Müəyyən problemlərə baxmayaraq, astronomlar tərəfindən kosmik məkanda Yer planetinə bənzər obyektlərin axtarılması inadla davam etdirilməkdədir. Bu baxımdan ötən ilin sonlarında ABŞ və Yaponiyadan olan astronomların verdikləri açıqlamalar diqqəti cəlb edir. Məlum olub ki, bu günə kimi kosmik məkanda - kainatda 500-dən artıq Yer planetinə oxşayan obyektlər var.
Alimlər tərəfindən ekzoplanet adı verilən bu obyektlərdən bəziləri həcminə görə Yerə daha yaxın, bəziləri isə ondan kiçikdirlər. Qeyd edək ki, Yerə bənzər daha iri planetlərin axtarışına yalnız bu yaxınlarda başlanılıb. Astronomlar bunun səbəbini, adətən, digər qalaktikaların olduqca uzaq məsafədə yerləşməsi ilə izah edirlər. Bu baxımdan son illərdə yerəbənzər çox sayda ekzoplanetlərin kəşf edilməsi onların, bəlkə də, bizə daha yaxın məsafədə yerləşməsi ilə izah edilə bilər. Bununla belə, ekzoplanetlərin kəşf edilməsi heç də asanlıqla baş verməyib. İlk ekzoplanet 15 il bundan əvvəl elm və texnikanın sürətli inkişafından sonra aşkar edildi.
Sonrakı illərdə isə bu proses daha sürətlə getməyə başladı. Bu da astronomlar tərəfindən təbii qarşılanmaqdadır. Məsələn, ABŞ-ın Berkli şəhərindəki Kaliforniya Universitetinin tanınmış tədqiqatçısı Endru Hovard: "Elm və texnika inkişaf etdikcə kainatda ekzoplanetlərin daha çox sayda aşkar edilməsi baş verəcək. Əgər yaxın gələcəkdə hər ikinci və ya səkkizinci ulduzun yerəbənzər olması müəyyən edilsə, mən ona təəccüblənməyəcəyəm",- deyib.
Yeri gəlmişkən, ekzoplanetlə bağlı məsələyə aydınlıq gətirmək üçün qeyd etməliyik ki, onlar, adətən, Günəş sistemindən kənardakı ulduzlar ətrafında dövr edirlər. Onlar kiçik həcmə malikdirlər, digər ulduzlarla müqayisədə bir o qədər də işıqlı deyillər. Bu səbəbdən də uzun müddət onları aşkar etmək mümkün olmayıb. Ətrafında dövr etdikləri ulduzlar isə Günəş sistemindən ən azı 4,22 işıq ili məsafədə yerləşir. Astronomlar bu səbəbdən də ekzoplanetləri aşkar etmək məqsədi ilə xüsusi metodlardan yararlanırlar. Onu da deyək ki, əksər ekzoplanetlər müəyyən qədər Yupiterə bənzər nəhəng qaz kütlələrini xatırladırlar.
Təbii ki, astronomları həyatın mövcud olması şərtlərinə uyğun gələn ulduzlar sistemi daha çox cəlb edir. Məsələn, belə hesab edilir ki, Günəş sistemindən 0,95-1,37 astronomik vahid uzaqlıqda olan ulduzlarda yerəbənzər həyatın olması mümkündür. Astronomların əksəriyyətinin fikrincə, digər planetlərdə həyatın olması üçün, ilk növbədə, onun səthi bərk olmalıdır. İkincisi, həyatın mövcudluğu hökmən müvafiq temperatur və suyun olmasından asılıdır. Həyatın olması üçün planetin səthində orta temperatur 0-la +100 dərəcə arasında dəyişməlidir. Misal üçün deyək ki, Yerdə normal istilik +15-dən +60 dərəcəyə kimi hesab edilir. Mənfi temperatur üçünsə son hədd - 90 dərəcədir. Bu çərçivədə də +60 dərəcədən yuxarı, -90 dərəcədən aşağı temperaturda həyatın mümkün ola bilməsinə şübhə ilə yanaşılır.
Astrofiziklərin və bioloqların ehtimalına görə, yalnız yuxarıda söylənilən şərtlər daxilində Günəş sistemindən kənardakı ulduzlarda həyatın olması mümkündür. Son axtarışlar və çoxsaylı ekzoplanetlərin aşkar edilməsi isə "Yeni Yer"in tapıldığı barədə ehtimalların daha da güclənməsinə gətirib çıxarıb.
