Cəmiyyət

Qara rəngin vahiməsi: sirli "şeytan rəngi"nə niyə bürünürük?

4 Mart 2011 09:00
Baxış: 2 493
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dəb xatirinə qaraya üstünlük verənlər bunları bilirlərmi?

"Görəsən, bu gün nə geyinim"? Bu, hər gün səhər yuxudan duran hər bir qadını düşündürən ən aktual suallardan biridir. Sözsüz ki, hər bir qadın gözəl görünmək istəyir və bunun üçün müxtəlif üsullara əl atır. Bu yerdə məşhur bir deyim də yada düşür: "Gözəllik ondur, doqquzu dondur". Kimi gözəl görünməyi al-əlvan geyimlərdə, kimi bəzək əşyalarında, kimi də qara libaslarda görür. Ancaq sonuncu geyim üslubuna üstünlük verənlərin sayı daha çoxdur. Heç uzağa getməyək. Bu gün paytaxt küçələrinə nəzər salmaq kifayətdir ki, bunun şahidi olasan. Yaşlı qadınlarla yanaşı, gənc xanımlar da qara geyimlərə daha çox üstünlük verirlər. Paytaxt ərazisində apardığımız müşahidə zamanı bunun əyani şahidi olduq.
 
Qış mövsümü olması ilə əlaqədar demək olar, şəhər əhlinin əksəriyyəti qara rəngli üst geyimi geyinir. Çox nadir hallarda hansısa gənc qızı və ya qadını al rəngli geyimdə görmək olar. Kişilərin də əksəriyyəti tünd rənglərə üstünlük verirlər.

Qara rəngə sevginin səbəbləri

Bu suala cavabı elə şəhər əhlinin dilindən eşitmək istədik. BDU-nin 3-cü kurs tələbəsi Aytən Qurbanovanin geyimində qara rəngin üstünlük təşkil etdiyini görüb, səbəbini soruşuruq. Aytən qara geyimə üstünlük verməsinin səbəbini bu rəngi sevməsi ilə izah etdi: "Düşünürəm ki, qara rəng mənə çox yaraşır. Bu rəng insanı çox eleqant və hökmlü göstərir. Çoxları qara rəngdə geyinməyin pis aura yaratdığını, bədbinlik gətirdiyini düşünür. Valideynlərim də gənc bir qız olduğum üçün daha əlvan rənglərə üstünlük verməyimi məsləhət görürlər. Ancaq mən bu cür inanclara inanmıram və geyimlərimin əksəriyyətini qara rəngdə alıram".

"Mən gecənin rəmzi olan qara rəngi çox sevirəm. Bu geyimdə özümü daha rahat hiss eirəm. Yay paltarlarımın arasında digər rənglərdə olanları da var. Ancaq qışda başqa rəngdə geyim almıram". Bu sözləri isə, paytaxt sakini Samirə Abbasova söylədi. 35 yaşlı Samirə xanımın dediyinə görə, qara çox sakit rəng olduğundan insan bu rəngli paltarlarda sərbəst hərəkət edir: "Bu rəngdə geyim ətrafdakıların diqqətini cəlb etmir, bu da insanda arxayınlıq hissi yaradır. Ümumiyyətlə, hesab edirəm ki, qara rəng hamıya yaraşır. Həm də qara rəngin həmahəngliyi digər bütün rənglərlə uyğun gəlir. Ona görə də, bu rəngsiz keçinmək mümkün deyil. Başqa rəngdə paltar geyinəndə belə, mütləq qara rəngdə bir aksessuardan istifadə etməyə məcbursan".

Qara rəng bədbinlik yaradır?

22 yaşlı Zöhrə isə hesab edir ki, qara rəngli geyimə əsasən təkliyə meyilli olanlar, bütün insanlardan seçilmək istəyənlər üstünlük verirlər: "Bu rəngdə geyimlər insanda daha da bədbinlik yaradır və vəziyyəti ağırlaşdırır. Mən qaranı sevmirəm. Belə geyinən insanların hər zaman bədbin, həyatdan narazı olduqlarını görmüşəm".
Apardığımız müşahidələr zamanı belə bir qənaətə də gəldik ki, qara rəngdən daha çox dolu bədən quruluşuna malik olan insanlar istifadə edirlər. Kök qadınlar düşünürlər ki, qara geyim onları daha yaraşıqlı və arıq göstərir.

