Cəmiyyət

Karantinin gərəkli və gərəksiz qurumları - Yunus Oğuz yazır

6 Avqust 2020 16:05
Baxış: 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunus Oğuz

Felyeton

İnsan lazımlılığını, gərəkli olduğunu hiss etməyəndə korlaşır, formadan düşür, son nəticədə düşgünləşir. Bax, evdə xanım əfəndi deyir ki, filan otaqda lampa yanıb, onu dəyiş. Sən də dərhal əmri icra etmirsən. Hələ düşgün vəziyyətdəsən. Evə gəlib çörəyini yeyirsən, televizoru açıb kanalları bir-bir dəyişərək divanda uzanıb şellənirsən. Nə vecinə, evdə bir işin yox. Paltar yumursan, xörək hazırlamırsan, döşəmə silmirsən, ütüyə heç yaxın getmirsən. Olsa-olsa səhərlər yuyunursan, üzünü qırxırsan, sonra da işə. Daha səndən sonra evdə uşaqlar vecinə deyil. Axşam da geri qayıdanda yenə hər şey təkrar olur. Vay dədə, vay... Bu qadınlar təkrarçılığa necə dözürlər? Əsas da odur ki, sən düşgünləşirsən, gərəksizləşirsən. Elə ki, lampanı dəyişdin, sanki qəhrəmanlıq eləmisən, şəstlə deyirsən ki, dəyişdim. Pah atonnan! Deməli, sən də evdə ev işləri üçün yararlı olarsanmış. Gərəklilik bax budur.

Pandemiya zamanı gərəkli olmaq özünü daha çox büruzə verir, çünki sərt karantin rejimi ailəni bir-birinə daha da yaxınlaşdırdı. Gördüyün, danışdığın evdəkilərdir. Bir də telefonla danışdığın insanlar. Telefonda ləzzət vermir. Canlı ünsiyyət başqa şeydi e... Canlı ünsiyyət gərəkliliyin, lazım olmanın ən yuxarısıdır...

Bax, bu neçə aylıq karantin rejimində (Allah bu virusu deyəsən elə ona görə göndərib) bir sıra hökumət qurumları var ki, dəridən-qabıqdan çıxırlar ki, özlərinin gərəkliliyini sübut etsinlər. Kişilər guya işləyirlər. Bir sıra qurumlar var ki, sən demə heç gərək deyillərmiş. Deməli, onları qapatmaq gərəkdir, havayı pul alırlar. Hə, ermənilərdən bir lətifə yazım, sonra keçək gərəkli və gərəksiz qurumlara.

Deməli, Haykanuş əri Akopdan soruşur ki, matağa, bu atom bombası nədir, elə hamı ondan danışır. Akop dostluq eləmədiyi başını müdrikcəsinə yelləyib cavab verir ki, axçi, bu nədirsə çox qiymətli şeydir, deyilənə görə qiyməti milyon dollardan çoxdur.

Haykanuş milyon dollar sözünü eşidən kimi iki əlini də göyə qaldırıb dua eyləyir: "Ay Allah, nolar, sən atom bombasını bizim həyətə göndər ki, biz də bir gün görək".

İndi bu virus da bizim həyətimizə və həyatımıza elə daxil olub ki, daha atom bombası atmağa ehtiyac qalmayıb.  Covid-19 hər şeyi yerbəyer edir.

O gün oturmuşam bizdə istehsal olunan SAMSUNG televizorunun (gör nə qədər irəli getmişik ey...) qarşısında şanlı, qanlı, sayın canlı kanallardan birinə baxıram. Çevik, operativ qəragahın brifinqi keçiriləndə bütün kanallar (həm də xəbərlər verilişində) gözə görünən kameralar, gözə görünməz başlar sayəsində bir kanala çevrilirlər.

