Cəmiyyət

Köynəyi yaşıl oğlanlar

11 İyun 2021 23:00
Baxış: 1 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bütün insanların tərcümeyi-halında məzmun və mahiyyətcə eynilik təşkil edən, yaşadığı ömür yolunda mütləq olan sətirlər var: doğulduğu tarix, təhsili, iş yerləri, bu sıradan şəxsi həyatına məxsus illərin əksi... və nə vaxtsa haqqa qovuşduğu tarix. Bunlar ali varlığın yaşadığı tale, pozulmayan alın yazısıdır. Fərqli olan isə necə yaşamasıdır. Enişli-yoxuşlu yollardan, mübarizələrdən keçərək ləyaqətli bir ömrü haqq etmək də, boşuna yaşayıb özündən sonra bir iz qoymamaq da həyat vərdişindən yaranır. Əslində hər ikisi də insanın doğulduğu ailədə aldığı tərbiyədən qanına-canına hopur. Kiçiklər böyüklərdən gördüklərini əxz edirlər. Onların hansı əxlaqda, düşüncədə olmaları da məhz burdan rişələnır...

Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, yazıçı, publisist Şəfəq Nasirin Böyük Vətən savaşında şəhidlik zirvəsinə ucalan iki dost - Munis Abbaslı və Toğrul Atakişiyevin xatirəsinə həsr etdiyi "Köynəyi yaşıl oğlanlar" məqalədə yer alıb.

Milli.Az AZƏRTAC-a istinadən yazını təqdim edir.

Yaxın günlərdə Beyləqana səfərim zamanı ulu yurdda doğulan, qədim torpağın suyu, çörəyi ilə böyüyüb yetkinlik yaşına çatan, elin təbirincə desəm, çiçəyi burnunda gedən iki dostun, şəhidin ailəsində olarkən təkzibi olmayan bu həqiqəti bir daha düşüncəmdən keçirdim... Haqqında söz açmaq istədiyim dostlar eyni ildə (2000) doğulub, bir sinifdə oxuyublar, həm də bir küçədə yaşayırdılar, qonşuydular. Kim bilir, yeniyetməlik köynəyindən təzəcə çıxmış bu oğlanların qəlbində göy qurşağı gözəlliyində nə qədər arzuları, istəkləri varmış. Elə eyni dərdlə, toxdaqlıqla yaşayan, sinələri qürur hissilə döyünən anaların da oğullarından miras qalan dostluğu oxşar talelərində yaşamaq qisməti varmış. Hələ qara paltarlarını əyinlərindən çıxarmayan anaların həyat vərdişləri od olub ürəyimi qarsdı. Ətrini oğlunun şəkillərindən, əsgər paltarlarından alan hər iki ana elə bil doğma ruhların arasında gəzirdilər. Gecənin bir aləmində darvaza taqqıltısından diksinib oyanan, gözləri yollardan yığılmayan dərddaşların, acısını öynəsinə yavanlıq edən anaların havasından necə qarsılmayasan...

İlk döydüyüm darvaza şəhidimiz Munis Həbibulla oğlu Abbaslının yaşadığı ev oldu. Həyətə ayaq qoyandan evin adamları məni araya aldılar. Gəlişimin məqsədini açıqlamasam da duymuşdular. Qəfil qonaq - qələm adamı şəhidin yaşadığı evə hansı məqsədlə gələr! Gözləri üzümə zillənən ata-ana haradan və nədən başlayacağımın intizarındaydı. Mənimsə müsahiblərimə sualım yox, ricam oldu: mənə Munisin həyatından danışın.

