Cəmiyyət

Çay süfrələrinin bəzəyi - Quba paxlavası - FOTO

22 Mart 2016 23:47
21 Şərh     Baxış: 11 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkəmizin böyük turizm potensiallı rayonlarından olan Quba həm də özünəməxsus şirniyyatları ilə tanınır. Bu şirniyyatlar arasında ən çox seviləni paxlava və bükmədir. Yay mövsümündə rayona gələn hər bir turist mütləq Quba paxlavasının dadına baxır.

20 ilə yaxındır paxlavaçılıqla məşğul olan Rüstəm Mirzəyev AZƏRTAC-a müsahibəsində bu şirniyyatın hazırlanmasının uzun, amma zövqlü bir proses olduğunu söyləyib. Gün ərzində xeyli sifariş alan şirniyyatçı müştəri sarıdan da korluq çəkmədiklərini bildirib.

O, paxlavanın hazırlanma qaydasını belə izah edib: "Prosesinə ilk olaraq ərişdə adlanan paxlava laylarının hazırlanması ilə başlanılır. Bundan sonra təxminən 50-yə yaxın ərişdə mis siniyə üyüdülmüş qoz ləpəsi ilə birlikdə düzülür. Ardınca ərişdələr paxlava formasında səliqə ilə doğranaraq üzərinə zəfəranlı boya çəkilir. Paxlavanın estetik görünüşlü olması üçün üzərinə qoz ləpəsi qoyulur. Bundan sonra paxlava sabit temperatur altında 20-30 dəqiqə müddətində bişirilir. Hazırlanma prosesi paxlavanın üzərinə qaynar şərbətin tökülməsi ilə yekunlaşır".

Rüstəm Mirzəyev Quba paxlavasının rayonun simvollarından birinə çevrildiyini bildirib. Kimsə rayona gələrsə ona bu şirniyyat təqdim olunur, qubalılar qonaq gedəndə özləri ilə paxlava hədiyyə aparırlar. Bundan başqa qonşu ölkələrdə yaşayan həmvətənlərimiz də bayram günləri üçün paxlava sifariş verirlər. Quba paxlavası çay süfrələrinin də əsas bəzəyidir.

Paxlavanın romb formasında olan bir dilimi alıcılara 50 qəpiyə təklif olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.