Elan olunur ki, avqustun beşindən çimərliklər xalqın xahiş-minnətindən, çoxsaylı müraciətlərindən sonra açılacaq. Özü də dərhal "TƏBİB" qardaşımızın nümayəndəsi, (yeri gəlmişkən, bu qardaşın təsis olunması Səhiyyə Nazirliyinin gərəksizliyini ortalığa qoydu. Əgər Oqtay Şirəliyev vardısa "TƏBİB"ə nə hacət qalmışdı) dənizin duzlu suyunu və havasını bu "gorbagor" virusla mübarizədə hansı məziyyətlərə malik olmasını və keyfiyyətlərindən danışır. Stop... Deməli iyun-iyul aylarında bütün bildiklərini bilə-bilə demirdin ki, gərəkliyini, lazımlığını yuxarılara sübut edəsən. Belə etməsən nəyə gərəksən? Bağlayarlar, bağlamasalar da gərəksiz quruma çevrilərsən. Onda da bütün gələcəyini zindanın üstünə qoyarsan, qalır o çəkici əlində bərk-bərk tutan oğlanın zindana ağır bir zərbə vurması.  O zaman sənin ayılmağın getdi... e.. Yox, amma elə oğlanlar var ki, bu ağır zərbədən sonra ayılıblar, hətta cırmaqlaşa-cırmaqlaşa yuxarı dırmaşmağı da bacarıblar. Brifinqdə "TƏBİB"dən geri qalmasın deyə şəhər İcra hakimiyyətinin nümayəndəsinə  söz verilən kimi, pah, fişəng partladı. Qardaşım dedi ki, çimərliklər açılan kimi hamısına zibil qutuları yerləşdirələcək. Rəhmətliyin oğlu restoran, kafe bağlı, bunlar nə yeyəcək ki, zibilə də çıxsınlar. Ən əsası da belə çıxır ki, keçən il, inişil, ondan qabaqkı illər çimərliklərdə zibil qutusu olmayıb, bu virusa görə bu qutular qoyulacaq. Meşədi İbad demişkən: "heç hənanın yeridir?" Zibil qutusu cari işlərə aiddir, brifinq kimi mötəbər yerdən virus kimi nəhəngi zibilləmək olmaz. Başa düşürəm ki, gərəkliyinizi  göstərmək lazımdır. Deyə bilərdim ki, 31-ə qədər şəhəri neçə dəfə yuyub, süpürəcəksiniz. Yoxsa zibil qutusu. Çimərlik açıldı, nə olsun? Altı və bazar günləri avtobuslar işləmirsə çimərlikləri niyə açırdınız? Amma açmaq lazımdır, çünki xalq vay-şivən edir, əl atırdı ki, "bizə dəniz verin, o bizsiz darıxır". Gərəkliyini göstərmək üçün bir para adamlar çevik qərargahı razı sala bildilər ki, əşi dənizi istəyirlərsə verin də, dünya dağılmayacaq ki..., ancaq içindəkilərini vermək olmaz, yəni kürünü, nefti, qazı...onlar dövlətindir. Bundan sonra gərəkli məmurlar gərəkli-gərəkli guya işlər görməyə başladılar. Məmurlar lazımlılıq dərəcəsini artırmaq üçün daha nələr etmirlər.

Gərəksiz qurumlardan biri kənd təsərrüfatıdır. Bunu isbat etmək üçün çox da uzağa getmək lazım deyil. Bax, elə lap bu yaxınlarda nazir müavini politologiya ixtisaslı bir şəxs təyin edildi. Gör nə qədər gərəksiz bir quruma çevrilib ki, xırda və iribuynuzlu heyvanlara guya siyasi mühazirə oxumaq üçün politologiya ixtisası ən gərəklisidir. Mühazirənin mövzusu belədir: "Xaricdən idxal olunan ət məhsullarının qarşısını almaq üçün milli heyvanlarımızın rolu və inkişafı". Maraqlı mühazirə olardı. Bu qurum gör nə qədər gərəksizə çevrilib ki, taxıl biçini vaxtı buğdanın qiyməti düşmək(adətən  bu vaxtlar əlli faiz qiymət düşürdü) əvəzinə "ceyran" belinə qalxdı, Səbəb quraqlığı göstərdilər. Axı işverənlər, ay sizi..., bilirlər ki, heç bir qurum iqlimə qarşı cinayət işi qaldırmayacaq. Onsuz da camaat əkdiyini əkir, biçdiyini biçir. Yaşamaq üçün bundan başqa bir yol yox. Ta onda sizə nə hacət?

