Ötən gün Ermənistanın tanınmış ictimai xadimi, yazıçısı Zori Balayan 81 yaşını qeyd edib. 1935-ci il fevralın 10-da Azərbaycanın Xankəndi şəhərində anadan olan Balayan 80-ci illərin sonunda Dağlıq Qarabağda başlayan etnik qarşıdurmaları öz əsərləri ilə qızışdıran millətçi ideoloq kimi də tanınır.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bir vaxtlar Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi Balayan bir neçə gün öncə Moskvada 8 cildlik əsərlər toplusunun təqdimatını keçirib.
Maraqlıdır ki, tədbir şəhərin İncəsənət İşçiləri Sarayında keçirilib. Rusiya Yazıçılar Birliyi, Rusiya Jurnalistlər Birliyi, "Literaturnaya Qazeta" və "Bədii Ədəbiyyat" federal nəşriyyat evinin təşkilatçlığı ilə baş tutan mərasimdə Balayanın karyerası ərzində yazdığı məqalər, reportajlar, o cümlədən "Ocaq" əsərinin daxil olduğu kitablar təqdim edilib.
"Ocaq" əsəri bütövlükdə Azərbaycan əleyhinə yönəlib. 1980-ci illərin əvvəllərində yazılan "Ocaq" əsəri bir il sonra kitab şəklində nəşr olunub. Bu kitabda Zori Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edib. Həmçinin, kitabda Balayan türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib.
Mərasimdə Rusiya və Ermənistanın tanınmış ictimai-siyasi və ədəbiyyat xadimləri iştirak ediblər.
Zori Balayan 1999-cu ildə Azərbaycan Baş Prokurorluğu tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmişdi. O, 1994-cü il iyulun 3-də Bakı metrosunun "28 May" və "Gənclik" stansiyaları arasında baş verən partlayışın təşkilatçısı kimi tanınırdı. Həmin terror aktı zamanı 13 nəfər həlak olmuş, 42 nəfər isə xəsarət almışdı.
2001-ci ildə İnterpol Azərbaycanın müraciətində siyasi motivlərin üstünlük təşkil etməsi səbəbindən Balaynın adını axtarış siyahısından çıxarmışdı. 2005-ci ildə İtaliyanın Brandizi şəhərində saxlanılan erməni yazıçısı 5 saat davam edən dindirilmədən sonra azadlığa buraxılmışdı.
Milli.Az