Cəmiyyət

Suriyada cəhənnəm vadisi: 335 azərbaycanlı uşaq ölüm növbəsində - FOTO

19 Noyabr 2019 20:28
18 Şərh     Baxış: 3 778

Mənim adım Həcərdi! Mən Yeni İlin, Novruz bayramının nə olduğunu bilmirəm. Mən heç vaxt karuseldə əylənməmişəm. Heç vaxt tort yeməmişəm. Mənim anam 7 aydı ki, yaralıdı, ayağı neçə yerdən dəmirlə deşilib. Hər gün mən onun göz yaşlarını silirəm. Fəryadını eşidirəm. Hər gecə ayağının ağrısından dişlərini bərk-bərk sıxır. Mən onu görürəm, amma heç nə edə bilmirəm!!!

Milli.Az lent.az-ın araşdırmasını təqdim edir.

Anam Camalova Samirə, 82 il təvəllüdlü, məni bağrına basır və sakitləşdirməyə çalışır! Hər gün anam deyir: "Qızım, sən azərbaycanlısan! Azərbaycan səni tək qoymayacaq! Səni mütləq aparacaq! Sən də ad günü görəcəksən! Tort yeyib, şam yandıracaqsan! Sən də Yeni İl, Novruz bayramını Azərbaycanda, nənənin yanında görəcəksən! Azərbaycan səni belə qoymayacaq! Azərbaycan, mənə əl uzat!!! Mənim günahım yoxdu!!!"

Hə, bu Həcərdi. Suriyanın şimal-şərqində, Hakasa şəhərindən 170 kilometr aralıda yerləşən "Əl-Hol" əsir düşərgəsindən yazır. O əsir düşərgəsindən ki, orda 70 min qadın, uşaq saxlanılır. Hə, kişilər də var. Amma onların sayı çox azdır. Çünki çoxu qırılıb. İŞİD-in, "Əl- Nüsra"nin tərkibində... Guya cihad edirmişlər.

İndi onların arvadları, uşaqları elə həmin İŞİD və "Əl-Nüsra"dən az qorxulu olmayan terrorçu PKK-nın əlində, əsirliyində.

"Əl-Hol" da 335-i uşaq olmaqla, 600-dən çox azərbaycanlı da saxlanılır. Böyük əksəriyyətinin ərləri ya öldürülüb, ya da edam edilib.

Onlar gündə bir ovuc unla, iki-üç ədəd kiflənmiş kartofla qidalanır. Çoxu xəstədir.

"İndi Hakasaya yağış yağır. Demək olar ki, ara vermir. Düşərgədəki çadırlar isə su saxlamır. Orada yaşayan uşaqlar demək olar ki, su içində yatıb dururlar". Bunu Suriyadakı mənbə deyir, bizə.

Və onu da deyir ki, Hakasa və "Əl-Hol" ətrafı həddindən artıq təhlükəli yerdir. Bura PKK-nın və qismən də İŞİD-in əlindədir. Bir sözlə, nəzarətsiz bir ərazi. Həmin düşərgədə isə insanla insan kimi davranılmır. Kimi istəsələr, qul kimi satarlar. Uşaqlı-böyüklü. Orda həkim, tibb bacısı deyilən anlayış yoxdur. Ağ xalatlı adamlar var. Və sadəcə məsləhət verərlər. Heç bir dərman, tibbi müayinə deyilən anlayış da yoxdur.

Bunu isə elə həmin düşərgədən, "Əl-Hol"dan yazırlar:

"1982-ci il təvəllüdlü Məmmədova Nina İqorevna uzun sürən ağır xəstəlikdən sonra 09.11.2019-cu ildə "Al-Hol" əsir düşərgəsində dünyasını dəyişdi. Anasıyla vidalaşmaq və onu son mənzilə yola salmaq üçün 7 yaşındakı oğlunu çağırdılar. Anası can verən günlərdə başının üstündən bir anda çəkilməyən, bəlkə də onun ölümündə özünü günahkar bilən, kömək edə bilməkdə aciz olduğunu dərk edən oğlu "Bağışla məni, ana, bağışla", deyərək hönkürürdü. Bu, təkcə onun yox, Suriyanın əsir düşərgəsində aclıq, xəstəlik, mənəvi, psixoloji, fiziki təzyiqlərə məruz qalan, körpə yaşlarında həyatla mübarizə aparmağa məhkum olunan günahsız Azərbaycan balaların hönkürtüsü idi.
Məmmədova Nina İqorevnanın 2 azyaşlı övladı yetim qaldı".