Qlıze ulduzunda Yerın əkızı
2010-cu ilin payızında Havay adalarındakı rəsədxanada işləyən Kaliforniya Universiteti və Vaşinqtondakı Karneqi Elmlər İnstitutunun astronomları tərəfindən Qlize adı verilən ulduzlar sistemində Yerin sanki əkizi olan ekzoplanet aşkar edildi. Bu ekzoplanetə "581 g" adı verildi. Bu günə kimi aşkar edilən ekzoplanetlərdən heç biri onun qədər həyatın varlığı üçün geniş imkanlara malik deyil. "581 g" günəşdən elə bir məsafədə yerləşir ki, onda nə güclü isti, nə də güclü soyuq olmamalıdır. Çox güman ki, onda həyat üçün zəruri olan su da var. Kəşfin müəlliflərindən biri hesab edilən astronomiya və astrofizika üzrə professor Stiven Bort: "Ekzoplanetdə potensial baxımdan həyatın olması mümkündür və mən bunu istisna etmirəm",- deyir.
Amma o, "581 g"-də bizə oxşayan canlıların olub-olmaması məsələsini nə təsdiq edir, nə də təkzib. Astronomların fikrincə, adıçəkilən ekzoplanetdə canlı həyatın Yerdəkindən fərqli, müxtəlif formada ola bilməsi mümkündür.
Bəs Yerin əkizi hesab edilən planet hansı oxşar və fərqli xüsusiyyətlərə malikdir? Yerin əkizinin çəkisi planetimizdən azı 3-4 dəfə ağırdır. Bundan əlavə, Yerdən fərqli olaraq, onun əkizi öz oxu ətrafında 37 yer günü ərzində dövr edir. Ekzoplanetin səthində orta temperatur -12, -31 dərəcə təşkil edir. Amma onun səthinin qravitasiyası təxminən Yerinkinə uyğun gəlir. Bu da onun səthində insanın yerdəki kimi hərəkət etməsinə imkan verir. Əlbəttə, belə bir şəraiti kurort kimi qəbul etmək mümkün deyil. Ancaq bu, onda normal həyatın olması üçün yetərlidir. Yerin əkizi bizdən o qədər uzaqdır ki, indiki kosmik sürətlə oraya uçub getmək və geriyə qayıtmaq üçün bəşər övladına azı 100-120 il lazım gələcək.
Bütün bunlara baxmayaraq, dünyanın tanınmış astronomlarının böyük əksəriyyəti "581 g" ekzoplanetində canlı həyatın olması fikrində yekdillik nümayiş etdirirlər. Amma adıçəkilən ekzoplanetdə həyatın olması orada bizim təsəvvür etdiyimiz ağıllı məxluqların mövcud ola bilməsinin təsdiqi anlamına gəlmir. Məsələnin bu tərəfinə diqqəti cəlb edən Karneqi İnstiututunun əməkdaşı Pol Batler: "Bizim üçün Yerin əkizlərində həyatın olması heç də orada ağıllı məxluqların mövcudluğunu təsdiq etməmiz kimi başa düşülməməlidir. Əsas məsələ budur ki, orada aşkar ediləcək birhüceyrəli bakteriya və ya kif bakteriyaları Yerdəki həyatın necə yaranması barədəki təsəvvürlərimizi dəyişə bilər",- deyib.
Yeri gəlmişkən, onu da xatırladaq ki, Qlize 581 ulduzlar sistemində hələ 2007-ci ildə də Yerin əkizi olan iki ekzoplanet aşkar edilmişdi. Onlar müvafiq olaraq, "c" və "d" adlandırılmışdı. Lakin onlardan biri Yerdən 5, digər isə 7 dəfə ağır idi. Üstəlik onlar canlı həyatın mövcud olması üçün uyğun sayılan zonanın kənarında yerləşmişdilər. Yer baxımından məsələyə yanaşanda "G" və "D" Mars və Veneranın mövqeyində hesab edilirlər. "G" ekzoplaneti də Yer kimi adıçəkilən planetlərin ortasında yerləşir və bu da ondan canlı həyatın mövcud olması barədəki ehtimalları daha da artırır. Bu baxımdan Qlize 581 ulduzlar sistemi bizim Günəş sistemimizi xatırladır. Ancaq, hələlik, astronomlar onda cəmi 6 planet aşkar ediblər.
