Cəmiyyət

Şaban ayının orucluları

24 Aprel 2018 21:10
0 Şərh     Baxış: 5 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mübarək Şaban ayı artıq daxil olmuşdur. "Üçaylıq" adlandırılan xüsusi mənəvi-ruhi dönəmin artıq 1 ayı geridədir. Qarşıda təqribən 2 ay mənəvi faydalanma fürsəti vardır. Və əslində Şaban ayı mübarək Ramazan ayı üçün giriş və müqəddimə səciyyəsi daşıyır.

Ramazan ayındakı İlahi ziyafət üçün, insanın Şaban ayındakı edəcəkləri əməllərin, düşüncələrinin, yerinə yetirdiyi işlərin, etdiyi təfəkkürlərinin böyük əhəmiyyəti vardır. Uca Allahdan duamız budur ki, zehni, fikri, ruhi, qəlbi hazırlıqlara malik olmaq tofiqatını cəmi insanlara nəsib etsin!

Fürsət məqamı

İnsanın özünə qayıdışı fövqəl əhəmiyyət kəsb edir. Bunu yaxşı bilən lənətlik iblis, gündəlik cari məşğuliyyətləri insanın gözündə o qədər böyüdür ki, bu mahiyyətcə xırda məsələlər onun üçün həyati hədəf rolunu oynayır. İblis (lən) istəyir ki, insan mənəvi fürsətlərdən lazımi qədər bəhrələnməsin. İblis istəyir ki, insan məsələlərə dinin-imanın istədiyi tərzdə yanaşmasın, əksinə, proseslərə nəfsani prizmadan yanaşmağa üstünlük versin.

İnsan Allahdan bağışlanmaq istəyir, Allahdan məğfirət istəyir. İnsan mənəvi yüksəliş diləyir, islahat istəyir Allahdan. Amma bu islahatın, bu yüksəlişin ümdə şərtləri çox vaxt unudulur. Unudulur ki, əsas məsələ - məhz mənəvi fürsətlərdən maksimum səmərəli istifadə etməkdir. O cümlədən, bu fürsətlərin təqdim olunduğu zaman və məkan amillərindən faydalanmaqdır. Bu imkanlardan yararlanmayan insan, mübarək dinimizin fəzilətlərini qəbul edə bilməyəcək, yalnız dini ayinlərin zahiri tərəfini icra etməklə kifayətlənəcək.

Maraqlıdır ki, bir çox məsələlər, o cümlədən idman müsabəqələrinə, hansısa maraqlı hadisələrə insanlar nə qədər vaxt ayırırlar. İnternetdən tutmuş, dövri mətbuatadək onları maraqlandıran mövzu barədə məlumatları toplayır, sistemləşdirir, yadda saxlayırlar. Bu, özlüyündə normal haldır. Amma insan bundan az olmayaraq, öz taleyüklü işləri ilə məşğul olmalıdır. Öz ruhi-mənəvi tələbatlarını ödəyəcək məsələlərə diqqət yetirməlidir. Belə olmadıqda, ömrünü-gününü bihudə işlərdə xərcləyib bitirər.

Toplumda bu əlamətdar tarixlərin, vaxt baxımından gözəl fürsətlərin səviyyəli təqdimatı yox dərəcəsindədir. Burada iman daşıyıcılarının üzərinə böyük məsuliyyət düşür. Onlar bu mübarəkliyi daxillərində yaşatmalı və əməllərində təzahür etdirməlidirlər ki, cəmiyyətə bununla bağlı bir mənəvi mesajlar getsin, insanlar bir nümunə görüb, robotsayağı yaşamdan imtina etsinlər, öz missiyaları, hədəfləri, təyinat məntəqələri barədə düşünsünlər...

"Şəbaniyyə münacatları"

İnsanın mənəvi işləri düzəlməyincə, onun hər hansı uğura çatması mümkün olmur. Zahiri nailiyyətlərdən söhbət getmir. İnsan məşq edib, yüksək idman göstəriciləri ortalığa qoya bilər, çoxlu məşğul olub, tədqiqat aparıb, ixtiralar və kəşflər edə bilər, müxtəlif istedadlar təzahür edə bilər. Amma bunlar öz-özlüyündə mütləq dəyərlilikdən xalidir. Bunlar o zaman qiymətlidir ki, İNSAN harmonik surətdə yaşasın, mənəvi-əxlaqi fundamental baza əsasında inkişaf etsin.

Bu baxımdan şaban ayı - çox ciddi və məsuliyyətli dönəmdir. Çünki, Ramazan ayındakı İlahi ziyafətin önüdür. Və şabanın fikri və ruhi hazırlığını həyata keçirmək üçün bu ayın dua və zikrləri böyük əhəmiyyət daşıyır.