Ata oğulun ləyaqətlə yaşadığı gödək ömrünə işıq çilədi: Nəzərimdə hələ dünənki uşaq olan Munis elə bil birdən boy atdı. Onun könüllü olaraq müharibəyə gedib cəsarətlə döyüşməsi, düşmənə qan uddurması oğlumu gözümdə ucaltdı. Munisin ən böyük arzusu 30 ilə yaxın işğalda olan dədə-baba torpaqlarımızı azad etmək, erməni təxribatlarının qarşısını almaq, qollu-qüvvətli igid kimi düşmənin qabağında sipər olmaqdı. Oğlum son nəfəsinəcən məqsədi yolunda döyüşdü...

Munis Həbibulla oğlu Abbaslı 2000-ci il martın 18-də qədim yurd yerlərimizdən olan Beyləqanda doğulub. 2006-2017-ci illərdə şəhər 2 nömrəli orta məktəbdə təhsil alıb. Elə bu illərdə əxlaqı, istiqanlı olması, dosta sədaqəti, daim öz üzərində çalışması ilə hamının rəğbətini qazanıb. İdmanı (sərbəst güləşlə məşğul olub) həyat tərzində inkişaf etdirən məktəbli oğlan 2010-cu ildə yarışlara qatılaraq birincilik qazanıb.

M.Abbaslı 2018-2019-ci illərdə Sərhəd Qoşunlarının Qəbələ rayonunda yerləşən hərbi hissədə hərbi xidmətdə olub. Əsgərlikdən sonra (2 oktyabr 2019) Azərpambıq MMC-nin Beyləqan pambıq emalı zavodunda yanğından mühafizə xidmətində işə qəbul olunub. 2020-ci ilin 25 avqustuna qədər burada çalışıb. Həmin vaxtda Munisin məqsədi müddətdən artıq hərbi xidmətdə olmaq idi. O, fikirləşmədən sənədlərini Hərbi qulluqçuların hazırlığı kursuna verir və müraciətinə əsasən kurs keçən Munis Beyləqan rayonunda yerləşən "N" saylı moto-atıcı hərbi hissəsinin Piyadanın Döyüş Maşını (PDM-3) taborunda PDM-li manqanın baş atıcısı vəzifəsində xidmətə başlamış, cəmi 19 gün hərbi təlim keçmişdi. Arzularının beşiyi olan ürəyində təhsilini davam etdirmək də vardı. Odur ki, sənədlərini Ağdam Dövlət Sosial İqtisad Kollecinə verib. Qəbul olunduğu haqda xəbəri eşidəndə o, cəbhədə idi. Çünki, işğalda olan torpaqlarımızı faşist xislətli ermənilərdən azad etmək istəyi ondan ötrü öndə olub.

Munisin döyüş yolu xidmət etdiyi hərbi hissənin tərkibində Füzulinin Alxanlı kəndindən başladı. Cəmi 18 gün davam edən bu yol Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən qanlı-qadalı döyüşlərdən keçdi. İşğalda olan torpaqlarımızın azadlığı uğrunda canlarından keçən oğullarımız kimi, Munis də cəbhədə aslan kimi döyüşüb, rəşadət göstərib, yaralı əsgərlərimizi döyüş meydanından çıxarıb. Bütün bunlar haqqında valideynlərinə Munis Abbaslının dəfnində iştirak edən cəbhə yoldaşları danışıb. Deyiblər ki, Munis torpaqlarımızın işğaldan azad olunması yolunda hər an canından keçməyə hazır olan oğul idi. Oldu da! O gün ermənilərin atdığı minomyot 5 nəfər döyüşçünün həyatına son qoyub. Həmin vaxt Munisin bazı sümüyü zədələnib, şah damarı qırılıb. Deyirlər, ölümün gözünə dik baxan igidin, 9 saat mühasirədə qalan şəhidin təbəssümü çöhəsində donubmuş... Munisdən sonra evlərində onun məzun lentini tapılıblar. Yoldaşları yazıbmış ki, ən böyük arzun şəhid olmaqdır. Arzu edirik ki, arzuna çatasan. Munis yazıb: İnşallah!

