Müvəqqəti nikahı ləğv etmək üçün talaq oxunmalıdırmı? Müvəqqəti nikahın iddə müddəti nə qədərdir?
Daimi nikahdan fərqli olaraq müvəqqəti nikahda talaq vermək tələb olunmur. Müvəqqəti nikahın müddəti bitsə, tərəflər bir-birindən ayrılmış sayılır. Milli.Az islam.az-a istinadən bildirir ki, eləcə də, kişi müddətin qalığını qadına bağışlasa, sadəcə "müddətin qalığını sənə bağışladım" deməsi kifayət edər. Daimi nikahda olduğu kimi şahid tutmaq lazım deyil. Qadın heyzli olsa da müddət bağışlana bilər. Müvəqqəti nikahın iddəsi qadının iki dəfə heyzdən pak olması qədərdir. Yalnız bu müddət bitdikdən sonra (əgər hamilə deyilsə) başqasına ərə gedə bilər. Əgər qadın hamilədirsə, uşaq doğulana kimi gözləməlidir. Əgər kişi ilə qadın ayrıldıqdan sonra uşaq 45 gündən tez doğulsa, yaxşı olar ki, 45 gün bitənə kimi gözləsin.
Milli.Az