Cəmiyyət

Amazonkalar və biz - ARAŞDIRMA

1 İyul 2011 08:00
Baxış: 6 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tarixə səs salmış döyüşkən qadınların - amazonkaların həqiqi vətənlərini axtaran tarixçilər hələ də ortaq nəticəyə gələ bilməyiblər. Çünki döyüşkən qadınların izlərinə qədim sivilizasiyanın ləpirlərini özündə qoruyan hər yerdə rast gəlmək mümkündür.

Milli.Az-ı maraqlandıran isə amazonkaların Qafqaza, dolayısı ilə də Azərbaycana bir dəxli olub-olmamasıdır. Biz tarixi faktlara, arxeoloji dəlillərə nəzər yetirdik, müasir Azərbaycan qadınının əski döyüşkən qadın tayfalarının layiqli varisi ola bilib-bilmədiyini öyrənmək istədik.

Rast gəldiklərimiz sadəcə maraqlıdır və bu barədə fikirlərimizi oxucularla da bölüşmək istəyirik. Amma bizim heç də tarixə ermənisayaqı nəzər yetirmək fikrimiz yoxdur. Biz tarixin, sivilizasiyanın Azərbaycandan başlandığını iddia etmək fikrindən uzağıq. Baxmayaraq ki, ən qədim sivilizasiyanın daşıyıcılarından olan şumerlərin bu ərazilərdə mövcud olduğuna dair faktlar var. Əslində şumerlərin bu ərazilərdə məskunlaşmış olması bizim onların varisləri olduğumuz anlamına gəlməz. Şumerlərdən sonra Allah bilir bu ərazilərdə kimlər yaşayıb, ömürlərini başqa tayfalara, xalqlara verib gediblər.

Türklərin lap qədimdən Azərbaycana gəlmə olduqlarını söyləyirlər. Amma türklər bu ərazilərə gələndə sak-massagetlərin, xəzərlərin, suların, lullubeylərin, kuttilərin, albanların, midiyalıların və digərlərinin soyqırımı ilə məşğul olmayıblar ki. Adlarını sadaladığımız bu tayfaların əksəriyyəti bu torpaqlarda assimilyasiyaya uğrayıblar.

Əcəba, müasir Azərbaycan qadınını Qafqaz amazonkalarının varisləri adlandırmaq olarmı?

Həyasız oxumuşlar və kitabsız gəlin

Sakit, başıaşağı, bir sözü iki eləməyən, abırlı, həyalı, utancaq, ismətli, namuslu... Bunlar klassik Azərbaycan xanımları haqqında daşlaşmış ifadələrdi. Bu ifadələr günümüzdə də çox aktualdır. Ailələr məhz bu qəbildən olan gəlin axtarır, oğlanlarımız da bu qəbildən olan arvad. Evimizin yaxınlığındakı uşaq bağçasının müdir müavini, toyxana müğənnilərindən birinin anası, ləçərliyi ilə bütün Əhmədlidə ad çıxarmış Z xanım (ona 60 yaşda sifətinə həddindən artıq ənlik-kirşan çəkdiyinə görə, şpatlyovka da deyirlər) o gün həyətimizdə uca səsnən dedi ki, oğluma heç vaxt oxumuş qız almaram, çünki oxumuş qızlar həyasız olur. Kitabxana müdirəsi F xanım da onun sözünü təsdiq elədi. Dedi ki, gəlin nədir, kitab oxumaq nədir, ər evinə kitab oxumağa gəlməyib ki, zəhmət çəkib evin işlərini görsün, yığ-yığış eləsin.