Həzrət Peyğəmbərimiz (s) və əziz İmamlarımız (ə) mənəvi-ruhi yüksəliş baxımından ilin əlamətdar vaxtlarına, o cümlədən də şaban ayına xüsusi önəm verərdilər. Şaban ayını Məsumlarımız (ə) dua, zikr, təvəccö, ibadət və istiğfar ayı kimi tanıdardılar. Bu ayda "Şəbaniyyə münacatları" adlanan Uca Allahla bir ünsiyyət vardır ki, insanı - istəyən insanı, düşünən insanı, axtaran insanı mənəvi süfrənin kənarında əyləşdirə bilər.

"Şəbaniyyə münacatları" sanki Allahdan bir qəlb aydınlığı, qəlb diriliyi istəmək fürsətidir. Allah dərgahında mənəvi nemətlərdən bir qədər əldə etmək fürsətidir. İnsan sanki öz canında, qəlbində olan zülmət örtüklərini aradan götürmək istəyir. Və bu örtüklərin yox olması üçün bir fürsətdir "Şəbaniyyə münacatları".

Nur olan Allahdan nuraniyyət qəbul edə bilmək fürsətidir bu. Bir Allahdan ki, Özü Nurdur və Nurun özüdür, insanın qəlbində İlahi nuru qəbul etmək üçün müvafiq şərait yaranır.

Mənəvi çayların təmizləyici missiyası

Bir haşiyə çıxaq ki, bu dua və zikrlərdə ümumilikdə dərin təsir potensialı mövcuddur. İnsan duanı edə-edə, zikri oxuya-oxuya onlardakı mənaları tədricən mənimsəyir və bir zaman yetişə bilər ki, insan bu mənalarla yaşasın, həyatını bu müddəalara uyğun qursun.

Götürək elə ötən Rəcəb ayının gündəlik duasını. Bəndə bu duada iqrar edir ki, hər bir xeyir Allahdandır və hər bir şərdən Ona pənah aparır. Bəndənin az, zəif əməllərin müqabilində bol-bol nemətləri onun üzərinə əta edən - Allahdır. İstəyənə də verəndir, istəməyənə də. Öz böyük rəhmətilə Onu tanıyana da verəndir, tanımayana da. Bu ayın bütün nemətlərindən faydalana bilməsə də, ibadət edən insan Allahın lütfü-inayətilə bu ayın bərəkətindən az da olsa, ruhuna hopdura bilir.

Bu ruhuna qəbul etdiyinin bərəkətindən şaban ayının fəzilərlərini dərk etmək və onlardan yararlanmaq hazırlığı əmələ gəlir insanda. Və səy etsə bəndə, Uca Allahın tofiqatı ilə, şaban ayından bu mənəvi paylardan apara bilər. Zira, mənəvi nemətləri qəbul etmək üçün insanın müvafiq tutumu olmalıdır. İnsan əvvəl gərək daxilini təmizləsin, özünü hazırlasın ki, Ramazan ayında ona doğru gələn İlahi nuraniyyəti qəbul etmək iqtidarına malik ola bilsin.

Sanki bir çaydır rəcəb və şaban ayları. İnsan hər gün nə qədər bacarırsa, baş vurur, yuyunur bu mənəviyyat çayında. Nə qədər bacarırsa, öz ruhunu təmizləyir bu çayda. Mübarək Ramazan ayına artıq yeni bir ovqatla, təmizlənmiş və riqqətli qəlblə çıxır bəndə...

Hüseynsevərlər ayı

Hüseynsevərlər üçün xüsusi bir aydır şaban. Bu ayın 3-cü günü Şəhidlər Sərvəri İmam Hüseynin (ə) mövlud günüdür. Kərbəla qəhrəmanı Əbülfəzl Abbasın (ə) mövludu isə ayın 4-dür. Fədakarlığın, zülmə müqavimətin simvolu olan Həzrət Abbasın (ə) mövludu.

Şabanın 5-i isə İmam Hüseyn (ə) yadigarı, Aşura şahidi, Kərbəla müsibətini dünyaya car çəkən, zalım yezid istibdadını titrədən İmam Zeynəlabidinin (ə) - İmam Hüseynin (ə) oğlunun mövlud günüdür. Bəndəlik simvolu olan, səcdə simvolu olan Səccadın (ə) mövludu.

Bütün dünyada azadələrin simvolu olan bir şəxsiyyətin mövludu olan bir aydır şaban ayı. Baxsaq, görərik ki, bir bu 3 gündə nə böyük mənəvi potensial vardır. Ayın ortasında isə - "Nimeyi-şaban" adı ilə məşhur olan 15-ci gündə - Zəmanə Sahibi Həzrət Məhdinin (ə.f) mövludu günüdür. Bəşəriyyətin gəlişinin intizarında olan bir kəsin mövlududur "Nimeyi-şaban"da. Haqq-ədalət simvolunun, bəşəriyyəti zülmdən qurtaracaq bir mübarək ismin mövlududur o gün...