Digər tərəfdən də, maraqlıdır: Qlize 581 ulduzlar sistemində həyat olduğu təqdirdə, oradakı bizəbənzər ağıllı varlıqlar necə təsir bağışlaya bilərdilər? Astronomların ehtimallarına görə, onlar çox güman ki, bizdən xeyli hündürboylu, simaca gözəl və çəkicə 5-6 dəfə ağır, əsl idmançı bədənli, şiş əzələli ola bilərdilər. Çünki "G" qravitasiya baxımından planetimizdən üc dəfə ağırdır.
Bununla əlaqədar Cenevrə Rəsədxanasının Avropa Tədqiqatlar Mərkəzinin rəhbəri Stefan Udri deyir ki, planetimizlə müqayisədə "G" Qırmızı Cırtdan adı verilən planetdən daha az günəş şualanması alsa da, sonuncunun diametri Günəşinkindən 10 dəfə böyükdür: "Yəni onun - Qırmızı Cırtdanın əhatə etdiyi ulduzlar sistemində həyat mənbəyinin yaranması Günəşlə müqayisədə 10 dəfə çoxdur. Ona görə də biz artıq qlizelilərlə əlaqə yaratmağa çalışırıq".
Qlize 581-də həyatın olması ehtimalının ortaya çıxması Rusiya və Ukraynadan olan astronomların da diqqətini özünə cəlb etmişdi. Bu tapıntıdan ruhlanan rus və ukraynalı astronomlar digər ölkələrdən olan astronomları qabaqlamaq qərarına gəldilər. Onlar 2007-ci ildə Krımdakı Ukrayna Elmlər Akademiyasına məxsus çox güclü radioteleskopdan Qlize 581-ə radiosiqnallar göndərdilər. Radiosiqnallarda "idrak qardaşlarımızı salamlayırıq" deyilir. Bu siqnallar öz ünvanına ancaq 2028-ci ildə gedib çatacaq. Əgər oradan bu radiosiqnallara dərhal cavab versələr, bu informasiya bizə təxminən 2049-cu ildə gəlib çatacaq.
Yeri gəlmişkən, qeyd edək ki, guya hələ 2008-ci ildə Qlizedəki idrak qardaşlarımızın bizə ünvanladığı radiosiqnallar aşkar edilib. Bununla bağlı məsələyə diqqəti cəlb edən Qərbi Sidney (Avstraliya) Universitetinin astronomu, yerdənkənar planetlərdə sivilizasiyanın axtarışı ilə məşğul olan SETİ proqramının əməkdaşı Raqbir Batal insan oğlunun kainatda yeganə ağıllı məxluq olmadığını deyir. Buna sübut kimi 2008-ci ilin dekabr ayında Qlizedən qəribə radiosiqnal aldıqlarını göstərən Batal Böyük Britaniya qəzetlərinə verdiyi müsahibələrində: "Siqnal çox parlaq idi. Sanki bir andaca lazer şüalanmasına oxşar kiçik partlayışlar baş verdi. Yerdə lazer şüalarından istifadə etməklə ulduzlara radio siqnal göndərilməsi işinə indi başlanılıb. Bunun həyata keçirilməsi digər ulduzlara göndərilən radiosiqnalların daha tez və qısa müddətdə müəyyən edilmiş ünvana çatmasına imkan verəcək. Amma bunun üçün böyük gücə malik olan lazer mərkəzi lazımdır", - deyib.
Yeri gəlmişkən xatırladaq ki, Qlize ulduzlar sistemindəki 581 g-də həyatın olması barədə ehtimal bundan iki il sonra - 2010-cu ildə gündəmə gəldi. Yəni Qlizedə hansısa sivilizasiyanın olması ehtimalı kifayət qədər məntiqli və ağlabatan görünür.
Qlizedən gələn radiosiqnala gəlincə, onun barəsində az sonra unutdular. Çünki bunun ardınca səbirsizliklə gözlənilən ikinci radiosiqnal gəlmədi. Amma bu gün SETİ əməkdaşları Qlizedən yeni radiosiqnallar gözləməkdədirlər. Onların fikrincə, artıq növbəti siqnal onlar üçün Qlizedə yüksək sivilizasiyaya malik ağıllı məxluqların yaşadığını sübut etmək və onlarla əlaqəyə girmək üçün yetərli olacaq. Bu məqsədlə SETİ əməkdaşları kosmosdan qəbul ediləcək radiosiqnalların şifrəsinin açılması üçün xüsusi proqram da tərtib ediblər.
