Hadisə

“Heç kimin insanların həyatını təhlükəyə atmağa haqqı yoxdur”

23 Noyabr 2026 11:04
Baxış: 93
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sosial şəbəkələrdə bir çox şəxslərin, xüsusilə də blogerlərin sükan arxasında canlı yayım açması hallarına tez-tez rast gəlinir.

Milli.Az xəbər verir ki, bir çox hallarda həmin sürücülərin diqqətlərini yoldan yayındırmaları, əllərinin ikisini də sükandan çəkmələri, hərəkət edən nəqliyyat vasitəsində rəqs etmələri və digər hərəkətləri diqqət çəkir.

Son olaraq isə bloger Firuzə Ağayevanın eyni məzmunlu video paylaşması müzakirələrə səbəb olub.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev F.Ağayevanın görüntüləri ilə bağlı sorğumuza cavab olaraq bildirib ki, bütün sürücülər yol hərəkəti qaydalarına ciddi əməl etməlidir: "Sükan arxasında diqqəti yoldan yayındıran hərəkətlərə yol vermək kobud məsuliyyətsizlikdir. Bir neçə saniyəlik diqqətsizlik ağır yol-nəqliyyat hadisəsinə və insan itkisinə səbəb ola bilər. Heç kimin sosial şəbəkədə baxış toplamaq naminə insanların həyatını təhlükəyə atmağa haqqı yoxdur.

Bu kimi halların qarşısının alınması üçün yol polisi tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Hər kəs bilməlidir ki, yol hərəkəti qaydalarını pozan heç bir şəxs qanun qarşısında məsuliyyətdən kənarda qala bilməz. Bundan sonra da yollarda insanların həyatını təhlükəyə atan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.

Bir daha bütün sürücüləri sükan arxasında məsuliyyətli davranmağa, diqqətlərini yola cəmləməyə və yol hərəkəti qaydalarına qeyd-şərtsiz riayət etməyə çağırırıq".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.