Deyirəm, nə yaxşı ki, Vətən savaşında iştirak etdiyi 18 gündə Munis imkan tapdıqca doğmaları ilə telefon əlaqəsi yaradıb. İndi Şəhidin yadigar səsi doğmalarından ötrü yanan ürəyə çilənən sərin su kimidi...

"Ana, komandir bizi "Quran"ın altından keçirib. Bizə heç nə olmaz... Ermənilər başımızın üstündən qrad yağdırır. Siz də dualarınızı dolu kimi yağdırın... Ana, ya yaralı qayıdacağam, ya da bayrağımıza bükülüb gələcəyəm..." Ana fəryad qoparır: "Mən səni ölməyə yox, öldürməyə göndərmişəm, oğul. Təki əsir düşmə, bu ağrını yaşaya bilmərəm..." Munisin səsi: "Hər gün sabaha diri çıxanda sevinirəm, məni saxlayan sənin dualarındı, ana..."

Söhbətimiz boyu başı sinəsinə əyilmiş Kəmalə xanım birdən-birə dikəldi, nəmli gözlərilə oğlunun divardan asılmış şəklinə baxdı: "Balam qanı ilə tarix yazdı... Nə qədər qolundan-qıçından, gözlərindən şikəst olanlar var. Deyirdim, gözümü gözdən şikəst olan bir qazimizə verəcəm. Balamdan sonra göz yaşım selə döndü. O gün yoxdu ki, ağlamayım. Daha gözlərim də tutulub. Kor gözün gözsüz qaziyə nə köməyi... "

Amma belə qəmgin danışan Kəmalə xanımın təskin yeri də var. Deyir, xoşbəxt anayam ki, oğlum əsir düşmədi. Bir də ona görə xoşbəxtəm ki, oğlum yanıma bütün əzaları üstündə qayıtdı. Ən böyük təskinliyim odur ki, yaşadığımız küçəyə oğlumun adı verilib. Hər gün divara həkk olunmuş "Munis Abbaslı küçəsi" sözlərini oxuyanda elə bil qulağıma səsi gəlir, bikef olma, ana, yanındayam,- deyir. Oğlumun ölümündən sonra Ali Baş Komandanın Sərəncamı ilə "Füzuli uğrunda", "Vətən uğrunda", "İgidliyə görə" medalları ilə təltif olunması da ürəyimi toxdadır.

Atası da oğlu ilə telefon söhbətlərini xatırlayır: "Munis deyirdi, ata, müharibə dəhşətdir, faciədir. Günorta bir yerdə çörək yediyim əsgər yoldaşımın həmin gün meyitini daşıyıram... Ermənilər qadağan olunmuş silahlardan Gəncəyə, Bərdəyə, Beyləqana atanda Munisin aramsız zəngi gəldi, qəzəbi səsində partladı: ata, bu yurdsuz-yuvasızlar cəbhə bölgəsindən uzaqda yerləşən yaşayış yerlərimizə də atdılar. Biz bu qansızların cavabını elə döyüş meydanında veririk, verəcəyik də..."

Söhbət əsnasında öyrəndim ki, Munisin atası Həbibulla Abbaslı I Qarabağ müharibəsində iştirak edib. 2016-cı ildə Aprel döyüşlərində isə əsgərlərimizə silah-sursat daşıyıb. Həbibullanın əmisioğlu Ramiz Abbaslı da I Qarabağ müharibəsində şəhid olub, Milli Qəhrəmandır. Qismətə bax ki, Ramiz şəhid olan günün səhəri atəşkəs elan olunub... Sən demə, Munisin qəlbində çağlayan Vətən sevgisi, yurda, torpağa bağlılığı kökdən və ailə tərbiyəsindən gəlib...