Nədənsə, həyətimizdə bu məsələdə möhkəm həmrəylik var. Oğlunu orta məktəbdə oxuyan qızla nişanlayan analara qəhrəman kimi yanaşırlar. Şahnaz xala isə persona-non-qratadır. Çünki gəlini universitet bitirib, xarici şirkətdə işləyir, maşın sürür. Bilmirəm, ta qədimdən bu torpaqlarda köç salmış xalqımız bu əcaib xüsusiyyətləri haradan əxz edib? Azərbaycan ərazilərində mövcud olan tayfaların tarixinə nəzər yetirəndə, görürsən ki, burada at çapan, qılınc oynadan, savaş meydanlarını kişilərlə paylaşan qadınlar olub. Bunu bizə sak-massagetlərin lideri Tomris, Dədə Qorqud dastanlarındakı, xalq nağıllarımızdakı qadın obrazlar da pıçıldayır. Əgər bu ölkənin qadınları türkdürlərsə, Lev Qumilyova görə, əski türk qadınları döyüşkənlikdə erkəklərdən heç də geri qalmırlarmış. Yox, xəzərlərin, sak-massagetlərin, qarqarların, albanların nəsillərindəndirlərsə, bunların da qadınları döyüş sənətinin sirlərinə necə lazımdırsa, elə də bələd olub.

İndi isə amazonkaların tarixinə baxaq və özümüzdən soruşaq, biz doğrudanmı onlardanıq?

Makedoniyalı İsgəndər Falestra ilə niyə döyüşmədi?

Vikipediyanın Azərbaycan bölməsində amazonka sözünü yazıb axtarış aparsaq, ilk olaraq belə bir cümləyə rast gələcəyik - Amazonka - Azərbaycanda yaşamış, döyüşkən qadınlardan ibarət tayfadır. Bu, subyektiv yanaşmadır. Belə yanaşmanı inkar etməyə bilmirik. Axı amazonkaların izlərinə Azərbaycan sərhədlərindən çox-çox uzaqlarda da rast gəlinir. Amazonkalar o kəslərdir ki, onların tayfasında bir nəfər belə kişi olmayıb.

Tarixə məlumdur ki, qədim yunanlar döyüşçü qadınlara amazonkalar deyirdilər. Onlar qılıncla döyüşür, əla ox və metal nizələr atırdılar. Bu sözün mənası a-mazos, yəni "döşsüz" deməkdir. Onlar sağ döşlərini kəsirdilər ki, sağ əlləri ilə silahlardan istifadə etməyə mane olmasın. Onlar ildə bir dəfə qonşu tayfadan olan kişilərlə görüşür, oğlan uşaqları olduqda onlara verir, qız uşaqlarını isə özlərində saxlayırdılar.

Bu barədə maraqlı bir rəvayət də var: Makedoniyalı İsgəndər hərbi səfərlərindən birində atlı amazonkadan ibarət 120 minlik ordusu olan çariça Falestra ilə görüşür. Falestra ona hərbi ittifaq təklif edərək deyir: "Mən sənə oğlan hədiyyə edə bilərəm (əlbəttə, qız olsa, özümə götürəcəm), çünki məndən güclü və cəsur qadın, səndən də şöhrətli kişi yoxdur". İsgəndərin çariçanın təklifini qəbul edib-etmədiyi bəlli deyil, amma, məlumdur ki, o amazonkalara qarşı döyüşməyib.

Oğlanlar atalara, qızlar analara...

Azərbaycan tarixçilərinə görə isə, amazonkalar ölkəmizin şimal-qərb və cənub-qərb ərazilərində məskunlaşıblar. Lakin aborigen olmayıblar. Amazonkalar Azərbaycana skif-sak-massaget tayfalarının axını zamanı gəliblər. Herodot amazonkaların şimali Qara dəniz hövzəsində skiflərlə qonşuluqda yaşadığını göstərib. Amazonkaların Azərbaycanda yaşamaları haqqında əsas məlumatları isə Strabon "Coğrafiya" əsərində verib. Strabon bu haqda yazıb: "Albaniyanın yuxarı dağlarında amazonkalar yaşayır. Pompeyi yürüşdə müşayiət edən və Albaniyaya gələn Feofan söyləyir ki, skif tayfaları olan Hell və Lehlər amazonkalar və albanlar arasında yaşayırlar. Bu ölkədə həmin tayfalarla amazonkalar arasında Mermodalida çayı axır.