Hə, həmin o iki uşağı bundan sonra hansı fəlakət və işgəncələr gözləyir... adam təsəvvür belə etmək istəmir.

***

Əl-Baquzədəki mövqelərini itirdikdən sonra 40 mindən çox İŞİD döyüşçüsünün ailəsi əsir götürüldü. Amma əsir götürülənlər arasında 100-ə yaxın terrorçu da vardı. Onları nəzarətsiz buraxmamaqdan ötrü "Əl-Hol" həbs düşərgəsi yaradıldı. Düşərgədə yaşayanların 11 min nəfəri isə keçmiş sovet ölkələrindən olanlardır.

Aclıq və səfalətin hökm sürdüyü "Əl-Hol"da ən ağır durumda olanlar gənc analar və 14 yaşdan böyük qız uşaqlarıdır. Onlar hər an zorlamaya, təcavüzə məruz qala bilərlər. Yaşı 14-ü ötmüş oğlan uşaqların isə bəzən əlillərinə avtomat verib, kamikadze kimi istifadə edirlər.

Daha ağır vəziyyətdə olanlar isə hər iki valideynini itirmiş uşaqlardır.

"Əl-Hol"dan daha bir həyəcanlı çağırış:

"Mənim adım Zemfiradı. Nənəm Firuzə, sevərək adımı belə qoydu! Gözümü acıb gördüm ki, artıq anam yox, atam yox! Müharibə dəhşətinin içindəyəm! Canımı qorxu bürüdü. Adım belə yadımdan çıxdı!!! Yaşımı, doğma dilimi unutdum!!! Sonradan Suriyanın "Əl- Hol" düşərgəsinin yetim evinin əsiri oldum! Burda adımı Sara qoydular! Məni itirməyin!!! Mən azərbaycanlıyam".

Əldə etdiyimiz məlumata, hazırda "Əl-Hol"da yaşayan 84 azərbaycanlı ailənin siyahısı dəqiqləşib. Onların heç birinin ailə başçısı yoxdur. Söhbət yalnız qadın və uşaqlardan gedir.

Həm də o uşaqlardan ki, çoxu körpəykən xəstəlikdən tələf olur. Fotoda gördüyünüz bu uşaq kimi.

Cəmi 1 il 8 ay yaşayıb. Atası və anası ölübmüş. Düşərgədəki yetimlər evində qalırmış. Bir neçə gün əvvəl böyrək çatışmazlığından dünyasını dəyişib.

Bu qızcığazın 3 yaşı var! O da ata-anasını itirib. Hazırda yetimlər evindədir. Mənbəmizin məlumatına görə, körpə uşaqların çoxu ata-analarının (elə özlərinin də) adlarını bilmədiyindən çox vaxt onları yeni adlar qoyulur. Bəzən isə ümumilikdə, "əl-Azərbaycani" deyə çağırırlar.

Bütün bunları dinləməyə, eşitməyə isə dəmir əsəb lazımdı:

"Mənim gözlərim qorxu ilə doludu, ürəyim inamsızlıqla, mən ağlamağa belə qorxuram! Qulağımda hələ də partlayış səsləri! Bacı-qardaşlarımın fəryadı! Mən acam! Göz yummayın! Bizə kömək edin!!!!

Bu körpənin gözlərinə baxın. Diqqətlə baxın.

Lütfən, heç olmasa, iki dəqiqə gözünüzü o məsum baxışlardan ayırmayın. Ayırandan sonra... Hə, ondan sonra göz yaşı da axıtmayın. Heç bir göz yaşı, heç nə əvəz edə bilməz o baxışları. "Əl-Hol"da, ümidsiz halda kömək gözləyən bu mələyi necə xilas etməli? - bax, dərd budur!

