Cəmiyyət

Laylasız böyüyən gələcəyimiz

20 Mart 2018 16:20
0 Şərh     Baxış: 2 304
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Layla beşiyim, layla,

Evim, eşiyim, layla.
Sən get şirin yuxuya,
Çəkim keşiyin layla.
Balam layla, a layla!
Gülüm layla, a layla!

Milli.Az lent.az-a istinadən bildirir ki, nənələrimizdən, analarımızdan çox eşitmişik. Laylalar bizə doğmadır, insanı uşaqlığına qaytarır. Amma ettiraf edək ki, laylaların uşaqlar üçün nə qədər əhəmiyyətli olduğunu  dərk etsək də, onlardan çox az istifadə edirik, ya da heç etmirik. İndi neçə ana körpəsini layla deyrək yatırır? 

Laylaların uşaqlarda yuxugətirmə təsiri ilə yanaşı digər müsbət cəhətləri də var. Məsələn, Londondakı Great Ormond Xəstəxanasından olan mütəxəssislərin araşdırmasına görə, laylalar körpələrin yatmasına kömək olduğu qədər, xəstə uşaqlarda ağrını da azaldır. Tədqiqatçılardan David Hargreaves deyib ki, laylalar beynin romantik bölgələrini xəbərdar edərək, rahatlamanı təmin edir və bu hiss ağrı səviyyəsinə də təsir edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov‎ bildirib ki, laylalar beşik başında anaların xüsusi ritm və ahənglə zümzümə etdiyi nəğmələrdir. Bəzən beşik nəğməsi də adlanır. Laylalarda ananın körpəyə olan məhəbbəti, onun övladı ilə bağlı arzu və istəkləri yüksək poetik bir dillə tərənnüm edilir. M.İmanovun sözlərinə görə, laylalar Azərbaycanda unudulmaqda olan folklor janrlarından biridir: "Bunun günahkarı biz özümüzük. Nəinki laylalar, folklorşünaslıqda nəhəng bir janr olan dastanlar da sıradan çıxmaq üzrədir. Əgər toylarda aşığa dastan söylətmiriksə, analar öz körpələrinə layla demirsə, bunları necə yaşatmaq olar? Avropalılar süni şəkildə də olsa, hansısa formada bunları gündəmə gətirirlər, unudulmağa qoymurlar. Bz də bunlara dəyər verməliyik ki, başqalarında günah axtarmayaq".

M.İmanov deyib ki, rəhbərlik etdiyi instititun əməkdaşları bölgələrdə daha çox istifadə edilən laylaları araşdırır: "İnstitutun əsas işi folklor materiallarını toplamaqdır. Qarabağ, Borçalı, Masallı, Yardımlı, Saatlıda ekspedisiyalarda oluruq. Əməkdaşlarımız həmin bölgələrdə insanlardan laylaları, oxşamaları soruşurlar. Maraqlı bir fakt deyim ki, Qazaxda, Ağstafada və Bakı kəndlərində insanların söylədikləri laylaları lentə alan zaman məlum olub ki, onlardan bəzilər laylaları muğam üzərində deyir. Yəni muğamla bərabər  laylalar da bizim ruhumuza hopub. Sadəcə onları üzə çıxarmaq, təbliğ etmək və yaşatmaq lazımdır".

M. İmanov bildirib ki, toplanan folklor janrları ümumuləşdirilir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə əvvəlcə seçmə nağıllara, sonra dastanlara, laylalara və oxşamalara aid kitablar çap ediləcək.

Uşaq psixoloqu Narınc Rüstəmova isə Ailem.az-a laylaların uşaq psixologiyasına təsirindən danışıb. Onun sözlərinə görə, laylaların uşaqların inkişafına çox böyük təsiri var: "Hər bir millətin özünəməxsus laylaları var. Etnopsixologiya deyilən bir anlayış mövcuddur. Yəni, genefondumuzda bəzi musiqilərə meyllilik var. Məsələn, bizə "Sarı gəlin", ingilisə isə Şopeni dinləmək daha çox həzz verir. Laylalar da belədir. Azərbaycanda böyüyən uşaq bizim laylalarla rahatlıq tapa bilər. Hər bir ana öz səs avazı ilə və laylalarda təkrarlanan bəndlərdən istifadə etməklə körpəsinə laylay deməlidir. Bu, uşaqlarda şüur qapanıqlığı yaradır və yuxu gətirir".

N.Rüstəmova onu da bildirib ki, laylaların nevroloji problemləri olan uşaqlara daha çox müsbət təsiri var: "Nevroloji problemləri olan uşaqların yuxuya getməsi çətin olur. Onlar gecə tez-yez ayılırlar. Belə uşaqları ilkin olaraq laylalarla sakitləşdirmək olar. Ümumiyyətlə, laylalar yaş yarımadək olan körpələr üçün xüsusilə vacidbir: "Çünki yaş yarımadək uşaqlarda görmə və eşitmə zəif olur və həmin dövrdə formalaşır. Layla eşitməyən uşaqlar çox passiv olurlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.