Ölkə

8 aya yaradılan möcüzə - Böyük Qayıdışın Xocalı səhifəsi - FOTOLAR

29 May 2024 18:37
Baxış: 1 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2024-cü il, 28 may. Bir yaz günü... Doğma yurdlarından didərgin düşən, soyqırımına məruz qalan xocalılılar 32 ildən sonra öz yurdlarına, isti ocaqlarına qayıtmağa başlayıblar.

İşğaldan azad edilən Zəngilanda, Laçında, Şuşada olduğu kimi, indi də Böyük Qayıdışın Xocalı səhifəsi açılır və bu səhifə ötən illərin ağrı-acılarını unutmayan xocalıların sevinc hissləri ilə yazılır...

Milli.Az AZƏRTAC-ın əməkdaşının Xocalıdan hazırladığı reportajı təqdim edir.

Soyqırımı şəhəri kimi yaddaşımızda qalan Xocalı indi yenidən dirçəlir. Bu şəhərin küçələrindən tezliklə yenə də uşaq səsləri, evlərdən şənlik sədası gələcək, toy-büsat qurulacaq. 32 il əvvəl qaranlığa bürünən Xocalıda indi hər evdə gur işıq yanır.

Cəmi 8 aya yenidən quruldu bu şəhər. Möcüzədir! Həm də Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir. Prezident İlham Əliyev antiterror əməliyyatından dərhal sonra, ilk növbədə, Xocalının bərpa edilməsi ilə bağlı xüsusi tapşırıq verdi və tapşırıq uğurla yerinə yetirildi.

Yeri gəlmişkən, hər birimiz dövlətimizin başçısının öz ad günlərini və ölkəmiz üçün əlamətdar günləri xalqın arasında keçirdiyini, xalqı mühüm xəbərlərlə sevindirdiyinin dəfələrlə şahidi olmuşuq. Xocalıya ilk köçün Müstəqillik Günündə reallaşması da bu gözəl ənənənin davamıdır. İki il əvvəl Müstəqillik Günündə Ağalı, ötən il Laçın, bu il isə Xocalı öz sakinlərini qarşıladı.

Xocalı sürətlə tikilir. Burada fəhləsindən tutmuş yüksək vəzifəli şəxsədək hər kəs canla-başla çalışır. Sanki hər kəs bu şəhəri yenidən qurmağı soyqırımı qurbanlarının xatirəsi qarşısında bir növ vəzifə borcu hesab edir.

Burada soyqırımı ilə əlaqədar Memorial Kompleks də yaradılır. Ötən gün Xocalı sakinləri ilə görüşdə bu barədə danışan Prezident İlham Əliyev bildirdi ki, Memorial Kompleksin yaradılması ilə bağlı məsələlər uzun illər müzakirə edilib, hətta Bakıda "Ana fəryadı" abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı: "Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir".

Xocalı rayonunun inzibati mərkəzi olan Xocalı şəhərinin Baş Planı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında yerli şəhərsalma mütəxəssisləri ("Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu və Bakı Dövlət Layihə İnstitutu) tərəfindən hazırlanıb.

Ağdam-Xankəndi-Şuşa marşrutu üzərində yerləşən bu şəhər davamlı inkişaf edən canlı regional mərkəz, strateji yaşayış məntəqəsi rolunu oynayacaq. Beynəlxalq hava limanının mövcudluğu, şəhər ətrafından keçəcək respublika əhəmiyyətli avtomobil və dəmir yolları Xocalını həm işgüzar, həm də turizm məqsədləri üçün rahat təyinat nöqtəsinə çevirəcək. Sənaye, təhsil və mədəniyyət mərkəzlərinə yaxınlığı, zəngin tarixi irsə malik olması isə şəhərin müxtəlif istiqamətlərdə paralel inkişafına töhfə verəcək.

