Cəmiyyət

Şeyx Nəsrullahın səyliyi: maşın əldən getdi!

12 May 2010 09:47
Baxış: 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu yaxınlarda nüfuzlu dünya qəzetlərindən biri sürücülərin yol polislərinə dediyi ən gülməli bəhanələri açıqladı. Məsələn, bir sürücü saatda 150 km sürətlə hərəkət edərkən radara düşüb. Cərimə yazılanda özünü Avropanın ağıllısı bilib, polisə ağılagəlməz bəhanə uydurub. Deyib, sizin radarınız mənim üstümlə uçan təyyarənin sürətini göstərib. Hiss olunur ki, radara düşən maşının sahibi bu işin peşəkarı olub. Bundan da istedadlı bəhanə?!

Amma tələsməyin, bizim şəhərin küçələrində rastlaşdığım elə istedadlı, ağıllı və qəribə adamlar haqqında sizə danışacam ki, yatıb yuxunuzda görə bilməyəcəyiniz qədər maraqlı olacaq.
Di, ya allah, getdik.

Donuz qripinin meydan suladığı vaxtlarda qonşuluğumuza yaşlı bir kişi köçdü. Saqqal saxlayıb təsbeh çevirsə də, alkaşın, zırramanın biriydi. Ağ "Qaz 24"-nün  cırıq "kurişitil"in xorultusu qapılarının ağzında kəsən kimi arvadın çığırtısı, üç qızının zıqqıltısı, dörd oğlunun bağırtısı  məhəlləni başına götürərdi. Səbəb də bu idi ki, on beş yaşına çatmış qızları məhəllə oğlanları ilə oynayırlar, arvadı və oğlanları onların qeyrətini çəkməkdə acizdirlər. "Qaz 24" ilə taksiçilik edib, qazandığını da arağı verərək, gödənini doldurardı. Bir dəfə gəldi ki, "prava"mı itirmişəm, təzəsini götürmək üçün 200 manat pul istəyirlər. İki gün sonra gördüm ki, kişi başına buxara papaq qoyub, saqqalını Həmədan mollaları kimi düzəltdirib. Təsbehin uzunluğu da yarım metrə yaxın... (And içirdi ki, Məşhəddən gətiriblər) Maşında əlil ağacı görəndə təəccübləndim.
Lül qənbər olduğundan hər şeyi özü açıb danışdı:
- Dədə, bə nəğayrım, "qai" saxliyəndə siftə əlil ağacını qapıdan çıxaraciyəm. Yox, görsəm ki, vejdərinə döyül, onda saqqalımı tumarlayıb təsbehimi əlimə alaciyəm. Amma sənə bir işim düşüb. Bilirəm ki, demaqoqsan, pis başa düşmə, yəni yazı-pozu adamısan, işverənlik edeysən. Polislərə deməyə mənə iki bəndlik şeir yaz, görsünlər ki, şairliyim də var.
Gördüm kişi məni barmağına sarıyıb, mən də onunla məzələnib mırt tutdum. Ağlıma gələn iki bəndi gupbuldatdım.
- Deyirəm, yaz, ay Məhərrəm dayı .
                        
                        Polis mənim həm atam, hər qardaşım,
                        Sizə qurban mənim boranı başım.
                        Mən həmişə duaçıyam Allaha,
                        Yazığınız gəlsin Şeyx Nəsrullaha.

- Şeyx Nəsrullah kimdi ə?
- Allah adamıdır, adın çəksən bəsdir.  

"Molla" Məhərrəm şeiri tez-tez təkrar edib sevincək evinə getdi. Səhəri gördüm ki, pay-piyada, əli ətəyindən uzun dümbülünü çəkə-çəkə gəlir. Səsini başına atıb çığırmağa başladı. Nə ağlayan kimi ağlayır, nə də gülən kimi gülürdü.
-  Ə, şair, maşın getdi.
-  Nətəhər yanı getdi, Məhərrəm dayı.
-  Ə, getdi də, getdi. Daş düşdü mənim başıma. Dünən andıra qalmış arağdan içib oturdum rula. "Qai" saxlatdı, mən də əlil ağacını çıxartdım. Gördüm veclerinə almeylər, saqqalıma tumar çəkib  papağımı qoydum başıma. Siftə sənin şeirini dedim. Gördüm, güleylər. Biri o birinə dedi ki, bu xiyardı. Pratokoldu, nə zibildi, ondan yazmağ isteydi ki, yasin kitabını çıxardıb bunnarın ölüb-itənnərinin goruna dua oxumağa başdadım. Ağzı mundarlı yasin oxuduğumu görüb, özümü tutmaq istədilər. Baxdım ki, it də gedey, ip də, özümü qoydum səy yerinə. Başdadım bunnarnan məzələnməyə: Ay rəis, paqonnarına qurban olum, yazma. Məni çevir "BMV"-nin miqalkalarına, yazma. Balalarına "pampers" olum, məni evdə zibil qabı yerinə işlədin, unutaza xlor əvəzi tökün, nolar, yazma, kasıb adamam. Baxmadılar. İndi sən bunu yalandan yaza bilərsən ki, ağsaqqal kişiyə şər atıblar?! Amma pis başa düşmə ha, dədə canı, işverənlik eləmirsən.
- Yazaram, Məhərrəm kişi, yazaram.
Bax, belə. Məhərrəm kişiyə söz verdiyim yazını yazdım. Yeri gəlmişkən, bundan sonra maşınınızda birdən lazımlı avadanlıqları saxlayarsız, məsələn, təhlükəzislik kəməri, aptek çantası və s. kimi şeylər. Qətiyyən! Onsuz da heç nəyimizə lazım deyil, heç istifadə də eləmirik, ən yaxşısı avtomobilinizdə yeni "təhlükəsizlik" instrumentləri toplayın, məsələn, yarım metrlik təsbeh, Qurani-Kərim, ayələr-surələr-dualar kitabı, əlil ağacı, pensioner "knijkası", xəstəlik kağızı, bəd ayaqda jurnalist vəsiqəsi və başqa bu kimi daşdankeçən alətlər. 
Qaldı şahidi olduğum başqa əhvalatlar ki, onlar da qalsın gələn dəfəyə.

Cavid Zeynallı
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.