Cəmiyyət

Azərbaycan gimnastı: "Əsas məqsədim Olimpiya oyunlarıdır"

7 Dekabr 2018 19:40
Baxış: 373

Milli Gimnastika Arenasında çıxış etmək çox xoşdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyinin iştirakçısı Darya Farşbafşəhriyari deyib.

O bildirib ki, gimnastika arenasında idmançılar üçün bütün şərait yaradılıb.

Turnirdə çıxışı barədə danışan gimnast bildirib ki, o bir qədər inamsız çıxış edib:

"Çıxışlar ərəfəsində həyəcanın öhdəsindən gəlmək üçün özüm özümü ruhlandırıram, eyni zamanda məşqçilər də bu işdə mənə kömək edir. Bu gün daha yaxşı çıxış edə bilərdim. Gələcəkdə daha yaxşı nəticələr əldə etmək üçün daha çox işləyəcəyəm. Hər bir idmançı kimi mən də Olimpiya oyunlarında iştirakı arzu edirəm. Bu, mənim əsas məqsədimdir".

Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.

Yarışların ilk 3 günü fərdi gimnastlar "balacalar", "yeniyetmələr", "gənclər" yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə "balacalar" və "yeniyetmələr" yaş kateqoriyasında mübarizə aparacaqlar. İdmançılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Zirvə "International" İdman Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, həmçinin Sumqayıt şəhəri, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri yer alacaqlar.

Turnirin son günü isə Bölgələrarası Kubok start götürəcək. Sayca 5-ci olan bu kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdirəcəklər.

Yarışların ən maraqlı məqamı da məhz son günə təsadüf edəcək. Belə ki, ötən il olduğu kimi, bu il də təşkilatçılar "Qızıl Yaş" adlı şou hazırlayaraq, tamaşaçılara məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələri təqdim edəcəklər.

Milli.Az 

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.