Gərəkli qurumlardan hələlik üçünün adını çəkirəm. Gömrük, vergi və maliyyə. Pis-yaxşı birinci iki qurum profisit yaradıb ki, büdcəni əmzik kimi əmən məmurlar ac qalmasınlar. Polisi də gərəklilər siyahısına qatmaq olar, ancaq sən allah, yol polislərini trassada, postlarda sənəd yoxlamağa qoymayın. Şıdrığı alver gedir, "qaz vurub qazan doldururlar". Kimi istəyir geri qaytarır, kimi istəyir müşayiət edirlər. Pul olan yerdə karantin yaddan çıxacaq. Elə biləcəklər ki, "Uzaq sahillərdə" filmindəki partizanları satan Karanti gəlib. Onu da qarşılayıb, yola salmağa hazırdırlar.

O gün bir tanışımla telefonda danışıram. Gileylənir. Deyir ki, anektoda bənzər bir hadisə danışım. Xala-xətrin qalmasın deyə hökumətdən 190 manatı mən və arvadım yardım almaq üçün onlaynda ərizə yazdıq. Bir azdan arvada ismarıc gəldi ki, bəs həyat yoldaşınız iki avtomobili (doğurdanda iki maşını var) olduğu üçün sizə birdəfəlik müavinət düşmür. Danışır ki, gülməlisi bundan sonra başladı. Bir saat keçməmiş mənə də mesaj gəldi ki, sizin ərizəyə müsbət cavab verilib və iki dəfə də 190 almışam. Indi mən suallar içində boğuluram. Öz-özümə deyirəm ki, ayə görən bu xanım mənim arvadımdı? Ya da mən bunun əri deyiləm.

Dedim səndə və Sosial Müdafiə Fondunda heç bir günah yoxdur. Bütün günahlar statistikaya yönəlməlidir. Zalım uşaqları siyahıya almada elə gərəkli olmaqlarını göstəriblər ki, ekstrimal şəraitdə bir neçə qurum bunların zibilinin altından çıxa bilmir. Elə bil yetmişinci illərin "pambıq pripiskasını" eləyirlər. Əhalinin 70-80 faizindən heçnə soruşmadan ağıllarına necə gəlib, əllərinə jeklərdən nə sənədlər düşüb doldurublar. Fövqəladə vəziyyətdə bunun altını sosial müdafiə və başqa qurumlar çəkirlər. Day belə olacaqdısa bu statistikaya bu qədər xərc çəkməyə ehtiyac vardımı? Yox, gərəksiz qurumdur. Yoxlasan, görərsən ki, bu qurum nə qədər ölünü dirildib, nə qədər dirini öldürüb, neçəsinə kağız üzərində ev tikib, neçəsinin evini yıxıb. Gərəksizlərdən biri də qida təhlükıəsizliyi qurumudur. Onsuz da xalq əlinə nə keçir yeyir, yediyindən artıq nə qalırsa(əgər qalırsa) satır, ya da zibil yeşiyinə atır ki, it-pişik də yazıqdır gəlib yesin. O zaman  hansı təhlükəsizlikdən danışmaq olar? Insan ərzağını güclə tapır və həzmi-rebdən keçirmək istəyəndə qida agentliyinin işçiləri yazığın başınınn üstünü kəsir ki, a kişi, bir dayan görək, hələ yemə, görək axırı necə olur.

Əlqərəz, karantin vaxtı gərəkli və gərəksiz qurumlar kifayət qədərdir, qalanını da gələn yazıda yazacam. Onları xalqın nəzarətindən kənarda saxlamaq olmaz, yoxsa özüm ölüm, inciyərlər ki, bəs bizim adımızı niyə çəkmədin.

Mən də bu yazını gərəkli olmağımı göstərmək üçün yazdım.

P.S. Hə, iş adamlarının gözləri aydın!  Əgər məktəblər və ali məktəblər onlayn təhsil sisteminə uzunmüddətli keçsələr gözəgəlimli yerləri "zəbt edə", yaxud özünküləşdirə bilərlər. Bu zaman gərəksiz məmurlar ən gərəklilərə çevriləcəklər.

6.08.20

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.