Şəhid Toğrul Ramil oğlu Atakişiyevin yaşadığı evin qarşısındayam. Toğrulun əsgər geyimində darvazaya bənd edilmiş portretindən boylanan sakit, ciddi baxışları bura gələnlərə sanki xoş gəldin deyib, evə dəvət edir. Bilmirəm, Toğrul qapılarının ağzında "dayanandan" bu cür qarşılanmaq qonaqlara necə təsir edib, mənə gəlincə, qəlbimdə duyduğum rahatlıqla həyətə qədəm basanda anladım ki, Şəhidin adını anan hər kəs bu evdə ehtiramla, mehribanlıqla qarşılanır...

Toğrul da cəmi 20 bahar gördü. Hamı kimi qayğısız uşaqlıq çağlarını yaşadı, orta məktəbdə təhsil aldı. Bütün yaşıdları kimi onun da qəlbi şirin arzularla çağladı. Amma qeyrətli oğul kimi dərk etdi ki, arzularına yol işğalda olan torpaqlarımızı düşmən tapdağından azad etməkdən keçir...

Üç ay imiş ki, Lənkəranda Hərbi Polis şöbəsində işləyirdi. 2020-ci il oktyabrın 1-də bir bölümün tərkibində Beyləqana ezam olunub. Üç gün Cəbrayılda (könüllü olaraq) döyüş meydanından həlak olanların meyitlərini və erməni əsgərlərinin qoyub qaçdıqları hərbi qənimətləri çıxarırdılar. O, Cəbrayıl, Füzuli, Hadrutdan Beyləqana morqa gətirilən meyitləri qarşılayırmış. Cərciz Peyğəmbərin uyuduğu məkanda meyitləri yuyub-kəfənləyəndən sonra ailələrinə göndərirlərmiş...

Geniş, işıqlı otağa qədəm qoyandan Toğrulun kiçik xalça üzərində toxunmuş portreti diqqətimi çəkmişdi. Bildiyimə görə bütün şəhidlərin portretləri toxunub ailələrinə hədiyyə olunmuşdu. Bu, xalqımızın şəhid oğullarına böyük ehtiramının ifadəsiydi... Toğrulu yaxından tanımaq üçün doğmaları ilə söhbət etdim. Eşitdiklərimdən duydum ki, filmlərdə gördüklərindən fərqli, dəhşətli müharibənin içində olub igidimiz. Yəqin geri dönəcəyi zaman hamıya başlarına gələnlərdən, ermənilərə necə qan uddurduqlarından danışacaqdı, bəlkə də cəbhə xatirələrini yazacaqdı... Bunları xəyal edirkən elə bil Toğrulun müharibənin od-alovu içindən ucalan səsini eşitdim, boyunu gördüm. Bu məqamda çoxdan tanıyırmış kimi onunla kəlmə kəsmək, səsini eşitmək istəyindəydim. Şəhidim bunu hiss edirmiş kimi, gülümsər baxışları ilə sanki mənə "xoş gəldiniz", - deyib, çərçivədən "çıxdı". Bu dəm anasının pıçıltıyabənzər hüznlü səsini eşitdim: Canımda ağrıyan canım... Toğrul bir anda gözlərimin qarşısından çəkilib xalçaya həkk olunmuş portretinə "qayıtdı".

Ana için-için sızıldayırdı. Deyirdi, balamı torpağa tapşırandan hər gün paltarlarını töküb üstündə ağlayırdım. Bir gecə yuxuda gördüm ki, əsgər geyimində evə gəldi, ana, paltarlarımı aparmağa gəlmişəm, - dedi. Gecə-gündüz göz yaşı tökdüyüm balama əyan olubmuş... Araya çökmüş sükutu ata pozdu: "Morqda şəhidləri "qarşılayan" günlərdə baş verənlərlə bağlı ondan xəbərlər alırdım. Bir küçədə yaşadığı sinif yoldaşı Munisi də morqda Toğrul tanıyıb. Dostunun itkisinə dözə bilməyən balam "qanlı döyüşlərə qatılmalıyam, it uşaqlarını qırmasam ürəyim soyumz"- deyib, qan-qadanın içinə könüllü getdi. Hadrut, Tuğ istiqamətində gedən odlu döyüşlərdə iştirak etdi. Şəhid olan gün səhər telefonda mənə dedi ki, zəng çatmasa, axşam özüm zəng edərəm. Elə o gün Toğrulu Hadrutda minamyotla vurublar, meyiti 4 gün neytral zonada qalıb..." Oktyabrın 21-i şəhadətə qovuşan balamızı, 25-i gecə ailəsinə gətiriblər. Ertəsi gün şəhidimizi torpağa tapşırıblar...

