Ötən il ərzində həyat tərzimiz çox dəyişdi. Buna səbəb isə uzun müddət sürən pandemiya idi, sözün əsl mənasında bir çox layihə və müəssisələri dondurdu. Və bu gün son hadisələrin festival həyatına necə təsir etdiyini öyrənmək və Azərbaycan İnternetində ən çox gözlənilən layihə olan Digital Food Fest haqqında ilk məlumatı almaq üçün Bakıda küçə festivallarının əsas təşkilatçısı Aylin Seyidova ilə görüşməyə qərar verdik.
Müsahıbəni Milli.az oxucularına təqdim edirik.
- Aylin xanım, çoxdandır festivallar təşkil edirsiniz ? Karantin səbəbindən heç bir tədbirin olmaması ilə necə mübarizə apardınız?
-Bəli, həqiqətən də, zaman çox sürətlə gedir və 2017-ci ildən bəri (elə o vaxtdan başlamışıq) doğma Bakımızda böyük həvəslə təşkil etdiyimiz yemək festivallarının çox uğurlu və əyləncəli mövsümləri olmuşdur. Və deyəsən əsas məqsədin öhdəsindən gəldik - xalqımızı çox vacib olan küçə festivalları mədəniyyəti ilə tanış etdik. 2020-ci il, bütün qadağaları ilə özüm üçün başqa bir çağırış kimi qəbul etdim.
- Necə oldu ki Onlayn festival yaratmaq fikrinə gəldiniz və bu necə işləyir?
-Əvvəlcə tamamilə iş istiqamətimizi itirmişdik - nəyi necə planlaşdıracağımızı, hansı formatda çalışacağımızı bilmirdik. Və təxirə salınan Avro-2020 çempionatının bütün F&B(Food & Beverage) zonasına cavabdeh şəxs kimi başa düşürdüm ki,yardılmış situasiyaya birtəhər uyğunlaşmaq lazımdır.Düzü, uşaqlıqdan bəri ən çox sevdiyim oyun "The SİMS" idi və elə oldu ki, komandamız rahat və rəqəmsal şəhər atmosferini yaratdı, və artıq evinizdən çıxmadan real şəraitdə tamamilə unikal yeməkləri sərfəli qiymətlərlə sifariş edə bilərsiniz. Bu ideyanın reallaşmasında bizə baş sponsorumuz olan Coca Cola Azerbaijan ilə yanaşı , çatdırılma üzrə tərəfdaşımız Wolt və Mərcan şirkətləri köməklik etmişdirlər.
- Üzvləriniz barədə bizə məlumat verin, onların sırasına necə qoşulmaq olar?
-Artıq bizimlə işləyən hər kəs dəyərlərimizi , iş prinsipimizi və iştirakçılarımıza hansı qayğı ilə yanaşdığımızı yaxşı bilir - satışlarının yaxşı olduğunu, sahədə rahat olduqlarını və yenidən qayıtmaqdan məmnun olduqlarını bilmək bizim üçün hər zaman vacibdir. Digital Food Fest layihəsi ətrafımızda bir festival ailəsi kimi formalaşan müntəzəm tərəfdaşlarımıznan yanaşı, həm də bu sahədə yeni addımlarına başlayan və bazarda tam güclənməyi bacarmayanları da topladı. Layihə iştirakçılar üçün tamamilə pulsuzdur və ortaqlarımızı dəstəkləmək üçün düşünülmüşdür və satıcıdan tələb olunan yalnız festival zamanı www.digitalfoodfest.az saytında -15 yanvar - 15 fevral 2021-ci il tarixinədək əldə edilə biləcək bir neçə unikal yeməklərin hazırlanmasıdır.
- Maraqlı sviteriniz var, səhv etmirəmsə üzərində QR kod var?
- Bəli! Bu, bütün yemək sevənlər üçün daha bir texnoloji fikirdir - @ I.Sell.Wear dizayner paltarları ilə birlikdə Foodie məhsulunu satışa təqdim etdik.Və Sizi birbaşa platformamıza yönəldəcək QR kodu Hoodie-ə əlavə etdik ki,Hoodie-ni geyindiyiniz halda dəbli və ən əsas tox olasınız)
- Festivaldan daha nə kimi sürprizlər gözləyə bilərik?
-Söz düşmüşkən qeyd etmək istərdim ki bununla bağlı əlimzdə daha çox imkanlar var! Festival mövsümü ərzində maraqlı və cəlbedici endirim aksiyaları, lotereyalar və daha çox yeniliklər elan edəcəyik. Bununla yanaşı layihənin rəsmi məhsul şirkətindən də uduşlu hədiyyələr olacaq, lakin əsas sürprizi növbəti sifarişlər üçün istifadə edilə biləcək endirim kuponlarını təqdim edəcək lojistik tərəfdaşımız olan Wolt Azerbaijan hazırladı. Buna görə də festival zamanı diqqət yetirəcəyiniz çox şey olacaqdır.