42 yaşlı Nərgiz Salmanovanın dediyinə görə, 88 kilo çəkisi var və artıq çəkisini gizlətmək məqsədilə qara rəngli geyimlərə üstünlük verir: "Əvvələr ağ, mavi və ya yaşıl rəngdə geyimlərdən də istifadə edirdim. Bu zaman ətrafdakıların reaksiyasından anlayırdım ki, çəkim daha qabarıq görünür. Ancaq qara geyimlərdə bu cür münasibətlə üzləşmirəm. Ona görə də son 5 ildə bütün geyimlərimi yalnız qara rəngdə alıram və özümü çox rahat hiss edirəm. Bəzən, yaxınlarım qara rəngin gözümün altındakı kölgələri daha qabarıq göstərdiyini və üzümə yaraşmadığını deyirlər. Buna baxmayaraq, qara geyimdən imtina etməyi düşünmürəm".
Yolüstü bir necə ticarət mərkəzinə də baş çəkdik. Bu gün geyim mağazalarında satılan geyimlərin də böyük əksəriyyətini qara rəngli paltarlar təşkil edir. Satıcılar qara və ümumiyyətlə, tünd rəngli geyimlərə tələbat olduğunu deyirlər: "Çavan qızlar hazırda daha çox qara rəngli koftalara, üst geyimlərinə və gecə qiyafələrinə üstünlük verirlər. Qara cinslərə də təlabat çoxdur".   

Kök qadınların xilas yolu...

Modelyer Gülnarə Xəlilova isə bildirdi ki, insanın secdiyi geyimin rəngi, forması, özu, onun xasiyyətindən və zövqündən xəbər verir: "Geyim seçərkən modanın pesəkarları ilə məshətləşmək yaxşı olar. Bu sahənin mütəxəssisləri insana fərdiliyini qorumaga kömək edir. Qara paltarlara gəldikdə isə, deyim ki, bu rəngə olan geyimlərə gecə qiyafətlərində üstünlük vermək yaxşı olar. Çünki, qara gecə paltarı arıq və incə görünmək ücün yaxsı  secimdir. Əgər toylara, hər hansı bir əyləncəyə, is yeməyinə və yа bir ziyаfətə nə geyinməkdə cətinlik cəkirsinizsə, onda qara gecə paltarı, qara ayaqqabı və qara əl cantası köməyinizə gələ bilər. Ancaq nisanda və digər bu kimi məclislərdə qara geyinmək məsləhət görülmür. Qara rəng butun rənglərə uygunlasa bildiyi üçün ondan düzgün istifadə etdikdə effektli nəticə əldə etmək olar. Məsələn qara geyiminizin üzərinə yasıl qasları olan bir yaxalıq taxsanız, gözəl effekt ala bilərsiniz".
Mütəxəssis qara paltarın kök qadınların xilas yolu olduğunu da dedi: "Kök xanımlar üstünlüyü müxtəlif kostyumlara verməlidirlər. Onların paltar geyinməsi məsləhət deyil. Kök bədən quruluşuna malik xanımların geyimlərinin üzərində çoxlu sayda tikişlər, müxtəlif aksessuarlar olmalıdır ki, kənardan baxanın diqqəti bədənin geyimdən çıxan artıq hissələrindən yayınsın. Dolu xanımlar rəngli paltar seçdikdə isə, paltarın üzərindəki dioqonal xəttlərin olmasına üstünlük verməlidirlər. Horizontal xəttlər kök qadının çəkisini birə-beş artıra bilər. Paltardakı qatlar, göy, qəhvəyi rənglər də defektləri üzə çıxarır. Bir sözlə, kök xanımların ideal görünməsi üçün ən ideal geyim qara rəngli kostyumlardır".

Şeytanın rəngi
 
Mövzu ilə bağlı apardığımız araşdırma zamanı qəribə faktlar da əldə etdik. Sən demə, qara rəngin öz simvolik mənaları və rəmzləri varmış. Yəqin ki, çoxları qara rəngin şeytan rəngi hesab edildiyini və bu rəngdən daha çox vahimə yaratmaq üçün istifadə olunduğunu bilmir. Fikir verin: falçıların, cadugərlərin ən çox sevdiyi rəng qaradır. Onlar bu geyimlə özlərini daha təsirli və sirli göstərməyə çalışırlar. Qara, həmçinin ölüm rəngi hesab olunur. Yası düşən insanlar bu mərasimlərdə bütünlüklə qara geyinməklə daxillərindəki iztirabı, ağrı-acını nümayiş etdirirlər.
 
Balzakın maraqlı bir qeydi var: "Qara geyimi əsasən, həkimlər, dindarlar və hüquqşünaslar sevirlər. Bu peşə sahiblərinin hamısı insanlarla ünsiyyətdə olurlar və qara geyimə üstünlük vermələrinin səbəbi özlərini daha məlumatlı göstərmək istəyindən irəli gəlir".
 
Qara rəngə üstünlüyü, sən demə, həm də Black Metal müsiqisinin pərəştişkarları verirlər. "Black Metal" sözünün mənası elə qara metal olduğundan, bu musiqini sevənlərin hamısı qara geyimdə olur.
Qədim Misirdə isə, bu rəng yenidən doğulmanın rəmzi sayılırdı. Bu isə o deməkdir ki, hər bir qara gecənin işıqlı bir gündüzü var. Qaranı ölümsüzlük simvolu sayanlar da az deyil. Ancaq hər şeydən öz həddini aşmamaq şərti ilə istifadə etmək daha gözəl nəticə verir. Ona görə də, rəng seçərkən bütün bu məqamları nəzərə alıb seçim edin ki, yanılmayasanız.

Mirvari
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.