Bu yerlərlə yaxşı tanış olan başqa yazıçılar, onların içərisində Skepsiyalı Metrodor və Qipsikart iddia edirlər ki, Amazonkalar Qafqaz dağlarının Keravn adlanan Şimal ətəklərində qarqarlarla qonşuluqda yaşayırlar. Amazonkalar bütün vaxtlarını özlərinə sərf edirlər, yer şumlayır, bağçılıq, mal-qara, xüsusilə, atlara qulluq etmək kimi mühüm işlərlə məşğul olurlar.

Amazonkalar at belində ovla və hərbi təlimlə məşğul olurlar. Onların sağ döşlərini uşaq vaxtı yandırırlar ki, iş görəndə, xüsusilə, nizə atanda rahat olsun. Onlar həmçinin ox, yay, yüngül qalxan və balta da işlədirlər. Onlar vəhşi heyvan dərisindən bürünəcək, dəbilqə və kəmər hazırlayırlar. Yazdakı iki xüsusi ayda onları qarqarlardan ayıran qonşu dağa qalxırlar. Çox qədim bir mərasimə görə, qarqarlar da həmin dağa qalxır ki, qadınlarla birgə qurban verib, uşaq doğmaları üçün onlarla yaşasınlar; kim kimlə düşdü, onlar xəlvət, qaranlıqda görüşürlər. Qarqarlar qadınları hamilə edərək evlərinə buraxırlar. Qadın cinsindən olan bütün uşaqları amazonkalar özlərində saxlayırlar, kişi cinsindən olanları isə qarqarlara verirlər. Hər bir qarqar onlara gətirilən körpəni oğlu bilib böyütməlidir".

Hüquqsuz erkəklər

Qafqaz xalqlarının tarixini araşdıran alimlər bu ərazilərdəki toy adətlərini, müxtəlif folklor ayinlərini incələyərək, burada amazonkaların izlərini axtarmağa çalışırlar. Qafqazda ailə kultunun möhkəmliyini, süd anasının müqəddəs sayılmasını, məişət və təsərrüfat işlərində qadının aparıcı rolunu amazonkaların tarixi məskənlərinin bu ərazilərdə olması ilə əlaqələndirirlər. Məşhur alimlər amazonkaların Mərkəzi və Şimali Qafqazda yaşayan naxdilli qarqarların dilində danışdıqlarını iddia edirlər.

Qəribədir ki, XIX-cu əsrə qədər Çeçenistan və İnquşetiya ərazilərində qadınlarla bağlı qəribə bayramlar mövcud olub. Məsələn, çeçen qadınlar "Sesarey tsiey" ("Qadın bayramı") adlı bayramı qeyd edirmişlər. Ənənəyə görə, ildə bir gün dağlı qadınlar öz ailələrini və ən vacib işlərini belə tərgiyərək insan ayağı dəyməyən yerə gedir, burada bir dairədə toplaşır, yaşca böyük olan, ən müdrik, mömin və qüsursuz nüfuzlu qadını özünün hökmdarı seçirmiş. Ən gənc, gözəl, güclü və təmiz qızlar müəyyənləşdirilir, onlar hökmdarın mühafizəçisi və müşayiətçisi seçilirmiş. Kişilərin funksiyalarını öz üzərinə götürən, silahlanan, silahlardan məharətlə istifadə etməyi bacaran, mübariz, at oynadan, at çapan qadınlar bu hökmdarın ətrafında birləşərmiş. Onların bayramı olmayınca, heç bir kişinin onlara yaxınlaşmaq hüququ yox imiş. Bilərək, yaxud da azaraq amazonkaların içərisinə düşən kişilərə əsl divan tutulurmuş. Dağlı qadınların ildə bir dəfə kişilərlə cütləşməsində məqsəd yalnız və yalnız nəsil artımı imiş.

