Cəmiyyət

“Ovçu" kitabının başqa dillərə tərcümə olunub yayılması məqsədəmüvafiqdir”

22 May 2020 15:32
Baxış: 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belə əsərlər gənclərin vətənpərvərlik ruhunun formalaşması üçün əhəmiyyətli rol oynayır.

Milli.Az olaylar.az-a istinadən bildirir ki,  siyasi elmlər üzrə  fəlsəfə doktoru Qafar Əliyev tarixi əsərlər müəllifi, yazıçı, publisist, "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuzun Aprel döyüşlərində qəhrəmancasına həlak olan Milli Qəhrəman Murad Mirzəyevin həyat və döyüş yolundan bəhs edən "Ovçu" romanı haqqında fikirlərini bölüşərkən qeyd edib ki, 2016-cı  il Aprel döyüşləri həqiqətən müasir müstəqil Azərbaycan Respublikasınn ordu quruculuğunda, hərb tarixində qızıl hərflərlə yazılmış bir səhifə oldu.

Bu, qəhrəmanlıq səhifəsi idi. Bu, Dağlıq Qarabağ məsələsi ətrafında başlanmış olan müharibənin gedişində bir strateji təşəbbüsün ələ alınması anı idi. Məhz həmin döyüşlərin nəticəsindən sonra Azərbaycan xalqı bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad etməyə qadirdir, Azərbaycan xalqı vuruşmağa və erməni işğalçılarını yerində oturtmağa qadirdir. Lakin müəyyən bəlli güclər və qüvvələr çox narahat oldular, döyüşü xahiş-minnətə düşərək dayandırdılar. Bu döyüşlər başlayan andan beynəlxalq hadisəyə çevrilmişdi. Dünyanın hər yerindən-ABŞ Dövlət Departamentindən, Avropa Şurası, ATƏT, Moskva və digər yerlərdən bu hadisəyə ciddi münasibət göstərildi. Bu döyüş həm də bir lakmus rolunu oynadı. Azərbaycanın dostları ölkəmizin müdafiəsinə qalxdılar, Azərbaycanın haqq işini dünyanın müxtəlif ölkələrində müdafiə etdilər, Azərbaycanın bu döyüşlərdə haqlı olduğunu göstərdilər.

Azərbaycanın düşmənləri isə, təbii ki, ermənilərin müdafiəsinə qalxdılar, Azərbaycan ordusunun fəaliyyətini, hərbi əməliyyatları dayandırmağı tələb etdilər. Guya cəbhə bölgəsində erməni uşaqlarının və qocaların öldürülməsi barədə yalan məlumat yaymağa başladılar. Bununla bizə təzyiq göstərməyə çalışdılar. Bu siyasət, bu mübarizə bu gün də davam edir. Bu gün də beynəlxalq miqyasda Aprel döyüşlərinin tarixi əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılır. Bu gün də dünyanın hər yerində erməni lobbisi haray salaraq Aprel döyüşlərində Azərbaycan ordusunun erməni ailələrini, əsgərlərini qırdığını iddia edir. Ermənistan hakimiyyətinin müəyyən dairələri isə Aprel hadisələrini qələbə kimi qələmə verirlər. Lakin bizə gəldikdə, Azərbaycanın xaricdəki diaspor təşkilatları bu istiqamətdə doğrudan da böyük işlər görüblər. Elə diaspor nümayəndləri də var ki, Aprel döyüşlərinin əhəmiyyətini azaltmağa çalışırlar. Müxtəlif fikirlər yayırlar ki, guya "Azərbaycan ordusunun zəif olması Aprel döyüşlərində üzə çıxdı, Azərbaycan məğlubiyyətə uğradı". Belə fikirlərlə əslində bizim milli dövlətçilik maraqlarımıza uyğun gəlməyən təbliğat aparırlar:

Biz uzun müddətdir ki, Xocalı soyqırımının mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün böyük kampaniya aparırıq. "Xocalıya ədalət" kampaniyası çərçivəsində ilbəil Xocalı soyqırımını tanıyan dövlətlərin sayı artır. Artıq bu dövlətlərin sayı iyirmiyə yaxınlaşır. Biz xarici ölkələrdə Xocalı məsələsindən danışanda "bizi belə qırıblar" deməklə özümüz haqqında zəif, gücsüz xalq təsəvvürü yaradırıq. Bunun özü də bizim xeyrimizə olmayan bir məsələdir. Bu mənada Yunus Oğuza bir yazıçı kimi çox təşəkkür edirəm ki, Aprel döyüşlərinin ertəsi günü fəaliyyətə başladı və qısa müddət ərzində bu mövzuda ilk romanı ərsəyə gətirdi. Bu əsl vətənpərvərlik, əsl qəhrəmanlıq nümunəsi, bir yazıçı mövqeyidir. Bu romanın mövzusu Aprel döyüşlərinin qəhrəmanlarıdır, xüsusən polkovnik Murad Mirzəyev və onun döyüş yoldaşlarının həyat yolundan bəhs edir. Bu insanın fəaliyyətini mən də izləmişəm, sözün həqiqi mənasında Milli Qəhrəman, Azərbaycan hərbçisidir. O, şücaəti ilə Azərbaycan xalqının nəyə qadir olduğunu göstərib ki, həmin qəhrəmanlıq da bu əsərdə əksini tapıb".

Q. Əliyev qed edib ki, gələcəkdə də təkcə Xocalı hadisələri deyil, eləcə də Aprel döyüşlərinə dair bədii ədəbiyyatın, xüsusən "Ovçu" kitabının başqa dillərə tərcümə olunub yayılması məqsədəmüvafiqdir. Xarici ölkələrdə görsünlər ki, bir xalq təkcə hücuma, təcavüzə məruz qalan, qırılan, soyqırıma uğrayan bir millət deyil, həm də öz gücünü, öz əzmkarlığını göstərməyə qadir olan bir xalqdır.

Əsərdə qəhrəmanlıq obrazı yaradılmış Murad Mirzəyevin atası Telman Mirzəyev romanın müəllifi Yunus Oğuza təşəkkür edərək bildirir ki, təkcə Aprel döyüşlərində deyil, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərən bütün Vətən oğulları barədə kitab yazılmasına ehtiyac var: "Belə əsərlər gənclərin vətənpərvərlik ruhunun formalaşması üçün əhəmiyyətli rol oynayır. Odur ki, istərdim belə romanlar davamlı olsun".
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi  Vəsilə Vahidqızı Vətən uğrunda canlarını fəda edən milli qəhrəmanların həyatlarını, döyüş yollarından bəhs edən bu cür əsərlərin geniş təbliğinə ehtiyac olduğunu qeyd edir: "Xüsusən, televiziyalar bunu nəzərə almalı və kitabın təbliği üçün vaxt ayırmalıdırlar. Yalnız halda gənclərə vətənpərvərlik ideyasını aşılamaq olar."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.