Rusiya məhsullarda aqrokimyəvi maddələri daha ciddi yoxlayacaq
Milli.Az Real TV-ə istinadən bildirir ki, Rusiya meyvə-tərəvəz idxalçıları qarşısında yeni tələblər qoyub. Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı federal qanununun beynəlxalq əməkdaşlığa dair bölməsində müvafiq dəyişiklik olunub. Yeni qanunvericilikdə bitkiçilik məhsullarının, pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi, o cümlədən Rusiyaya idxal olunan pestisid və aqrokimyəvi maddələrin qüvvədə olan qeydiyyat şəhadətnaməsinin mövcud tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədilə onların laborator müayinələrinin aparılması üçün sınaq materiallarının və ya nümunələrin götürülməsi nəzərdə tutulur.
Azərbaycan qida təhlükəsizliyi insitutunun departament müdiri Camal Quliyev qeyd etdi ki, təqbiq olunan yeniliyə əsasən, Rusiya meyvə-tərəvəz məhsullarının idxalında dövlət nəzarətini daha da gücləndirib.
Qeyd edək ki, Rusiya Federasiyasına meyvə-tərəvəz ixracı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin AQTA-da qeydiyyatdan keçməklə zəruri məlumatları təqdim etmələri tələb olunur.
Milli.Az