Doğmalarının Toğrul haqqında dedikləri hər söz, yaşadıqları ağrılar, sızıltı ürəyimi sıyırsa da elə onlar kimi toxdaq görünməyə çalışırdım. Çox qeyrətli, ağıllı, övlad imiş. Ailənin çətin dolanışığını görüb deyirmiş ki, fikir eləməyin, hər şey yaxşı olacaq. Gələcəyinə ümidlə baxırdı. Özünə ikimərtəbəli ev tikmək istəyirdi. Amma sevdiyi qıza ürəyini açmağa belə macal tapmadı...

Eşitdiklərimin təsirindəykən atanın səsinə özümə qayıtdım: "Axır günlər mənə deyirdi: Ata, heç kimə pislik eləmə, həmişə ürəyin Allahla olsun, Yaradanımıza dua elə... Bir gecə yuxuda gördüm ki, böyük bir çay boyu bəlkə mindən çox əsgər geyimində oğlanlar balıq tuturlar. Toğrul da onların arasında idi, mənə baxıb gülümsəyirdi. Qəflətən qayıtdı ki, məndən ötrü göz yaşı tökməyin, elə gözəl yerdəyəm ki... "

Toğrul da qeyrətli bir kökün qorundan od almışdı. Bu ailədə hər kəs sanki "Cəngi" havasının sədaları altında doğulmuşdu. Vətən torpaqlarının təəssübkeşiydilər. Şəhidimizin əmisi İlham Atakişiyev I Qarabağ müharibəsində rəşadətlə döyüşüb, veterandır. Dörd qardaşın ailəsində dünyaya gələn yeganə oğul övladı Toğrul hamının sevinci, ümid yeriydi. Gözəl əxlaqa, tərbiyəyə malik olan cəngavər hər an döyüşə hazır idi. Alın yazısı onu da yüksək məqama çatdırdı. Düşmən çəpəri olan igidimiz torpaqlarımızın işğaldan azad olunması uğrunda özünü fəda etdi, canından çox sevdiyi bayrağımıza bükülərək torpağa tapşırıldı. Toğrul Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ölkə başçısının Sərəncamı ilə "Cəbrayıl uğrunda" medalı ilə təltif olunub...

Soydaşlarımız zaman-zaman ata-baba yurdlarından didərgin oldular, qaçqın, məcburi köçkün kimi qərib yerlərə səpələndilər, amma bitib-tükənmədilər. Yenidən dirçəlib birləşdilər, kök atdıqları əzəli torpaqlarına sahiblik etməkdən ötrü ayağa qalxdılar. Munislə Toğrul kimi...

Yolboyu onları məktəbdə, evlərində, küçədə "görməyə çalışdım". Deyəsən bacardım. Bax, mənə sarı gəlirlər, yaxınlaşıb utancaq bir təbəssümlə salamlaşdılar. Ömrün qələmə çağlarını yaşayan bu oğlanlar yaşıl köynəkdəydilər. Vətən müharibəsinə də yaşıl arzularla getdilər, yağı düşməndən intiqam aldılar, evlərinə bayrağa bükülüb qayıtdılar. Göy səmanın altında yaşıl köynəklərində torpağa əmanət oldular. Sinələrində qırmızı güllər bitirdilər...

Əbədiyyətdə dirçəlişiniz mübarək, Vətən sevdalıları...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.