Cəmiyyət

Bakı küçələrində motosiklet sürmək - Təhlükə, yoxsa zövq?

31 Avqust 2020 16:45
Baxış: 2 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Motosiklet sürməyə həvəs əsasən uşaqlıqdan yaranır. Əvvəllər rahatlıqla velosiped sürən şəxslər sonradan bu bacarıqlarını daha da təkmilləşdirərək moped və motosikletlərə keçirlər. Bəziləri isə, motosikletin təhlükəli olduğunu düşünərək bu arzularını həyatları boyunca gerçəkləşdirə bilmirlər.

Son illər Bakıda ikitəkərlilərə maraq artıb. Ucu-bucağı görünməyən tıxacların yaranması, yanacağın, ehtiyyat hissələrinin bahalığı, havaların istiləşməsi və başqa səbəblər motosiklet sürücülərinin çoxalmasına gətirib çıxarıb. Pandemiya ilə əlaqədar olaraq sifarişlərin onlayn çatdırıldığı üçün kuryerlərə tələb artsa da, motosikleti həvəs, zövq almaq, əyləncə üçün sürənlər də az deyil. Avtomobilin xərcləri çox olduğuna görə dördtəkərlini ikitəkərliyə dəyişənlər də son zamanlar çoxalıb. Xüsusilə də, sürücülük vəsiqəsi tələb etməyən mopedlərin kreditlə satışı motosiklet sürməyə həvəsi olan şəxslərdə arzularını reallaşdırmaq üçün şərait yaradıb.

Bakı küçələrində motosiklet sürmək

Motosiklet sürməyə həvəsləri olub amma bu istəklərini reallaşdırmaq barədə qərarsız qalan şəxsləri maraqlandıran əsas suallardan biri Bakıda motosikletçilərə olan münasibətdir. Çoxları düşünür ki, avtomobil sürücüləri motosikletçiləri sıxışdırıb, onlara "yuxarıdan aşağı" baxırlar. Sosial şəbəkələrdə yayılan görüntülər də bu tərz düşüncənin formalaşmasına səbəb olur.

Amma Bakı küçələrində motosiklet sürmək heç də düşünüldüyü qədər təhlükəli deyil. Ümumiyyətlə, motosikletin təhlükəli olduğu deyilsə də, bu tamamilə sürücüdən, onun bacarıqlarından, yol hərəkəti qaydaları barədə məlumatlılığından asılıdır. Sürücü nə qədər peşəkar, nə qədər təcrübəli olsa çətin anlarda qəzadan yayınmaq şansı daha da yüksək olur. Amma buna baxmayaraq motosikletçi bütün hallarda yola çıxarkən tam şəkildə qoruyucu geyimləri geyinməli, dəbilqədən istifadə etməlidir.

Bakıda motosiklet sürənlərə hörmət edən sürücülərlə yanaşı onların paxıllıqlarını çəkdikləri üçün sıxışdırmağa çalışanlar da olur. Hətta, bəzi sürücülər tıxacda avtomobillərin arasıyla hərəkət edən motosikletə mane olmaq üçün yolun hərəkət hissəsində deyil, nişanlanma xəttinin üzəri ilə hərəkət edirlər. Bəzi sürücülər motosiklet görəndə sükanı sağa və ya sola çevirərək, güzgünü qatlayaraq onun üçün yol açsa da, bəziləri motosikletçinin də tıxacda ilişib qalması üçün əlindən gələni edir.

Hərəkət zamanı isə avtomobil sürücüləri moped və motosiklet sürücülərinə qarşı ehtiyatlı davranmağa çalışırlar. Lakin bəzən, moped sürücülərinin yol hərəkəti qaydalarını bilməməsi və ya cərimə yazılmayacağına əmin olduqları üçün qaydaları kobud şəkildə pozması qəza vəziyyətinin yaranmasına gətirib çıxarır. Həmçinin, bəzən kuryerlərin sifarişi ünvana vaxtında çatdırmaq məqsədi ilə tələsərək yol hərəkəti qaydalarına əməl etməməsi də digər sürücülərin narazılıqlarına səbəb olur. Amma avtomobil sürücüləri də türklərin təbirincə desək "süddən çıxmış ağ qaşıq" deyillər. Belə ki, onlarla yol hərəkəti qaydalarına əməl etməyən, güzgüdən istifadə etməyən sürücülər var ki, onlar da motosiklet sürücülərinin həyatları üçün risk yaradırlar. Bu da avtomobili idarə edən şəxsin sürücülük bacarıqlarının zəif olmasından, qaydaları bilməməsindən irəli gəlir.

Unutmaq lazım deyil ki, motosiklet iki təkər üzərindədir və cüzi balans pozulması, adi toxunuş onun aşmasına səbəb ola bilər. Avtomobil sürən şəxs qəza anında qutu kimi hər tərəfdən mühafizə olunsa da, motosikletçinin belə bir komfortu yoxdur. O, yüngül bir qəzada başından zədələnə, sümükləri qırıla bilər. Buna görə də, avtomobil sürücüləri motosikletçilərə qarşı daha diqqətli olmalıdırlar.

Bakıda motosiklet sürməyin ən maraqlı tərəflərindən biri küçədə rastaşan ikitəkərlilərin bir-birlərini siqnalla salamlamasıdır. Bundan başqa, hər hansı bir ikitəkərli yol kənarında nasaz vəziyyətdə dayanan motosikletçinin yanından düz ötmür. Ayrıca bir cəmiyyət kimi formalaşan motosikletçilər sosial şəbəkələrlə yanaşı yolda da bir-birlərinə yardım etməyə çalışırlar. Onlar birlikdə yürüşlər təşkil edib, toplu şəkildə rayonlara səfər edir, maraqlı günlər keçirirlər. Hətta, motosiklet sürücülərinin Bakıda toplaşdığı xüsusi məkanlar da var.

Ümumiyyətlə isə, Bakı yollarında motosiklet sürmək təhlükədən daha çox zövqlüdür. Və ya, motosikletin verdiyi zövq o dərəcədə yüksək olur ki, onun yaratdığı təhlükəni hiss etdirmir. Buna baxmayaraq, istər maşın, istərsə də, ikitəkərli nəqliyyat vasitəsi sürərkən diqqətli olmaq, qaydalara əməl etmək lazımdır. Çünki motosiklet və avtomobil diqqətsizliyi bağışlamır.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.