Cəmiyyət

Qələbə və inkişafa hədəflənmiş iqtisadi siyasət - 10 il

30 İyul 2021 00:02
Baxış: 1 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır. Məqsəd və vəzifələri, orta və uzunmüddətli dövr üçün inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirmədən, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarını hazırlamadan ölkənin sosial-iqtisadi həyatında əsaslı dönüşə nail olmaq mümkün deyil. Ötən 10 il ərzində Prezident İlham Əliyevin qurduğu iqtsiadi siyasət Azərbaycanın bir dövlət kimi dayaqlarını möhkəmləndirdi.

2010-2020-ci illər Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatının dayaqlarının möhkəmləndirilməsi və inkişaf etdirilməsi baxımdan olduqca məhsuldar illər oldu

Milli.Az Trend-ə istinadən bildirir ki, bu illər ərzində Cənubi Qafqaz iqtisadiyyatında 60% paya malik güclü Azərbaycan iqtisadiyyatı formalaşdırıldı. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 4 753 manatdan 7 263 manata çatdı. Qeyri-neft sahələri üzrə istehsal 1,6 dəfəyə yaxın artdı. Kənd təsərrüfatında məhsul istehsalı 3,9 mlrd. manatdan 8,4 mlrd. manata çatıb. İxracda qeyri-neft sektorunun payı 7,4%-dən 13,7%-ə çatdırıldı. • Dövlət büdcəsinin gəlirləri 2,1 dəfə artaraq 24,7 mlrd. manat oldu. Əhalinin gəlirlərinin real həcmi 1,3 dəfə, o cümlədən əhalinin hər nəfərinə düşən gəlirləri 2 dəfə artıb. Hazırda adambaşına düşən gəlir 5 587,6 manatdır. Xatırladaq ki, 2010-cu ildə bu göstərici 2 866 manat təşkil edirdi.

10 ilin sonunda bugün Azərbaycanda orta aylıq əmək haqqının nominal məbləği 2,1 dəfə artaraq 331,5 manatdan 707,3 manata çatıb. Qeyd edək ki, bu göstəriciyə görə Azərbaycan MDB-də ilk yerdədir.Orta aylıq pensiyanın isə nominal məbləği 2,7 dəfə artaraq 112,9 manatdan 302,2 manat olub.

Azərbaycanın bu iqtsiadi inkişaf göstəriciləri müxtəlif beynəlxalq təşkilatlarda bir neçə pillə birdən irəliləməsinə imkan verdi. Hazırda Azərbaycan "Doing Business"də 191 ölkə arasında 28-ci yerdədir və dünyanın ən islahatçı 10 ölkəsindən biridir.

Bu illər ərzində Azərbaycanda enerji sektoru, sənaye, kənd təsərrüfatı, tikinti sektoru, nəqliyyat, informasiya, rabitə və yüksək texnologiyalar, turizm, maliyyə və bank sektoru və digər sahələr üzrə ciddi inkişafa nail olundu.

Bir sıra sahələr üzrə inkişaf göstəricilərini və əldə olunmuş nailiyyətlərini bəzilərini təqdim edirik:

Enerji sektorunun inkişaf göstəriciləri və əldə olunmuş nailiyyətlər

  • Son on ildə elektrik enerjisinin istehsalında 27,6% artıma nail olunub. Belə ki, 2020-ci ildə elektrik enerjisinin istehsalı 2010-cu illə müqayisədə 7134,6 mln. kVt·st artaraq 25 811,2 mln. kVt·st olub;
  • Elektrik enerjisinin ixracı 3 dəfə artaraq 380 mln.kVt•st-dan 1 150,7 milyon kVt•st-a çatmış, ölkə enerji ixracatçısına çevrilmişdir;
  • Elektroenergetika sahəsində fəaliyyətin dayanıqlığı artırılmış, texnoloji bazası gücləndirilmiş və infrastrukturu təkmilləşdirilmişdir;
  • Neft-qaz hasilatının perspektiv təminatı üçün istehsal modernləşmişdir;
  • 2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalamışdır;
  • Hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracı təmin edilmişdir;
  • Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyinin artırılması üçün alternativ və bərpa olunan enerji mənbələri üzrə infrastruktur, bu sahədə özəl sektorla əməkdaşlıq genişləndirilmişdir;
  • Türkmənistanla "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi ilə bağlı Anlaşma imzalanmışdır.