Bütün öz misilsiz xüsusiyyətləri ilə yanaşı, şaban ayı bu 4 mübarək mövlud günləri sayəsində dərkedilməz bir yüksəkliyə qalxır. Mümkün deyil ki, insan istəsin Allahdan, çalışsın, səy etsin və bu böyüklükldə mənəvi potensialın müqabilində əliboş qalsın. Amma insan öz işlərini proqramlaşdırmasa, özünü hazırlamasa, qəlbi ilə məşğul olmasa, səy etməsə mənəviyyat süfrəsinin yanında əyləşməkdən özünü məhrum edə bilər.

Allah Təala cəmi insanlara Öz nəzərini salsın və bu ayın bərəkətlərindən bəhrələnməyi nəsib etsin!

Peyğəmbərin (s) ayı

Əziz İslam Peyğəmbəri (s) buyurur: "Şaban - mənim ayımdır, Ramazan ayı Allahın ayıdır. Hər kim mənim ayımdan 1 gün oruc tutsa, Qiyamət günü mən onun şəfaətçisi olaram".

Açıq-aşkar bir yol göstərilir hər bir insana ki, Həzrət Rəsuli-Əkrəmin (ə) şəfaətçiliyini arzulayır. Bu ayın ehtiramını yüksək bilib, oruc tutan insan üçün Xətəmül-ənbiya - Peyğəmbərlərin Möhürü, Sonuncu İlahi Elçi (s) şəfaətçi olar Qiyamət günündə.

Həzrət Peyğəmbər (s) o adamın şəfaətçisi olar ki, buna ləyaqəti olsun, buna uyğun tutumu olsun, səviyyəsi çatsın. Allaha xatir xalis ibadət edən insan, bütün səhv və xətalarına baxmayaraq, ruhunu qorumağa çalışmışdır və buna görə Həzrət Rəsuli-Əkrəmin (s) şəfaətinə ümid bəsləyə bilir. Şaban ayının orucunun dərəcəsi görün nə qədərdir ki, insanı Peyğəmbərin (s) şəfaətçiliyini qazanmağadək yüksəldə bilir. Şaban ayının belə bir gücü, belə bir imkanları var.

Nəql edirlər ki, əziz İslam Peyğəmbərinin (s) özü Şaban ayını oruc tutardı və onu Ramazan ayına vəsl edərdi, birləşdirərdi.

Böyük İslam Peyğəmbərindən (s) buyrulur: "Şaban - mənim ayımdır. Bəs bu ayda öz peyğəmbərinizin sevgisini qazanmaq və Allaha yaxınlaşmaq üçün oruc tutunuz".

Çox dəqiq reseptdir ki, Rəsuli-Əkrəm (s) müsəlmanların nəzərinə çatdırır. O Həzrətin (s) məhəbbətini necə qazanmaq olar? Allaha yaxınlaşmaqla, xalis ibadətləri Allah üçün yerinə yetirməklə. Və Peyğəmbərimiz (s) buyurur ki, bu yaxınlaşma səyinin təzahürü - oruc kimi ibadətlərdir. Demək şaban ayının orucu öz-özlüyündə mübarəklik yükü daşımaqla yanaşı, insan üçün Peyğəmbər (s) sevgisini qazandırır, Allaha təqərrübü, Allaha yaxınlığı insana nəsib edir.

Behiştin açarı

Şaban ayının orucu - behişt açarlarındandır. Həzrət Rəsulullah (s) buyurmuşdur: "Şaban - mənim ayımdır. Hər kim bu ayda bir gün oruc tutsa, behişt ona vacib olar".

Təsəvvür edək: bircə gün ixlaslı oruc, behiştə apraran bir vəsilə ola bilir. İnsan həyatında intibah prosesi həmin o bircə günlərdən, bircə saat və dəqiqələrdən başlayır. İnsan hər saat özünə nəzarət edir ki, günah etməsin. Göz günahı, dil günahı, qulaq günahı, qəlb günahı etməsin. Sonra bu özününəzarət artıq günlərə keçir, günləri əhatə edir. Nəhayət, bir gün gəlir ki, insanın özünənəzarəti, ibadi durumda olması fasiləsiz bir prosesə çevrilir. Nə edirsə-etsin - ticarətlə məşğuldur, dərs oxuyur, valideyni ilə, övladı ilə, həyat yoldaşı ilə, qonşusu ilə ünsiyyət saxlayır, yaxşılıqlara dəvət edib, pisliklərdən çəkindirir insanları, öz məlumatlılığını, bilgisini artırır, dincəlir, idman edir, səyahətə gedir, ictimai həyatda iştirak edir - hər bir təzahüründə ibadətdə olur insan. Çünki, Allah istəyən kimi edir və Allaha görə edir. Həmin bu 1 saatlardan, 1 günlərdən başlayan şərəfli yoldur bu.

