Azərbaycanda qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin inkişafına son illər dövlət dəstəyi daha da gücləndirilib. İxracyönümlü sahə olan baramaçılıq kənd yerlərində məşğulluğun təmin edilməsində də mühüm rol oynayır. "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nda 2025-ci ilədək yaş barama istehsalının 6 min tona çatdırılması nəzərdə tutulur.
Hazırda rayonlarda kümçülərə ipəkqurdları toxumları paylanılıb və bəslənmə dövrüdür. Bu sahənin inkişafında mühüm amillərdən birinin də keyfiyyətli barama yetişdirmək olduğunu nəzərə alsaq, kümçülər bəslənmə dövründə nəyə diqqət yetirməlidirlər? Milli.Az AZƏRTAC-a istinadən Kənd Təsərrüfatı Nazirliyi Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdovun ipəkqurdunun bəslənilməsinə dair aqrozootexniki tövsiyələrini təqdim edir.
Tut ipəkqurdu yemlənəcək sahələrin hazırlanması
Yemləmə otaqları qabaqcadan əhənglə ağardılmalı, 40 faizli formalin məhlulu ilə dezinfeksiya olunmalıdır. Otaqların əvvəlcədən qapı və pəncərələrindəki açıq sahələr tam tutulmalıdır (bunu xamır hazırlamaqla etməli). Dezinfeksiya olunmuş otaqlar 2-3 gün tam hermetik (bağlı) şəkildə saxlanıldıqdan sonra qapı və pəncərələr açılmalı, havalandırılmalıdır. Yemləmə otaqlarında istilik yaradılmalı və formalinin iyinin kəsilməsi məqsədilə tez-tez su çilənməlidir.
Kiçik və böyük yaşlarda qurdların bəslənməsi
Toxumdan çıxan andan tut ipəkqurdu artıq 1-ci yaşda olur. Birinci yaşda olan qurdların yemləmə müddəti orta hesabla 3 gün çəkir. Üç gündən sonra qurdların baş hissəsi ağarmağa başlayır ki, bu, artıq onun yuxuya getməsinin əlamətidir. Birinci yaşında qurdlar 1,5-2 gün müddətində yuxuda olur. Yuxuda olan qurdlara yem verilməsi olmaz. Ona görə ki, qurdlarda qabıqdəyişmə prosesi getdiyindən onlara yem verilməsinə ehtiyac yoxdur. Yuxudan ayılmış qurdlar artıq 2-ci yaşında olur.
Qurdların yemlənməsi
Birinci yaşda olduğu kimi, ikinci və üçüncü yaşlarda da yemləmə müddəti orta hesabla 3-4 gün çəkir. Dördüncü yaşda yemləmə müddəti orta hesabla 5 gün, yuxusu isə 2 gün, beşinci yaşda yemləmə müddəti 7-8 gün, yuxusu isə 2,5-3 gün çəkir. Birinci, ikinci və üçüncü yaşlarda qurdlar kiçik doğranmış yarpaqlarla yemləndirilməlidir. Dördüncü və beşinci (böyük) yaşlarda isə yarpaqları zoğla birlikdə vermək olar. Bu, qurd bəslənən tərəcələrdə (mərtəbələrdə) məsaməlik yaratmaqla havalandırma prosesini gücləndirir və kiflənmənin qarşısını alır. Beşinci yaşda qurdları budaqlarla birgə yemləmək olar. Bir şərtlə ki, budaqlar tərəcədə çarpaz şəkildə qoyulsun.
Temperatur və nisbi rütubətin nizamlanması
Tut ipəkqurdunun bəslənməsində temperatur və nisbi rütubətin düzgün nizamlanması mühüm əhəmiyyət kəsb edir. Otaqda temperaturu təyin etmək üçün adi termometrdən, nisbi rütubəti təyin etmək üçün isə psixrometrdən istifadə olunur və bunlar mütləq kümxanalarda (yemləmə otaqlarında) olmalıdır. Kiçik yaşlarda yemləmə otaqlarında temperatur və nisbi rütubət aşağıdakı kimi olmalıdır:
Birinci, ikinci və üçüncü yaşlarda temperatur 25-260C, nisbi rütubət isə 65-75 faiz; dördüncü yaşda temperatur 23-240C, nisbi rütubət isə 65-75 faiz; beşinci yaşda isə temperatur 22-230C, nisbi rütubət isə 65-75 faiz olmalıdır. Əgər açıq havada temperatur yuxarıda göstəriləndən yüksək olarsa, dördüncü və beşinci yaşlarında kümxanaların qapı, pəncərələri açılaraq havalandırmalıdır.
Künənin götürülməsi
Yuxarıda qeyd edildiyi kimi, üçüncü, dördüncü və beşinci yaşlarda qurdların künəsi mütləq təmizlənməlidir. Birinci və ikinci yaşlarda qurdlar çox kiçik olduğundan künə dəyişilmir, üçüncü yaşda 1-2 dəfə, dördüncü yaşda 3 dəfə, beşinci yaşda isə 4-5 dəfə dəyişilməlidir.
Yemləmə müddətində hər 2 saatdan bir otaqlar havalandırılmalı, beşinci yaşda isə yaxşı olar ki, qapı və pəncərələr açılsın. Bir şərtlə ki, pəncərələr və qapılar torla bərkidilmiş olsun, kümxanaya zərərvericilər girməsin.
Barama sarımaya hazırlıq
Tut ipəkqurdlarının saxlanması üçün el dilində sarıçiçək (tülpəng) adlanan yabanı alaq otu əvvəlcədən toplanmalı və kölgədə qurudulmalıdır. Tut ipəkqurdunun barama sarımağa başlamasının ilk əlaməti onların bədənlərinin sarı (kəhraba) rəngli olmasıdır. Bu mərhələdə artıq şax tərəcələrə qoyulmalıdır. Qurdlar orta hesabla 3 günə barama sarıyır, 8-ci gün isə baramalar şaxdan yığılır və pürzədən təmizlənir. Sarınma və yığılmama dövründə yemləmə otaqlarında temperatur 22-230C, nisbi rütubət isə 60-65 faiz olmalıdır.
Toplanmış baramalar çeşidlənməlidir. Yararsız baramalar seçildikdən sonra yerdə qalan baramalar 8-10 kiloqramlıq, məsaməli qablarda (zənbillərdə) barama qəbulu məntəqələrinə təhvil verilməlidir.
Milli.Az