Kişilərin xilası almazdan keçirmiş

Amazonkalar üçün dədə-babalarının kim olmasının, hansı tayfaya malik olmasının, hansı dildə danışmasının heç bir önəmi yoxmuş. Onlar sadəcə döyüşkən qadınlardan ibarət bir xalq yaradıblar və təəssüf ki, kökləri kəsilib. Qəribədir ki, Şimali Qafqaz xalqları son yüz ilə qədər müsəlman və ya xristian olmalarından asılı olmayaraq, xüsusi rituallardan ibarət "Qadın bayramı"nı təntənə ilə qeyd ediblər. Onlar dağlara, kimsəsiz məkanlara qalxır, öz hökmdarlarını seçirlər. O da qəribədir ki, kişilər öz sevimli qadınlarını asanlıqla "Qadın bayramı" mərasimlərinə qurban vermək ənənəsi ilə razılaşıblar.

Bayram günü amazonkalar dağın təpəsində öz sevimli ev heyvanlarının allahının abidəsini ucaldır və onun ətrafında rəqs edirmişlər. Kişilər isə dağlı qadınlarla cütləşməyə gələrkən əliboş gəlmirlərmiş. Ənənəyə görə, onlar öz qadınlarına almaz hədiyyə edirlərmiş. Həmin almaz isə doğulan oğlan uşaqlarına bağışlanırmış. Nə zamansa təsadüfən amazonkalar tərəfindən yaxalanan kişidə almaz tapılsa, o, amazonkaların qohumu hesab olunur və bu səbəbdən də işgəncəyə məruz qalmadan sağ-salamat öz tayfasının yanına qayıda bilirmiş.

Zaqataladakı qalanın sirri nədir?

Onu da qeyd edək ki, Zaqatala rayonu, Çardaxlar kəndi ərazisində dağ üstündə yerləşən, el arasında Pəri qalası kimi məşhur olan orijinal qaya-qala ilə bağlı maraqlı bir əfsanə yaşamaqdadır. Deyilənə görə, həmin qalaya süd arxı gəlirmiş. Amazonkaların mal-qarasının saxlanıldığı tövlədən süd həmin arxa tökülür, oradan da qalaya qədər axarmış. Qalada yaşayan hökmdar və onun əyanları bu süddən içər və süddə çimərlərmiş. Yerli tarixçi və filoloqların fikrincə, Nizami Gəncəvinin əsərlərində ("Xosrov və Şirin") də bu əfsanəvi qala barədə söz açılır. Yalnız qadınların əhatə etdiyi, Şirinin qəsrinə dağdan süd arxı gəlirmiş.

Pəri qalasının yaxınlığında keçmiş dönəmlərə aid qəsrin qalıqlarının tapılması isə alimləri inandırmışdı ki, Nizaminin əsərində tərif etdiyi Şirin qəsri elə bu xarabalıqların yerində olub. Qədimlərdə bu ərazilərdə Mehrigan adını almış qadın bayramı qeyd olunurmuş. Bu isə döyüşkən qadınların qonşu tayfalardan olan erkəklərlə cütləşməsi günü imiş. Güney Azərbaycanda Mehriganın baharın gəlişini ehtiva edən Novruzla eyni bayram olduğu bildirilir. Lakin bu bayramın mahiyyəti müasir Novruzun mahiyyətindən sadəcə, elliklə cütləşmə ilə fərqlənir.
 
Qobustan onları tanıyırmı?

Təbii ki, bütün bunlar sadəcə, tarixçilərin şifahi mülahizələridir. Təbii ki, amazonlar öz tarixlərini yazıya almadıqlarından, bizə sadəcə, əfsanələrə boyun əymək qalır. Plutarx isə onların haqqında yazır: "Qafqaz amazonlar yurdudur". Pausanias əmin olub ki, Hirkan gölünün (Xəzər) sahillərinin əsl sakinləridir. Strabona görə, amazonlar Qafqaz Albaniyasında yaşayıblar. Onlar öz nəsillərini artırmaq üçün qarqarlarla (qarabağlılarla) cütləşirlər. Bu faktlar iddia edir ki, amazonlar hazırkı Azərbaycan qadınlarının əcdadları olublar.

