Azərbaycanda ekoloji sahədə fəaliyyət göstərən və ya fəaliyyəti ilə ətraf mühit siyasətini dəstəkləyən qurumları özündə birləşdirən DANMA (Dayanıqlı Azərbaycan Naminə Milli Alyans) Alyansı təsis olunub. Bununla bağlı, 23 fevral tarxində Bakı Konqres Mərkəzində mətbuat konfransı keçirilib.

Milli.Az xəbər verir ki, 2020-ci ilin mart ayından başlayaraq IDEA İB-nın təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ekologiya sahəsində fəaliyyət göstərən bir çox təşkilat və qrupların nümayəndələri arasında ətraf mühitin mühafizəsi üçün səylərin birləşdirilməsi məqsədilə inkluziv dialoqa start verilmişdir.

Bu günədək keçirilən interaktiv müzakirə və görüşlər nəticəsində ekolojı fəalların vahid Alyansda birləşməsi zərurəti yaranmışdır. Alyansın əsas məqsədi Azərbaycanın yaşıl və dayanıqlı gələcəyinin yaradılmasına dəstək olmaq, o cümlədən gəncləri ətraf mühitin mühafizəsinə səfərbər etmək, ölkədə ekoloji problemlərin həlli üçün özəl sektor, hökumət və vətəndaş cəmiyyəti arasında daha yaxşı əməkdaşlığa nail olmaqdan ibarətdir. Alyansa üzv olan qurumların iştirakı ilə keçirilən görüşlərdə Azərbaycanın mövcud ekoloji vəziyyəti barədə və problemlərin həlli yolları istiqamətində müzakirələr keçirilib və araşdırmalara başlanılıb. Eyni zamanda, Alyans üzvləri gələcək fəaliyyətləri barədə planların tərtibinə başlayıb.

Məlumdur ki, Yer kürəsində ekoloji problemlər gün keçdikcə daha da mürəkkəbləşir, onlarla mübarizə isə daha böyük səy və güc tələb edir. Ətraf mühitin səmərəli mühafizəsi planetimizin gələcəyini düşünən gənc eko fəalların qüvvələrinin birləşdirilməsini, daha sistemli mübarizə yollarının düşünülməsini tələb edir. Bunları nəzərə alaraq, dayanıqlığın əhəmiyyəti və ekoloji təhdidlər barədə məlumatlılığın artırılması, gənclərin ekoloji fəalığa cəlb edilməsi, ətraf mühitə qəsdən və ya təsadüfən vurulmuş zərərin araşdırılması, ətraf mühit üçün ziyansız istehlak və istehsal modellərinin təşviq edilməsi yeni yaradılan alyansın əsas vəzifələri arasındadır.

İlk olaraq, Alyansa Dünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi (WWF Azerbaijan), EkoSfera - Sosial Ekoloji Mərkəz, AZGREEN, Sağlam Düşüncə Gənclər Təşkilatı, İnsan və Mühit İctimai Birliyi, Sağlam Həyata Doğru Ekoloji İctimai Birliyi, Sosial Hüquqların Araşdırılması İctimai Birliyi, OIKOS və Bakı Dövlət Universiteti eko klubunun nümayəndələri qoşulub.

Dayanıqlı inkişaf çox əhatəli anlayış olmasına baxmayaraq onun təməlində planetimizin ekoloji sağlamlığı durur. Odur ki, Alyans bütün təbiətsevər gəncləri ətraf mühitin üzləşdiyi təhdidlərin aradan qaldırılmasında fəal iştirak etməyə, baş verən ekoloji fəlakət fonunda ətraf mühit problemlərinin bəşəriyyətin üzləşdiyi ən ciddi təhlükə olduğunu DANMAmağa çağırır.

Qeyd edək ki, ekologiya sahəsində fəaliyyət göstərən bütün fəallar Alyansa qoşulmaq üçün bizə müraciət edə bilərlər.

https://www.facebook.com/DANMA.Azerbaijan/
https://www.instagram.com/danma.azerbaijan/