədər Xınalıqda evlər təzəklə qızdırılır. Vaxtilə yanacağın bu növü Azərbaycanda geniş yayılmışdı.

Xınalıqlılar kəndi "Kətiş", özlərini "Kət" və ya "Kəttid", öz dillərini isə "Kətiş mitsl" adlandırırlar. "Xınalıq" adı sonradan yaranıb: bu ya xına rəngli qayalar, ya da hun tayfasının adı ilə bağlıdır.

Xınalıqdan Qəbələyə kəsə dağ yolu indiyədək qalır

Xınalıq kəndinin sakinləri özlərini ayrıca etnik qrupa aid edirlər. Bu, Qəbələnin Nic kəndində yaşamış uti tayfalarına qohumluğu çatan, Şahdağ etnik qrupuna aid milli azlıqdır. Xınalıqdan Qəbələyə kəsə dağ yolu indiyədək qalır, kəndin sakinləri ötən əsrin ortalarınadək qonşu kəndə alış-veriş üçün gedərdilər.

Xınalıqlılar möhkəm bədən quruluşu, bir qayda olaraq bəstə boyu, şabalıdı rəngli saçları, qonur və ya mavi gözləri ilə seçilirlər. Bu etnosun öz dili var. Xınalıq dili haqqında ilk məlumata Avropa mənbələrində - R.Fon Erkertin 1895-ci ildə Vyanada alman dilində nəşr edilmiş "Qafqaz köklü dillər" kitabında rast gəlinir. Müəllif xınalıq dilinin qrammatika və frazeologiyasına toxunub. Xınalıq dilini öyrənmək üçün XX əsrdə kənddə SSRİ Dilçilik İnstitutunun xüsusi filialı yaradılıb. Burada işləyən dilçilər bu dilin latın qrafikası əsasında əlifbasını tərtib ediblər. Bir məlumata görə əlifba 72, digər məlumata görə 77 hərfdən ibarətdir.

Hazırda Xınalıq kəndində 2 min nəfərədək əhali yaşayır. Kənd sakinləri ənənəvi həyat tərzini qoruyub saxlayıblar. Onların ətraf mühitlə sıx əlaqədə olan özünəməxsus adətləri var. Toylar və digər mərasimlər nəsildən-nəslə ötürülən adətə uyğun keçirilir.

XX əsrin ortalarınadək Xınalıqda icma münasibətləri qalırdı. Burada yaşayan hər tayfanın öz məhəlləsi, qəbiristanlığı, məscidi və müqəddəs yerləri olub. İndi də kənd ayrı-ayrı tayfaların yaşadığı məhəlləyə bölünür. Bəzən bu məhəllələr inzibati ərazi vahidi rolunu oynayardı. Hər məhəllənin öz ağsaqqalı olardı. Bu gün Xınalıqda əsasən dörd tayfanın nümayəndələri yaşayır.

Şəhərə yol uzun və çətin olduğu üçün kənd sakinləri oraya ildə cəmi bir-iki dəfə gedər, yayda öz məhsullarını satar, ərzaq və digər lazım olan şeyləri alıb evə qayıdardılar.

Xınalıq əhalisinin hamısı dindardır. Xınalıqlılar İslama qədər atəşpərəst olublar. İslam dini qəbul edildikdən sonra burada çoxlu sayda məscid tikilib. Hazırda kənddə 10-dan çox tarixi məscid qorunub saxlanılır.

Turistləri nə cəlb edir? 

Kənd əhalisi heyvandarlıq, əsasən qoyunçuluqla məşğul olduğundan burada toxuculuq geniş yayılıb. Xınalıqda yun sapdan toxunan şallar vaxtilə bütün Quba qəzasında məşhur olub. Ətraf kəndlərin sakinləri onu paltar tikmək üçün alardılar. Keçmişdə yun şaldan tikilən çuxa milli geyim olub, bunu əsasən zəngin adamlar geyinə bilərdilər. Xınalıqda, eləcə də Azərbaycan regionlarının bir çox digər kəndlərində cürbəcür qalın yun corablar geniş yayılıb.

Yerli əhalinin əsas məşğuliyyətindən biri dərman bitkiləri toplamaqdır. Onları həm özləri üçün, həm də turistlərə satmaq məqsədilə yığırlar.

Avqust ayından Xınalıqda bal mövsümü başlayır. Dağ balının bənzərsiz dadı və ətri olur. Kənd əhli balı 70 dərdin dərmanı adlandırır. Payızda keçi əti mövsümü başlanır. Onun xüsusi dadı olur.

Bu özünəməxsus kəndə gələn turistlər adətən qonaqpərvər sakinlərin evində qalırlar. Ekoturizm həvəskarları çadırlarda qala bilər.

Kənddən dağ yolu ilə Şah yaylağına keçərək Xınalıq aşırımından Qızıl Qaya dağ massivinə (3700 metr) qalxmaq olar. Buraya ən yaxın kəndlərdən biri Qusar çayının sahilində yerləşən ləzgi kəndi Lazadır. Otuz kilometr məsafəni ya atla, ya da dağ cığırı ilə getmək olar. Xınalıq sakinləri turistlərə, həmçinin milli güləş, at yarışları və bazarların keçirildiyi Şah Nabat yaylağına atla turlar təşkil edə bilər.

Lakin Xınalıq təkcə qədim adət-ənənələri ilə tanımır, bu yerlərdə... "qar adam"ı da görənlər olub. Bu hadisə 1988-ci ildə baş verib, gənc ovçu Babəli Babəliyev daş duza gələn dağ keçilərini ovlamaq üçün Xınalıq ətrafındakı mağaraların birində pusqu qurub. Mürgüləyən ovçunu öz bədəni ilə mağaranın ağzını tutan məxluq oyadıb. Gözlərini açan Babəli qarşısında səssiz dayanaraq ona baxan insanabənzər bədheybət məxluqu görüb. Qorxudan ovçunun əl-ayağı tutulub, yanındakı tüfəngi götürə bilməyib. Bir qədər dayanan "qar adam" sonradan çıxıb gedib. Bu hadisədən sonra Babəli uzun müddət özünə gələ bilməyib və o mağaradan uzaq gəzib.

Yolunuz Xınalıq kəndinə düşsə, burada 2001-ci ildə açılmış tarix-etnoqrafik muzeyə getməyi unutmayın. Onun nadir eksponatları sizə Xınalığın qədim və maraqlı tarixi ilə ətraflı tanış olmağa imkan yaradar. Ümumi sahəsi 160 kvadratmetr olan iki zalda ənənəvi qab-qacaq, geyim, xalçalar, avadanlıq, əslən bu kənddən olanların fotoşəkilləri və digər maraqlı eksponatlarla tanış olmaq mümkündür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.