Cəmiyyət

Akademik Rasim Əliyevin 85 illiyi qeyd olundu - FOTO

20 İyul 2019 08:23
0 Şərh     Baxış: 676

Beynəlxalq Muğam Mərkəzində Əməkdar memar, Dövlət mükafatı laureatı, akademik Rasim Əliyevin 85 illiyinə həsr olunmuş tədbir keçirildi və görkəmli memarın "Keçmişdən gələcəyə" adlı kitabının təqdimatı oldu.

Milli.Az Trend-ə istinadən bildirir ki, dövlət və hökumət rəsmilərinin, elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə Rasim Əliyevin memarlıq sənətinin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, sənətkar onlarla gözəl memarlıq əsərinin, bu gün abidə statusuna layiq olan binaların müəllifidir: "Uzun illər Bakının baş memarı olmuş Rasim Əliyevin şəhərimizin gözəlləşməsində xidmətləri böyükdür. O həm də gözəl rəssamdır. Görkəmli sənətkarın böyük tələbə ordusu var. O, Azərbaycanla yanaşı, xarici ölkələrdə də yaxşı tanınır".

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin görkəmli memarın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncamını oxuyub və fəxri diplomu yubilyara təqdim edib. Nazir Rasim Əliyevin gördüyü işlərin həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayaraq bildirib ki, o, Azərbaycan memarlıq sənətinin ən görkəmli nümayəndələrindən biridir: "Onun yaratdığı sənət inciləri daim yaşayacaq, mədəniyyətimizin inkişafına müsbət təsirini göstərəcək. Rasim müəllimin yaradıcılığı keçmişdən gələcəyə bir körpüdür".

Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və başqaları çıxış edərək Rasim Əliyevin memarlığa, rəssamlığa olan məhəbbətindən danışıblar. Rasim Əliyevin istedadlı memar, fırça ustası olduğunu qeyd edən natiqlər onun şəhərsalma prosesinin təşkilatçısı kimi fəaliyyətini vurğulayıblar.

Daha sonra Lider TV-nin "Xəzərin sahilində" verilişinin Rasim Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimatı olub.

Respublikamızda memarlıq sənətinin inkişafına töhfələr verən Rasim Əliyev ölkəmizdə unikal memarlıq xüsusiyyətləri ilə seçilən binaların, parkların və s. layihə müəllifi və həmmüəllifidir. Onun rəhbərliyi və müəllifliyi ilə Bakı şəhərinin ötən əsrdəki sonuncu baş planı, "İçərişəhərin Regenerasiya Planı" hazırlanıb, Bakıda 8-ci və 9-cu mikrorayonlar, Əhmədli qəsəbəsi, Kiyev, Yeni Günəşli yaşayış massivləri salınıb, Bakı və Abşeronda, həmçinin respublikanın bir çox rayonlarında böyük memarlıq tikinti layihələri həyata keçirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.