Sənaye sahəsində aparılmış islahatlar və inkişaf göstəriciləri

  • Hazırda ölkədə ümumi daxili məhsulun ½-dən, o cümlədən qeyri-neft iqtisadiyyatının ¼-dən çoxu sənaye sahələrində istehsal olunur;
  • Sənaye yeni inkişaf mərhələsinə qədəm qoymuş, 2014-cü il "Sənaye ili" elan edilmişdir;
  • Azərbaycanın regionda güclü sənaye mərkəzinə çevrilməsini təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" hazırlanmışdır;
  • Pandemiya və xarici təsirlərə baxmayaraq qeyri-neft sənayesi ən yüksək templərlə artmışdır (2020-ci ildə 12,5%);
  • Sənaye sahələri modernləşdirilmiş və strukturu təkmilləşdirilmiş, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli, elmtutumlu və innovativ istehsalı genişləndirilmişdir;
  • Sənayedə istehsalın diversifikasiyası genişləndirilmiş, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye parkları və sənaye məhəlləsi fəaliyyətə başlamışdır;
  • 2020-ci ildə sənaye zonalarında (parklar və məhəllələr) 1,3 mlrd. manat həcmində istehsal olmuş, bunun 55%-i ixrac olunmuşdur;
  • Sənaye parklarında rezident statuslu 50 müəssisədən 35-i fəaliyyətə başlamış, 2020-ci ilədək 6 mlrd. manatdan çox investisiya yatırılmış və 9 000-dən artıq iş yeri yaradılmışdır;
  • Sənaye məhəllələrində iştirakçı statuslu 30 müəssisədən 17-si fəaliyyətə başlamış, indiyədək 73 mln. manat investisiya yatırılmış və 280-dən artıq iş yeri yaradılmışdır;
  • Kosmik sənaye quruculuğu inkişaf etdirilmiş, "Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı" hazırlanmış, peyk xidmətlərinin ixracına başlanılmışdır;
  • Qeyri-neft sənayesinin əsas halqalarını formalaşdıran maşınqayırma, avadanlıq istehsalı, cihazqayırma və tikinti materiallarının istehsalı sahələrində yeni rəqabətqabiliyyətli müəssisələr yaradılmış, o cümlədən Gəncədə traktor və kənd təsərrüfatı texnikası, Naxçıvanda avtomobil, Mingəçevirdə elektron avadanlıqlar, Sumqayıtda günəş panellər, Qaradağda metal konstruksiyalar, Hacıqabulda seramik plitələr istehsalı müəssisələri qurulmuşdur;
  • Bakıda və regionlarda toxuculuq, geyim istehsalı, dəri məmulatları və ayaqqabı istehsalı, kağız və karton istehsalı, mebel istehsalı və digər qeyri-neft emal sənayesi sahələrində fəaliyyət göstərən yeni müəssisələr tikilib istifadəyə verilmişdir;
  • Güclü müdafiə sənayesinin qurulması istiqamətində 50-yə yaxın yeni istehsal sahəsi yaradılmış, hərbi təyinatlı məhsullarla yanaşı, mülki məmulatların da istehsalı təşkil olunmuşdur;
  • Ərzaq məhsullarının istehsalı sahəsində İmişlidə Şəkər Zavodu, Abşeronda Duz Zavodu, Sumqayıtda Bitki Yağları Emalı Zavodu, Oğuzda Qarğıdalı Emalı və Qlükoza İstehsalı Zavodu, müxtəlif bölgələrdə süd kombinatları, konserv zavodları və digər müəssisələr istismara verilmişdir;
  • Ələt azad iqtisadi zonası fəaliyyətə başlamışdır.

Kənd təsərrüfatı sahəsində görülmüş işlər

  • Son 10 ildə qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin orta hesabla 1/5-nə qədəri kənd təsərrüfatında istehsal edilmişdir;
  • Aqrar sahəyə dövlət dəstəyi, o cümlədən maliyyələşmə mexanizmi təkmilləşdirilmiş, aqrar sığorta inkişaf etdirilmiş və investisiyaların cəlbi üzrə stimullar sistemi formalaşdırılmışdır;
  • Aqrar sahədə idarəetmə sistemi təkmilləşdirilmiş, ekoloji təmiz və keyfiyyətli kənd təsərrüfatı məhsul və xidmətlərinə çıxış artırılmışdır;
  • Aqrar istehsalın texnika və istehsal vasitələrilə təminat səviyyəsi yaxşılaşdırılmış, əlçatanlığın artırılması üzrə institusional islahatlar aparılmışdır;
  • Kənd təsərrüfatının aparıcı sahələrində müasir texnologiyaların intensiv tətbiqinə nail olunmuş, məhsuldarlığın və ixracın artması trendə çevrilmişdir;
  • Əksər kənd təsərrüfatı və qida məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi təmin edilmişdir;
  • Aqrar sahə üzrə məlumat bazaları yaradılmış və kənd təsərrüfatının elektronlaşdırılması işlərinə başlanılmışdır;
  • Aqrar emal sənayesi və logistika infrastrukturu inkişaf etdirilmişdir;
  • Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi sahəsində islahatlar aparılmışdır.