Həyat yalnız Yerdə deyil
Hələ XVI əsrdə böyük alim, monax və yazıçı Cordano Bruno yazırdı: "Həyat yalnız Yerdə deyil, digər planetlərdə də geniş yayılıb. Amma o planetlərdəki həyat şəraitə uyğun olaraq, müxtəlif formalardadır. Hansısa planetdə canlı varsa, hökmən müəyyən müddətdən sonra orada ağıllı məxluqlar meydana çıxacaqlar. Çünki canlıların təkamülü prosesi zamanı ağıllı məxluqların, varlıqların meydana çıxması qaçılmazdır. Bu baxımdan digər planetlərdəki həyat da Yerdəkindən fərqli ola bilər. Ona görə də aydın məsələdir ki, oradakı ağıllı məxluqlar da bizə bənzəməyəcək, inkişaf səviyyəsinə görə hətta bizləri qabaqlamış olacaqlar. Axı kainat sonsuzdur və onda müxtəlif formalarda həyatın olması üçün şərait də var. Bu sadə həqiqəti ancaq ağılsızlar və təkamül prosesindən bixəbər savadsızlar anlaya bilməzlər".
Onun bu uzaqgörənliklə söylədiyi fikirlər günümüzdə öz təsdiqini tapmaqdadır. Məsələn, bir müddət bundan əvvəl tanınmış ingilis alimi və bioloqu Frensis Krik tərəfindən DNT molekulunun ikiqat spiralvari forması müəyyən edilib. Krikin sözlərinə görə, bu tapıntı ona bütün canlıların genetik kodunun eyni olduğu qənaətinə gəlməyə imkan verib. Krik deyir: "Bu onu göstərir ki, Yerə həyatın digər planetlərdən də gətirilməsi mümkündür. Məsələn, Yerin səthinə hansısa planetdən düşünülmüş şəkildə gətirilən və ya təsadüf nəticəsində ora düşən mikroorqanizmlər burada həyatın əmələ gəlməsində önəmli rol oynaya bilərdilər".
Krik hətta daha da uzağa gedərək, Yerdəki həyatın digər planetlərdəki daha yüksək sivilizasiyalı varlıqlar tərəfindən daim nəzarət altında saxlandığını istisna etmədiyini deyir. Yerdənkənar planetlərdəki ağıllı varlıqlar görəsən zahirən necədirlər? Bu suala yuxarıda cavab verməyə cəhd etdik. Məsələyə münasibət astronomlar arasında da fərqlidir. Məsələn, NASA əməkdaşlarının fikrincə, hansı planetdə cazibə qüvvəsi çoxdursa, orada sürünən canlılardan danışmaq olar. Amma cazibə qüvvəsi daha az olan planetlərdəki canlı varlıqlar onun səthində az qala uça-uça hərəkət edəcəklər. Üstəlik, oradakı canlılar, ağıllı varlıqlar da pəhləvan kimi hündürboylu, zahirən də çox gözəl olacaqlar. Amma bütün bunlar ancaq ehtimallardır. Biz ancaq yerdənkənar sivilizasiyanın insanlarının zahirən necə olduqlarını, insanlara, həqiqətən də, bənzəyib-bənzəmədiklərini yalnız onlarla əlaqəyə girəndən sonra biləcəyik.
Tədqiqatlar davam edir
Müəyyən şübhələrin mövcud olmasına baxmayaraq, yerdənkənar sivilizasiyaların axtarışları davam edir. Hazırda astronomlar tərəfindən canlı həyatın ola bilməsi ehtimal edilən bu cür 5000 ulduzun siyahısı tərtib edilib. Onlardan həyatın olması daha çox ehtimal edilən 30-u hazırda əsas tədqiqat obyektinə çevrilib. Bu müstəvidə də Qlize ulduzlar sistemi yenə də diqqət mərkəzində qalmaqda davam edir. NASA 2013-cü ildə Qlize istiqamətində iki avtomatik stansiyadan ibarət TPF kompleks tipli kosmik gəmi göndərməyi qərara alıb. 2014-cü ildə alimlər qəti şəkildə müəyyən edə biləcəklər ki, Qlize 581 g yaşamaq üçün yararlıdır ya yox. Bu məqsədlə orbitə güclü "Ceyms Uebb" (James Webb Space Telescope, JWST) kosmik teleskopunu çıxarmaq qərara alınıb.