Digər bir fakt da odur ki, antik olimpiada ilk dəfə Yunanıstanda deyil, Qobustanda keçirilib. "Yallı" rəqsinin təsviri və ilk musiqi aləti olan Qavaldaş sübut edir ki, Qobustan uğurlu ovçuluqdan sonra daş dövründə yaşayan insanların məskəni olub. Azərbaycanın görkəmli arxeoloqları İ.Cəfərzadə, C.Rustəmova və F.Muradov kaman atmaq, qayalardan hoppanmaq bu adamların əsas məşğuliyyətləri olub. Ocağın kənarında rəqs, kollektiv mərasimlər amazonkaların dağdan endikləri vaxt düzənlədikləri mərasimləri xatırladır.

Bu faktlar isə amazonkaların mənşəcə yunan olmasına şübhələr oyadır. Tarixçilər möhkəm əmindirlər ki, yunanlar amazonkalar haqqında ilk dəfə Homerdən eşidiblər. Maraqlıdır ki, tarixçilərimiz ilk Olimpiya oyunlarının Yunanıstanda keçirilmədiyini iddia edirlər. Deyirlər ki, yalnız bizim eradan əvvəl 776-cı ildə Yunanıstanda Olimpiya oyunları keçirilməyə başlayıb. Eramıza qədərki azı 12 min il qədim rəssamlar Qobustan qayaları üzərində bizə kaman və çiyinlərində ox olan amazonların rəsmlərini miras qoyublar. Rəqs təsvirlərinin yaşı isə, arxeoloqlara görə 4-5 min ildən artıqdır.

Amazonkalar haqqında əfsanə

Eramızdan əvvəl XII əsrdə Troya müharibəsində ellinlərlə amazonkaların döyüşündən sonra ellinlər onları əsir götürdülər və 3 gəmiyə mindirdilər. Amma amazonkalar burada bütün yunan döyüşçülərini tərksilah etdilər və gəmilərdən suya tulladılar. Gəmini idarə etməyi bacarmayan amazonkaları külək və dalğalar Meotiya gölünün sahillərinə atdı. Onlar Kremn adlandırılan skiflərə məxsus boş torpaqları tutdular. Skiflərin at ilxılarını oğurladılar və ölkəni talan etməyə başladılar.

Herodot yazır: "Skiflər heç nə başa düşmürdülər. Bu nə işdir: onların dili yoxdur, paltarları da, heç bir tayfanı tanımırlar, heyrətamizdirlər, onlar haradan gəliblər?! Skiflər düşünürdülər ki, amazonkalar gənc kişilərdir və buna görə də onlarla döyüşə giriblər. Yalnız döyüşdən sonra amazonkaların cəsədlərinə baxan skiflər onların qadın olduğunu bildilər. Ondan sonra amazonkaları öldürməmək qərarına gəldilər. Düşündülər ki, gənc kişiləri yaxınlıq etmək üçün amazonkaların yanına göndərsinlər. Onların yaxınlığında öz düşərgələrini qurdular ki, onların etdiklərini etməyi öyrənsinlər.

Skiflər amazonkaların təqiblərindən yaxa qurtarmaq üçün düşündülər ki, bu qadınlar onlara uşaq doğsunlar. Skiflər getdikcə öz düşərgələrini amazonkaların düşərgələrinə yaxınlaşdırdılar. Amazonkalar tərəfə göndərilən gənclər təlimatları yerinə yetirdilər. Amazonkalar skiflərin məramını anlayandan sonra onlara əhəmiyyət verməməyə başladılar. Amazonkaların yaxınlığında köç salmış skif gəncləri də özlərini amazonkalar kimi aparmağa başladılar. Onlar da silah və atdan savayı heç nədən baş çıxarmır, ovçuluq və talanla məşğul olurdular. Beləcə, skif gəncləri ilə amazonkalar düşərgələrini birləşdirdilər. Hər bir skif gənci özünə bir amazonka seçdi. Onlar bir-birilərini işarələrlə başa salırdılar. Nəticədə onların xüsusi ailələri, ayrıca uşaqları, mülkiyyətləri yaranmağa başladı.