Bu uşaq isə bu yaxınlara qədər Suraxanı rayonundakı orta məktəblərdən birinin şagirdiydi. Həm də əlaçı! O, bir daha o məktəbin həyətinə ayaq basmayacaq. Onun həyatı az əvvəl ellə həmin "Əl-Hol"da qırıldı...

***

Bu cəhənnəm vadisində analar minanı konserv bilib açır, partlayıb ölürlər. Uşaqlar soyuqdan titrəyə-titrəyə canlarını tapşırırlar. Onlar bizim uşaqlardı... Onları xilas etməliyik!

Milli.Az

loading...

Şərh yaz:

18 Şərh:

  • Anonim
    Legenda · 19 Noyabr 20:37240

    Bu yazıq uşaqların ana-atalarının ağılları harda idi ora gedib çıxıb. Bunun dinlə əlaqəsi yoxdur, sadəcə cahillikdir. Guya cihada gediblərdə

    Cavab yaz
  • Anonim
    123 · 19 Noyabr 20:47173

    Allah amerikaya israile avropaya Islama qenim kesilenlere lenet elesin Ilahi amin Allah mezlumun ahini qiyamete saxlama bunlarin belasini ver

    Cavab yaz
    • Anonim
      888 · 19 Noyabr 22:10100

      Burda problemin koku Islama qenim kesilmek, Amerika, Israil deyileee, problem dini radikalizm ve fanatizmdir hansi ki, gorun ne neticelere getirib cixarir. Hele de ayilmamisiz oturub Islamla elaqelendirirsiz bu ishleri. Bu melekler(usaqlar) valideynlerinin beyinsizliklerinin, alet olmaqlarinin qurbanidir. Cox efsuslar...

      Cavab yaz
    • Anonim
      123 ә · 19 Noyabr 23:3360

      Elә sәnin kimi nağıllara inanan beyinsizlәrin uşaqlarıdır bu yazıq körpәlәr. Beyni olmayana mә edir İzrail әccәb edir

      Cavab yaz
  • Anonim
    TOFIQ 062 · 19 Noyabr 21:00180

    Demeye soz tapmiram cox agrili menzeredi.Allah bu balalari xilas elesin InsaAllah.

    Cavab yaz
  • Anonim
    asi · 19 Noyabr 21:00243

    Bunların Azərbaycandan gedənlərini geri gəturmək lazımdır, amma orada kimdən olduğu məlum olmayanları anaları Azərbaycandandır deyə azərbaycanlı siyahısına yazmaq lazım deyil.. Çoxu lap balacadır, məlumdur ki, oralarda terrorçuların hansındansa, olub.. Belə uşaqlar Azərbaycana nə lazım?? Bizdən gedənləri gətirsələr amma yaxşı olar.. Bayaq baxdım, rusiya öz uşaqlarını gətirib qurtardı..

    Cavab yaz
    • Anonim
      ,,, · 20 Noyabr 01:0620

      Fikrinizi başa düşürəm, məntiqi ilə razılaşıram. Və o nəzərdə tutulan fikirlə də raziyam ki, belə günahsız, köməksiz uşaqları ölümə məruz qoymaq da insanlığa sığmazdı. Azərbaycana gəlməsələr belə, beynəlxalq səviyyədə, məsələn Suriya ərazisin özündə bunlara bir sığınacaq təşkil olunmalıdır.

      Cavab yaz
      • Anonim
        asi · 20 Noyabr 09:1121

        Uşaqlar əlbəttə həm günahsız həm də yazıqdırlar, onlara kömək lazımdır.. Amma Azərbaycanda doğulmadığı üçün onlar heç Azərbaycan vətəndaşı da sayılmır.. Onlar artıq doğulduqları yerin vətəndaşıdı, o ölkə kömək olsun.. Bizdən gedən uşaqlar isə, tamam başqadı, onlar Azərbaycan vətəndaşıdır və azyaşlı, köməksiz olduğu üçün ölkə onlara sahib çıxmalıdı..Ancaq anaları qətiyyən gətirmək olmaz.. Min cür axmaq fikir gətirəcəklər ölkəyə..

