Son beş ildə yeni doğulan qızlara qoyulan adlar arasında Zəhra, Nuray və Fatimə adları üstünlük təşkil edib. Oğlan uşaqlarına isə daha çox Yusif, Hüseyn, Əli, Ömər adları qoyulub. İllər üzrə fərq yalnız bu adların siyahıdakı yerinin bir və ya iki pillə dəyişməsi olub.
Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə 18872 uşağa Yusif adı verilib. 2016-cı ildə 2116 oğlan uşağına bu ad verilib. Rəsmi məlumata görə, son 5 ildə 17955 qız uşağına Zəhra adı qoyulub ki, 2016-cı ildə bu rəqəm 1829 olub. Bu müddət ərzində Nuray adı verilən 13626 qız uşağından 1388 nəfəri cari ildə bu adı qazanıb. Oğlanlar arasında Hüseyn adı 12970 sayla ikinci yerdədir. Təkcə 2016-cı ildə 1444 oğlana bu ad verilib.
Ölkəmizdə populyarlığını qoruyan Fatimə adına 5 il ərzində 12845 dəfə müraciət olunub. Belə ki, təkcə bu il ərzində 1185 qıza məhz Fatimə adı verilib. Bu müddətdə 12749 oğlana Əli adı verilib ki, 1387 uşaq bu adla rəsmiləşdirib.
5 il ərzində 8386 oğlana Ömər adı verilib. Bunlardan da 1086-ı 2016-cı ildə rəsmiləşdirilib.
Milli.Az xəbər verir ki, "Milana" Nitq İnkişaf və Psixologiya Mərkəzinin psixologiya sahəsinin rəhbəri Vəfa Rəşidovanın "Ekspress"ə bildirdiyinə görə, eyni adların qoyulması kütlə psixologiyası ilə bağlıdır: "İnsanlar bu adları bir-birinə baxıb qoyurlar. Məsələn, valideynə sual verirsən ki, qızının adını, məsələn, niyə Fatimə qoymusan? Cavab verir ki, qonşumuzda bir qız var, adı Fatimədir, o qızdan xoşum gəlir deyə, qızımın da adını Fatimə qoydum".
Bu, onu göstərir ki, həmin insanın öz fikri, seçimi yoxdur. Psixolqa görə, əslində insanlar seçim etməkdə həmişə çətinlik çəkirlər. İnsanların özünün fikrinin olması çox önəmlidir. Əsasən özgüvəni əksik olan insanlar seçim etməkdə çətinlik çəkir.
Ad seçiminə məntiqi yanaşılmasının tərəfdarı olan Rəşidova deyir ki, ad insanın həyatında böyük önəm daşıyır: "Ad insanın xarakterinə böyük təsirini göstərir. Ad insan həyatının necə formalaşmasına, necə istiqamət almasına böyük təsir göstərir. Burada məsuliyyət yenə də valideynlərin üzərinə düşür. Çünki valideyn övladı dünyaya gətirir, onun sabahı, taleyi də məhz adıyla bağlıdır. Öz övladına adqoydu kütlə psixologiyasının təsiri ilə olmamalıdır".
Psixoloq bildirib ki, bu gün əksəriyyət dini əqidələrinə uyğun adlar qoyur: "Bu, xüsusi adlardır. Fatmeyi Zəhranın, Yusifin, İmam Hüseynin, Həzrət Əlinin, Məhəmməd peyğəmbərin adı. Bəli, bu adları yaşatmaq yaxşı fikirdir. Amma fərqinə varmadan adları kütləvi qoymaq məsələsi var. "Qonşumuz oğlunun adını Hüseyn qoyub, onlar dindar ailədir, mən də gərək övladımın adını Hüseyn qoyum" kimi yanaşma əksəriyyətin eyni ad daşımasına gətirir.
Həmsöhbətimiz vurğulayıb ki, valideynlərin özgüvənli olması çox önəmlidir: "Valideynlər düşünməlidirlər ki, hansı niyyətlə övladıma bu adı qoyuram? Niyyət də önəmlidir. Bu gün bu ad populyardır, dəbdədir, onu hamı qoyursa, mən də qoyum deyib, uşağa ad qoymaq məntiqəuyğun deyil. Ailə bir yerə yığışıb məsləhətləşib uşağa ad qoymalıdır. Adın mənasına da fikir vermək lazımdır".
Onun dediyinə görə, bir çox valideynlər ata-analarının adlarını övladlarına qoymaq istəyirlər: "Bəzi ailələrdə böyüklər bunu tələb kimi də qoyurlar. Rəhmətə gedən əzizlərinin adlarını qoyanlar da var. Bu, ailənin mehribanlığından xəbər verir. Amma önəmli məqam odur ki, ad qoyan zaman həssas yanaşmaq lazımdır".
Rəşidova bildirir ki, ad zamana uyğun olmalıdır. Elə ad seçilməlidir ki, gələcəkdə uşaqda kompleks yaratmasın. "Valideyn övladının adına görə utanmağını istəməz. Ad həyatımızın başlanğıcıdır, ad həyatımızda uğurların yaradıcısıdır. Ad insan həyatının mənasıdır.
Gülüş doğuran, məntiqə uyğun olmayan adı olan uşaq gələcəkdə bunun psixoloji narahatlığını çəkəcək. Görürsən ki, bəzi adamlar deyir: "Mən adımı sevmirəm. Mənim adımı filan qohumumuza və ya məşhur insana görə seçiblər. Mən də həmin adamı xoşlamıram. O qədər onu tərifləyirlər ki, bax onun kimi ol, biz sənin adını ona görə qoymuşuq". Kimisə kiməsə oxşatmaq lazım deyil. Adqoyduya fərdi yanaşılmalıdır".
AMEA Terminologiya Komissiyasından qəzetimizə verilən məlumata görə, hər bir şəxs övladına Nazirlər Kabinetinin bununla bağlı qərarı çərçivəsindən çıxmamaq şərtilə istənilən adı qoya bioər. "Çox vaxt insanlar eyni adları qoymaq istəyir. Məsələn, övladlarının adını Əli qoyurlar. Biz kiməsə deyə bilmərik ki, uşağının adını Əli qoyma. Deyəcək ki, sadə addır, mənası var. Bunun biz qarşısını ala bilmərik".
Qurumun işçisi bildirib ki, bu gün adların qoyulması ilə bağlı biabırçı vəziyyətdir: "Məsələn, bəzən valideynlər övladlarına mürəkkəb ad qoyurlar, bizim adlar sistemimizə görə iki adın yanaşı qoyulmasına icazə verilmir. Valideynlər də çox vaxt bu məsələylə bağlı məhkəməyə müraciət edirlər. Məhkəmə prosesində təkid edirlər ki, uşağın adı bu şəkildə olmalıdır".
Komissiyadan verilən məlumata görə, istər televiziyada, istərsə də mətbuatda maarifləndirmə işləri aparılmalıdır ki, hər kəs öz uşağına ad qoyanda onun mənasını başa düşsün.
"Məsələn, Sevda adını dəyişib "Sevana" kimi qoymaq istəyənlər olur. Biz buna icazə vermirik".
Nazirlər Kabinetinin qərarı var ki, gülüş doğuran adların qarşısı alınsın. "Populyar olan adların qarşısını ala bilmirik. Məsələn, 2014-cü ildə 1000 addan 400-ü Yusif qoyulub".
Milli.Az