Şaban ayının orucunun Peyğəmbərimizin (s) məhəbbətini qazandıran, Allaha yaxınlaşdıran və behiştə aparan bir amil olması barədə Əhli-Beytdən (ə) silsiləvi surətdə nəql olunmuşdur. Altıncı İmam Həzrət Cəfər Sadiq (ə) öz babası 4-cü imam Həzrət Səccad (ə) barədə belə nəql edir: "Elə ki, şaban ayı daxil olardı, Həzrət Zeynəlabidin (ə) öz əshabını yığardı və buyurardı: "Ey mənim əshabım! Bilirsiniz bu, nə aydır?! Bu, Şaban ayıdır. Və Həzrət Rəsul buyurmuşdur: "Şaban - mənim ayımdır. Bəs bu ayda öz peyğəmbərinizin məhəbbətini cəlb etmək üçün və Allahınıza yaxınlaşmaq üçün oruc tutunuz". Sonra İmam Zeynəlabidin (ə) Allaha and içərək buyurur ki, atam Hüseyn ibn Əlidən (ə) eşitdim ki, buyurub: "Əmirəlmöminin (Həzrət Əli (ə)) eşidib ki, hər kim Peyğəmbərin (s) məhəbbətini cəlb etmək və Allaha yaxınlaşmaq üçün şabanın orucunu tutsa, Allah Təala onu sevər və Qiyamət günündə öz kəramətinə yaxın edər və behişti ona vacib edər"".

Şabanda ən gözəl əməllər

Şaban ayının orucunun yüksək fəzilətləri barədə dini mənbələrdə çox vurğulanmışdır. İmam Cəfər Sadiq (ə) öz yaxınlarından birinə buyurur: "Öz ətrafında olan kəsləri şabanın orucuna vadar et (təkidlə dəvət et)". O yaxını soruşur: "Sənə fəda olum. Məgər onun fəzilətində bir şey görürsən?". İmam (ə) buyurdu: "Bəli. Allahın Rəsulu (s) hər vaxt ki, şabanın hilalını görürdü, carçıya tapşırardı ki, Mədinədə nida etsin: "Ey Mədinə əhli! Mən Allah tərəfindən sizin üçün göndərilmişəm!". Sonra buyurardı: "Agah olunuzHəqiqətən, şaban mənim ayımdırAllahın rəhmətiolsun o kəsə kimənə mənim ayımda kömək edə - yəni oruc tuta"".

Carçı gəzərdi Mədinəni və insanları şaban ayının orucuna dəvət edərdi. Əslində bugünədək o çağırış səslənir və iman əhli Peyğəmibər (s) ayında Rəsuli-Əkrəmə (s) kömək etməyə - oruc tutmaqla öz qəlbini təmizləməyə, dinini yaşatmağa dəvət edilir. Allah cəmi müsəlmanlara bu nidaları cavablandırmağı qismət etsin!

Həzrət Əli (s) də həmçinin buyurardı: "O zamandan ki, eşitdim ki, Rəsulun (s) carçısı şabanda nida verdi, şaban ayının orucu məndən fövt olmayıbdır. Və ta o zamana qədər ki, sağam, Allahın izni ilə, inşəallah,(şabanın orucu) məndən fövt olmayacaq".

İmam Cəfər Sadiqdən (ə) soruşduqda ki, şaban ayında ən yaxşı əməllər hansıdır, o Həzrət (ə) sualı belə cavablandırmışdı: "Təsəddüq (sədəqə vermək) və istiğfar (tövbə etmək, bağışlanmaq diləmək). Hər kim bu ayda sədəqə verər, Allah Təala onu tərbiyələndirər".

İnsanı tərbiyələndirən, inkişaf etdirən - Allahdır. İnsanın əməli müqabilində onun qəlbinə müvafiq durum, müvafiq tərbiyə hopur. Və sədəqə - insanın qəlbinin İlahi tərbiyəsinə yardım edən vasitələrdəndir. Və sədəqənin azı-çoxu mühüm deyil, keyfiyyəti mühümdür. Kəmiyyəti az ola bilər, amma səmimi qəlbdən verilsə sədəqə, insanın özünə təsiri çox gözəl olar.

Allah Təala bu ayda cəmimizi gözəl iş görənlərdən, Peyğəmbərə (s) dost olanlardan, Özünə yaxın olanlardan qərar versin! Amin!

Hacı İlqar İbrahimoğlu

ilahiyyatçı-filosof

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.