Vaşinqton ştatındakı Sietl Şəhər Universitetinin astronomu Tayler Robinson deyir: "Teleskop vasitəsilə Qlizedə həyatın olub- olmamasına müəyyən qədər aydınlıq gətirə biləcəyik. Bundan əlavə, bu teleskop vasitəsilə hansısa sivilizasiyadan göndərilən siqnalları da aşkar etməyə ümid edirik. Bu teleskopla həm də tədqiqat obyektində okeanların, suyun olub-olmamasını da müəyyən edə biləcəyik. Vaxtilə bu yolla Saturnun peyki olan Titanda metandan ibarət qatı okeanın olduğunu müəyyən etmişik. Qlize 581 g-nin səthində suyun olub-olmamasına da teleskopla apardığımız müşahidə və xüsusi analiz yolu ilə aydınlıq gətirəcəyik. Belə ki, infraqırmızı diapazonda uzaq planetdəki yarpaqları, otlara xüsusi rəng verən xlorofili aydın müəyyən etmək olur".
2015-ci ildə isə ekzoplanetlərin tədqiqi məqsədilə Fransa Qvineyasındakı Kuru Kosmodromundan "Soyuz-Freqat" kosmik gəmisi yerətrafı orbitə göndəriləcək. Avropa Kosmik Tədqiqatlar Agentliyi bu layihəyə "Darvin" adı verib.
Yalnız yarım əsrdən sonra Günəş sistemindən kənardakı ulduzlar sistemini, o cümlədən ekzoplanetləri tədqiq etmək məqsədi ilə Yerdən 1,5 milyon kilometr məsafədə orbitə diametri 3-5 metr olacaq 3 teleskopun çıxarılması mümkün olacaq. Onlar yerdənkənar sivilizasiyalar barədə əsl həqiqətlərin aşkar edilməsində bizə yardım edəcəklər.
"Zaman Azərbaycan"
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Uzaq planetlərdəki həyat: kosmik qardaşlarımız bizə bənzəyirlərmi?
10 Aprel 2011 10:31
Baxış: 481

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Keçmiş əri Röyayla tanışlıq hekayəsini danışdı: “Qohumumuzun ad günündə...” - VİDEO
-
İlham Əliyev 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib - FOTO
-
Günün qoroskopu: Duyğularınızı açıq bildirmək müsbət nəticə verə bilər
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
-
Ukrayna Avropadan asılı duruma düşüb: Müharibə uzanacaq?
-
Arda Turan "Şaxtyor"un baş məşqçisi təyin olundu
-
Qumral reklam qiymətini açıqladı - VİDEO
-
Atalara 14 günlük məzuniyyət hüququ veriləcək?
-
Vasif Məhərrəmli özünə toy kimi ad günü etdi - VİDEO
-
Hakan Fidan Moskvadan sonra Kiyevə gedəcək
-
İlham Əliyevin sosial media hesablarında Laçın sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Sosial mediadakı populyar oyun 19 yaşlı gəncin həyatına son qoydu
-
Millimiz 1/4 finalda! - VİDEO
-
Baş rol aktyoru "Bahar"ı tərk edir - FOTO
-
Laçın kanatı belə olacaq - FOTO
-
Müharibənin taleyi Putinə qaldı
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
İlham Əliyevlə gözəl Laçın şəhərində görüşməkdən şərəf duydum - Şahbaz Şərif
-
Məhkəmə Hüseynlə bağlı qərar verdi
-
Azərbaycanda yeni meyvə və tərəvəzlər yetişdirilir: Bu fermerlərə 15 min ayrılacaq
-
Musleradan sonra "Qalatasaray"ın yeni kapitanı bəlli oldu - FOTO
-
Anasının məzarından FOTOlarını paylaşdı
-
Portuqaliya Prezidenti İlham Əliyevi təbrik edib
-
"VİA Qra" qrupu fəaliyyətini dayandırdı