Turizm sahəsində əsas göstəricilər və əldə olunmuş nailiyyətlər

  • Son 10 ildə (pandemiya nəzərə alınmadan) turizm sektoru 3,3 dəfə böyümüş, ölkənin bu sahədə potensialı əhəmiyyətli yaxşılaşmışdır;
  • Ölkəyə səfər edən xarici vətəndaşların sayı 2010-cu ildəki 1,9 mln. nəfərdən artaraq 3,2 mln. nəfərə çatmış, mehmanxanalara yerləşdirilmiş şəxslərin sayı isə 4,5 dəfədən çox artaraq 2 mln. nəfərə çatmışdır;
  • Azərbaycanda turizm brendinin formalaşdırılması, təbliği, qlobal turizm bazarında rəqabət qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə turizm üzrə idarəetmə sistemi təkmilləşdirilmişdir;
  • Turizm sahəsində qanunvericilik təkmilləşdirilmiş, yeni turizm marşrutlarının yaradılması, işgüzar və mədəni turizm sahələri inkişaf etdirilmişdir;
  • Ölkənin turizm imkanlarının tanıdılması və infrastruktur layihələrinin həyata keçirilməsi üzrə regionları əhatə edən çoxsaylı informasiya mərkəzləri yaradılmışdır;
  • Turizm potensialının beynəlxalq səviyyədə təbliği üçün genişmiqyaslı təbliğat və marketinq işləri görülmüş, "tax free" və "e-Viza" sistemləri tətbiq edilmiş, 6 ölkədə turizm nümayəndəliklərinin fəaliyyəti təmin edilmişdir;
  • Müxtəlif turizm infrastrukturları, o cümlədən yeni mehmanxana və mehmanxana tipli müəssisələr istifadəyə verilmişdir.

Ötən il pandemiyanın dünya iqtsiadiyyatına ağır təsirlərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı ötən ildə artım olub. Azərbaycan həm də pandemiya ilə mübarizənin uğurlu modelini ortaya qoymuş oldu.

Ölkədə geniş miqyaslı pandemiya ilə mübarizə tədbirləri görüldü

  • İnfeksiyanın ölkənin sosial-iqtisadi həyatına mənfi təsirlərinin qarşısının alınmasını nəzərdə tutan kompleks tədbirlər hazırlanıb
  • Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmış və Prezidentin ehtiyat fondundan bu məqsəd üçün ilkin olaraq 20 milyon manat vəsait ayrılıb
  • Hazırda Fonda 113,8 mln. manat vəsait toplanmışdır ki, bunun da 7,4 mln. manatı vətəndaşlar tərəfindən ianə edilmişdir;
  • Pandemiyanın mənfi təsirlərinin azaldılması ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir;
  • Tədbirlər Planında zərər çəkmiş sahələrə dəstək, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, post-pandemiya dövründə isə yeni iqtisadi artım modelinə keçid üzrə təxirəsalınmaz işlər nəzərdə tutulmuşdur;
  • Koronavirusla mübarizə büdcəsi 4 mlrd. manat olmaqla ÜDM-in 5,5%-ni, o cümlədən qeyri-neft ÜDM-in 7,9%-ni, büdcə xərclərinin isə 15,2%-ni təşkil edir;
  • Konoravirusla mübarizə çərçivəsində məşğulluq və sosial rifahın dəstəklənməsinə 610 mln. manat, səhiyyə məqsədlərinə 754,2 mln. manat, iqtisadi artım və sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə 1,1 mlrd. manat, verilmiş kredit portfeli üzrə 1,5 mlrd. manat, beynəlxalq miqyasda tədbirlərin dəstəklənməsinə 39,3 mln. manat vəsait xərclənmişdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.