Amma amazonkalar skif qadınları kimi deyildilər. Onlar özləri ov edir, kişilərin gördükləri bütün işləri daha yaxşı bacarırdılar. Skif kişiləri onlara kişilərə aid işlərdən çəkinməyi təklif etdilər. Amazonkalar isə belə olan təqdirdə bütün hüquqlarının kişilərin əlində olacağını və bunu istəmədiklərini bildirdilər..."

Köləlikdən və maddi asılılıqdan imtina edən qadınlar

Herodotun yazdığından belə anlaşılır ki, maddi asılılığın insanların hüquqlarını məhdudlaşdırdığını ilk anlayan və buna qarşı gedən ilk qadınlar məhz amazonkalar olublar. Herodot bunu bospor yunanlarının Kimmer Bosporunda at çapan qadınları gördükdən sonra danışdıqları əsasında yazıya alıb.

Amazonkaların əsas yurdu Qara dəniz sahillərində, hazırkı Yaşıl İrmaq çayının ətrafındadır. Tarixçi A.B.Snisarenkoya görə, amazonkaların yaşayış arealının konturları Türkiyənin Amasiya vilayətinə düşür. Tarixçiyə görə, ola bilsin ki, Amasiya sözünün əvvəlki şəkli Amazya toponimi özündə hansısa əfsanəvi tayfanın adını yaşadır. Amazonkalar Türkiyənin Samsun vilayətində də iz qoyublar. Yunanların himayəçi qadın ilahəsi Artemidanın döyüşçü qadını ifadə etdiyi məlumdur.

Əfsanə, yoxsa tarix

Amazonkaların uydurulmuş mif, yoxsa tarixi personajlar olduğu heç kəsə məlum deyil. Makedoniyalı İsgəndərdən sonra amazonkaların tarixdəki izi itir. Bununla belə, son illərdə Qafqazdakı bir sıra məkanlarda, Ukrayna ərazisində və digər yerlərdə kaman, ox və mızraqla birgə dəfn olunmuş qadın qəbirləri aşkarlanıb. Qəbirlərin yaxınlığındakı qılınclar, döyüş baltaları, yaxın mənzilli döyüşlər üçün nəzərdə tutulmuş silahlar, ayin xəncərləri göstərir ki, döyüşkən qadınların aristokrat əsilləri olub. Onlar təhlükəsiz yaşamaq və kişilərlə döyüşdə onlara qalib gəlmək üçün həmin dövrdə düzəldilməsi mümkün olan bütün silahlardan istifadə ediblər. Sarmatlar amazonkaların ataları sayılır. Sarmat məzarlıqlarında silahlarla birgə gömülmüş döyüşçü qadınlara rast gəlinir. Sonralar belə hallara iskitlərdə də rastlanıb.

Laçın rayonundakı Qırxqız dağlarına yaxın kəndlərdə amazonkaların izləri mövcud imiş. Cicimli kəndində olan "Cicim ocağı" adlanan ana qəbiri, Ərdəşəvi kəndi yaxınlığında bir neçə yerdə öz şəxsi sürsatı ilə dəfn olunan qadın qəbirləri bizi amazonkaların izlərinə götürür.

Tarix bizə öyrədir ki, onlar evliliyin köləlik olduğuna inanırdılar. Kişilərlə mübarizənin tək yolunun güclü olmaqdan keçdiyinə əmindilər. Onlar tabe olmaqdansa, özlərinə qəsd etməyi üstün tuturdular...

Tomris
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.