Baş Planın əsasında "ağıllı şəhər" həlləri, dayanıqlı iqtisadiyyat və ətraf mühit, "yaşıl enerji"dən istifadə imkanları, davamlı və tarazlı inkişaf edən insanyönümlü şəhər mühiti kimi konseptual yanaşmalar dayanır. Bura enerjiyə qənaətli yaşıl binalar, günəş əsaslı küçə işıqlandırılması, sıfır karbon emissiyalı istehsalat, elektrik enerjili doldurma məntəqələri, inteqrə olunmuş mühəndis infrastrukturları, ağıllı idarə olunan suvarma sistemləri kimi yeniliklər daxildir.

Xocalı şəhəri mövcud planlaşdırma strukturunun saxlanılması və bərpası, o cümlədən yeni yaşayış ərazilərinin inkişaf etdirilməsi əsas hədəf götürülməklə zonalaşdırılıb. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 610 hektardan 1290 hektara, əhali sayının isə 9100 nəfərdən 12 minə çatacağı proqnozlaşdırılır. Coğrafi mövqe və təbii zənginlik burada aktiv sosial həyat, təbiətlə təmasda keyfiyyətli yaşayış imkanlarını təmin edəcək.

Şəhərin təbii yaşıllıqlarla əhatələnmiş mövcud məskunlaşma ərazisində həyətyanı sahələrə malik fərdi yaşayış evlərinin əsaslı təmir edilməsi ilə Xocalının tarixi simasının bərpası nəzərdə tutulur. Bununla yanaşı, sənədə əsasən, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların, məktəbəqədər və tam orta təhsil müəssisələrinin, xəstəxana, mədəniyyət, turizm və digər ictimai obyektlərin, Xocalı Soyqırımı Memorialı və Bayraq meydanının daxil olduğu İşğal və Zəfər muzeyləri kompleksinin tikintisi təklif edilib.

Xocalı rayonunun əlverişli təbii-coğrafi şəraiti sayəsində burada əkinçilik və heyvandarlıq üçün geniş imkanlar mövcuddur. Kənd təsərrüfatı sektorunun şəhər iqtisadiyyatında da xüsusi paya malik olacağı nəzərə alınaraq, Baş Plana əsasən, 91 hektar ərazi aqroparkın fəaliyyəti üçün ayrılacaq. Həmçinin şəhərin cənub hissəsində 88 hektar sahənin sənaye ərazisi üçün istifadə olunması təklif edilir. Bütün bunlar əhalinin dayanıqlı məşğulluğuna zəmin yaradacaq.

Qədim yaşayış məskəni olan Xocalı həm də zəngin tarixi irsi, dünya əhəmiyyətli arxeoloji abidələri ilə fərqlənir. İşğal dövründə ciddi zərər görmüş bu abidələrin qorunması məqsədilə Baş Planla 50 hektardan çox ərazidə arxeoloji parkın yaradılması nəzərdə tutulur. Belə ki, arxeoloji turizmin inkişafı Xocalının qədim tarixi barədə daha çox insanın məlumat almasına xidmət edəcək.

Müasir Xocalının memarlığına gəlincə, şəhərdə yerli koloriti tamamlayan və daha da zənginləşdirən fasad həllərinin, habelə təbii materialların istifadəsi təklif edilir. Yeni ictimai binaların görkəmində isə ətrafdakı dağ və çayların ritmi öz əksini tapacaq.

Beləliklə, 8 aya ərsəyə gələn möcüzənin davamı hələ olacaq. Azərbaycan dövləti digər şəhərlərimiz kimi, Xocalını da müasir şəhər üslubunda yenidən qurur. Şəhərə ayaq basanda sanki nağıllar aləminə düşürsən. Dağlarla əhatələnən bu şəhərə gələn hər kəs Böyük Qayıdışın Xocalı səhifəsinə yazılan nağılın sehrinə düşür... Bu, həm də 32 ildir üzərində qara buludlar dolaşan Xocalının gözlərimiz önündə dirçəlişidir. Dirçəlişin mübarək Xocalı!

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.