Cəmiyyət

YARAT təqdim edir. “Quş uçuşu yüksəkliyindən donanmanın fotoxronikası” Hərbi Dəniz Donanması Gününə həsr olunmuş fotosərgi - VİDEO

22 İyul 2021 15:39
Baxış: 318

Bakı Küçə Fotoqrafiyası Festivalı Hərbi Dəniz Donanması Gününə həsr olunmuş "Quş uçuşu yüksəkliyindən donanmanın fotoxronikası" adlı fotosərgi təqdim edir. Sərgi Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (RİMM) və YARAT Müasir İncəsənət Məkanının dəstəyi ilə təşkil olunur. Tədbirin təşkilatçıları arxiv materiallarının təqdim edilməsinə görə Azərbaycan Fotoqraflar Birliyinə minnətdarlıq bildirirlər.

Ekspozisiyaya fotoqraf Viktor Korvin-Kerber tərəfindən çəkilmiş kadrlar daxildir. Viktor Korvin-Kerberin fotolarında əks olunan bu tarixi silsilə, tamaşaçıları "yer səviyyəsindən qaldırır" və hamıya tanış olan şəhər və dənizi tamamilə fərqli bir rakursdan nümayiş etdirir.

Əsrlər boyu Avropa ilə Asiyanın sərhədində yerləşən Xəzər dənizi, onun sahillərində yaşayan xalqların və ölkələrin iqtisadi və mədəni inkişafı prosesində mühüm rol oynamışdır. Xəzər dənizi Yaxın və Orta Şərq ölkələrini, habelə Hindistan və Çini Avropa ilə birləşdirən ən rahat su yolu olub. Azərbaycanın hərbi dəniz tarixi öz kökləri ilə əsrlərin dərinliklərinə gedib çıxır.

Fotoqraf haqqında
Viktor Lvoviç Korvin-Kerber (1894-1970) - Reveldə (indiki Tallin, Estoniya), hərbi dəniz elitasının ailəsində anadan olub. Viktor Kerberin uşaqlıq illəri Kronştadtda keçib. Daha sonra, orta məktəb illərini Sankt-Peterburqda yaşayıb. 1912-ci ildə, Karl May adına alman gimnaziyasını bitirmişdir. Gimnaziyanı bitirəndən sonra, Viktor aviasiya ilə maraqlanıb, Rusiyada Nikolay Farusekin ilk məktəb aviasiya dərnəyinin fəaliyyətində yaxından iştirak edib. Texniki cəhətdən istedadlı olan bu gəncin uşaq yaşlarından daha bir marağı fotoqrafiya olub. Məhz Bakıda Viktor Kerber iki sevimli məşğuliyyəti birləşdirmək üçün unikal imkan əldə edib. 

Alman əsilli zadəgan nəslinin, Rusiya İmperator Donanmasının admirallar nəslinin nümayəndəsi, çar ordusunun zabiti, ağqvardiyaçı, sovet mühəndisi, repressiyaya uğramış, daha sonra reabilitasiya olunmuş aviakonstruktor, Qızıl Ordunun zabiti, istehsal təşkilatçısı. Qeyri-adi şəxsiyyət olduğundan, onun həyatı yüksəlişlər, enişlər və ən gözlənilməz dönüşlər ilə zənginidir. Bir şey isə dəyişməz qalıb: dəniz aviasiyasına qarşı sevgi və sədaqət. Həyat yolunun bu seçimini, o, Bakı Dəniz Aviasiyası Zabit Məktəbində edib. 1918-ci ildən sonra Viktor Lvoviçə Bakıya dönmək qismət olmasa da, ən nadir aerofotoçəkilişlər kolleksiyasını o, məhz burada çəkib və toplayıb ki, bu gün onun əhəmiyyətini qiymətləndirmək çox çətindir.

Keçirilmə tarixləri: 23-27 iyul 2021-ci il. Keçirilmə yeri: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, 2-ci mərtəbə Bayıl, Dövlət Bayrağı Meydanı. Sərginin iş rejimi: çərşənbə axşamı - bazar günü, saat 12:00-dan 20:00-dək. Giriş sərbəstdir

*Xahiş edirik, nəzərə alasınız ki, pandemiya məhdudiyyətləri ilə əlaqədar olaraq, sərgi məkanında ziyarətçilərin sayı 8 nəfərə qədər məhdudlaşdırılır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az, журнал "Баку", журнал Nargis, АзерТадж, Mədəniyyət TV, CBC TV, 1news.az.

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.