Darimidə keçən həmin rəvayət belədir: Amr ibn Yəhya babasından rəvayət edir ki, "biz, səhər namazından əvvəl Abdullah ibn Məsudun qapısının ağzında oturmuşduq. Məscidə bərabər getmək üçün onun evdən çıxmasını gözləyirdik. Bu vaxt Əbu Musa əl-Əşari yanımıza gələrək "Əbu Aburrahman hələ evindən çıxmayıb?" − deyə soruşdu. Ona, "Xeyr, çıxana qədər bizimlə oturub gözləyə bilərsən" − dedik. Sonra Abdullah ibn Məsud evdən çıxdı və biz onun ətrafına toplaşdıq. Əbu Musa ona dedi: "Ey Əbu Əbdurrəhman, məsciddə bilmədiyim bir şey gördüm və əlhamdulillah bu gördüyümü xeyir zənn edirəm." Abdullah ibn Məsud: "O gördüyün nədir?" − deyə soruşdu. O da, "Gedək, inşəallah sən də görəcəksən" - deyərək davam etdi "məsciddə halqalar şəklində oturmuş namazı gözləyən bir qrup gördüm, hər halqada əllərində daşlar olan bir adam vardı. O adam "yüz dəfə təkbir gətirin" - deyir, camaat da təkbir gətirirdilər, "yüz dəfə lə iləhə illəllah deyin", "yüz dəfə təsbeh edin" deyir onlar onun dediklərini edirdilər." Abdullah ibn Məsud: "yaxşı, bəs sən onlara nə dedin?" − deyə soruşdu? Əbu Musa da: "Onlara heç nə demədim, sənin fikirini öyrənmək və nə deyəcəyini gözlədim." − deyə cavab verdi. Abdullah ibn Məsud "Onlara günahlarını saymalarını əmr etmədinmi? Yaxşılıqlarının unudulmayacağını söyləmədinmi?" − dedi.
Milli.Az meneviyyat.az-a istinadən bildirir ki, sonra birlikdə məscidə gedib bu halqalardan birinin başında dayandıq. Abdullah ibn Məsud halqadakılara belə dedi: "Siz nə edirsiniz, bu gördüklərim nədir?". Camaat: "Ey Əbu Əbdurrəhman! Bu daşlarla oxuduğumuz təkbir və zikrlərimizi sayırıq." -dedilər. İbn Məsud: "günahlarınızı sayın, mən sizə zəmanət verirəm ki, etdiyiniz yaxşılıqlardan heç nə əksilməyəcək. Əfsuslar olsun ey ümməti-Muhamməd! Nə tez həlak oldunuz! Baxın! Onlar Rəsulullahın (s.ə.s) səhabələridir. Onlar hələ yanımızdadırlar və əyinlərindəki libasları da hələ köhnəlməyib. Nəfsim qüdrət əlində olana and olsun ki.ş siz ya Muhammədin dinindən daha yaxşı bir din üzrəsiniz ya da dəlalət qapısını açmaqdasınız." - dedi. Halqada olan insanlar da "Vallah ey Əbu Əbdurrəhman biz xeyirdən başqa bir şey etmək niyyətində deyildik." −dedilər. Bunun üzərinə İbn Məsud: "Bir çox insan var ki, xeyir istəyir amma ona müvəffəq ola bilmir. Rəsulullah (s.ə.s) bir qövmdən bəhs etdi ki, onlar Quran oxuyacaqlar amma oxuduqları boğazlarından aşağı keçməyəcək. Allaha and olsun ki, bəlkə də onların çoxu sizlərdəndir. Lakin mən bunu bilmirəm" − dedi və arxasını dönüb getdi. Amr ibn Sələmə deyir ki: "O halqadakıları, Nəhrəvan (Xaricilərlə baş verən) döyüşü günü, Xaricilərlə birlikdə bizə qarşı qılınc qaldırarkən gördük." (Darimi, Sünən 204; Müsnədus-Səhabə)
Bu rəvayətdə Abdullah ibn Məsud cəm halda edilən zikri yox, məhz zikr edənləri tənqid etmişdir. Çünki, bu formada zikr oxumağı doğru hesab etməsəydi, onlarla açıq danışar və "belə zikr etməyin", "belə zikr etmək Allah Rəsulunun dövründə yox idi", "sizin etdiyiniz bidətdir" kimi sözlərlə fikrini çatdırardı. Tənqidin zikr haqqında deyil, zikr çəkənlərə aid olduğunu hədisin sonundakı ifadədən də anlaya bilərik. Çünki, sonda buyurulur ki: "Bəzi Quran oxuyanların oxuduqları qırtlaqlarından aşağıya keçməyəcək, bəlkə onların çoxu sizlərdəndir." Heç kim bu ifadədən "Quran oxumayın" mənasını çıxarmaz. Burda Quran oxuyanların oxunuş tərzləri tənqid edilir və deyilir ki: "Oxuyarkən şüurlu, qəlbinizdə hiss endirərək oxuyun. Zikri də belə edin". Bunu doğru anlamaq lazımdır.
Bu rəvayət haqqında belə də düşünə bilərik: İbni Məsud kimi bir səhabə, Rəsulullahın (s.ə.s) xaricilər haqqında dediklərini bilirdi. Və məsciddəkiləri görəndə onların xaricilərdən olduğunu başa düşmüşdü. Doğrudur, o zaman onlara xarici deyilməsə də, onların əlamətləri məlum idi. Buna görə də İbni Məsud, onlarla belə danışdı: "Təsbeh və zikrləri yox, bu zamana qədər ümməti-Muhammədə (s.ə.s) qarşı işlədiyiniz günahlarınızı sayın". Bəlkə də bununla ordakılara "günahlarınızdan istiğfar edin" demək istəmişdi. Çünki tarixdən məlumdur ki, xəvariclər ümmət içərisində həddindən artıq böyük günahlar işlədilər, bir çox insanı öldürdülər. Həmişə də özlərini haqlı gördülər. Bu qədər günah işlərkən bir tərəfdən də, çox Quran oxuyur və namazlarını da həssaslıqla qılırdılar. Elə buna görə də, İbn Məsud həzrətləri bu davranışı ilə onları şüurlu olmağa, təqvaya dəvət edirdi. İşin ən doğrusunu Allah bilir.
Milli.Az