        Cavab yaz
        • Anonim
          ,,, · 20 Noyabr 23:2400

          Bu qorxu ilə şərikəm, dediyinizi anlayıram və fakt olaraq belə şeylər baş verə bilər. Qorunmaq lazımdır, və hazırda ölkədə müəyyən müsbət əks təbliğat var..Sadəcə bir kiçik əlavə etmək istəyirəm, hansı ki birmənalıq çərçivəsini bir az aşdırır, və o da fikrimcə mütləq qeyd olunmalıdır.. Aralarında "Cəhənnəmi" görmüş, alçalmış, sınmış, dərin peşman olmuş, aldadılmış, qaça bilməmiş, reabilitasiyaya ehtiyac olan insanlar (müəyyən təhlükə mənbə ilə yanaşı) ola bilsin ki böyük dərs alaraq bu yola birdaha nə özləri gedər nə digərlərinə məsləhət verər (ola bilər yeni istəyənləri çəkindirərlər də)...öz nümunələrində əks təbliğata da yardım ola bilərdilər. Bunlar bir-bir mütəxəssislər tərəfindən araşdırılsa və onlar yekun rəy (cəmiyyətə təhlükə olub olmamaqları barədə) verə bilsə yaxşı olardı...

          Cavab yaz
  • Anonim
    Papatya · 19 Noyabr 21:06211

    Can yaziq körpələr. Sizi o günlərə qoyan, axmaq düşüncələrinə, cahilliklerine qurban edən valideynlərinize lənət olsun. Əlaçı bir uşaği məktəbindən çıxarıb, o cəhənnəmin içinə atmaq hansi vicdana sığar?? O körpələrin günahı nədi ki, bomba səslərinə dözsün? Nədi də dərdiniz? Məqsədiniz? Qadınını, körpəni, yad bir ölkədə, yad bir insanların ümidinə buraxaraq mi cənnəti qazanacağınızı düşündünüz? yazıq, günahdi vallah.

    Cavab yaz
  • Anonim
    anonim · 19 Noyabr 21:09320

    ay agilsiz azərbaycanli sənin nəyinə lazimdir suriya ?,get oz torpagini al -----Qarabagi

    Cavab yaz
  • Anonim
    Uzaq · 19 Noyabr 21:3090

    Kəlimələr yetərsizdir :((((

    Cavab yaz
  • Anonim
    Aysun · 19 Noyabr 21:31110

    Allah özü kömək olsun bu balaca körpələrə

    Cavab yaz
  • Anonim
    men · 19 Noyabr 22:23110

    Kisi ozu gedir cehenneme getsin. bu arvad usaqi niye aparir. ele bil Bodruma istirahete gedirler...

    Cavab yaz
    • Anonim
      asi · 19 Noyabr 22:44120

      Terrorçuların içinə arvad-uşaq aparan heç onları Bodruma aparmaz.. Belə nakişilər arvadın terrorçulara bağışlasa da, Bodrumda arvadın dincəlməyini əxlaqsızlıq başa düşərlər....

      Cavab yaz
  • Anonim
    B · 19 Noyabr 23:3594

    Bizim daha vacib işlәrimiz var. Vatikanın muzeylәrini tәmir edib Qafqazın әn uzun heykәlini uzatmalıyıq. Azәrbaycan vәtәndaşı bizә maraqlı deyil

    Cavab yaz
    • Anonim
      asi · 20 Noyabr 00:0200

      Azərbaycan “vətəndaşı” canı çıxıb otursun Azərbaycanda.. Onları ora Azərbaycan göndərməyib, öz ayaqları ilə gedib.. Uşaqların isə, ikisini çıxmaqla heç biri azərbaycanlı uşağa oxşamır..

      Cavab yaz
  • Anonim
    ,,, · 20 Noyabr 00:4610

    Rusiya ermənistana heç bir təzyiq göstərmir ki heç bir insanlıq davranışlarına sığmayan qeyri qanuni saxladıqları və artıq qismən öldürdükləri azərbaycanlı əsir və girovları buraxsın....(aralarında uşaqlar da olub, onlar hamısı öz Ana Torpaqlarında işğalçı ermənistan tərəfindən girov götürülüb)......... Təbii ki, Süriyadaki azərbaycanlı uşaqları qaytarmaq üçün müəyyən addımlar atılmalıdır.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.